Məhkəmə qərarları › İş №2(067)-1113/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1113/2022

01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1113/2022 01.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh «Azərsu ASC» Xaçmaz Sukanal sahəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «Azərsu ASC»-yə qarşı borcun silinməsi tələbinə dair iddia üzrə mülki işə 01 iyun 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 300 manat məbləğində pulun abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ona məxsus 1 mərtəbəli yaşayış evi vardır. Yaşayış evinin yerləşdiyi 400 kv.metr torpaq sahəsi qanuni əsaslarla əldə edilmişdir. Həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evinə mülkiyyət sənədi almamışdır. Yaşayış evinə bütün kommunikasiya xətləri mövcuddur. Xaçmaz şəhərində su-kanal xətləri yenilənərək quraşdırılarkən onun həyətinə də su xətti çəkilmiş, sayğac quraşdırılmış, lakin su xətti qoşulmamışdır. İstifadə etdiyi su əvvəllər mövcud olan su xətti (kaçalka) vasitəsi ilə əldə edilən sudur. Bununla belə ünvanına xəbərdarlıq və hesab faktura daxil olanda bilmişdir ki, 15.02.2022-ci il tarixə suya görə 300 manat vəsait hesablanmışdır. Hesab fakturada həmin məbləğ qalıq borc kimi göstərilmişdir. Cavabdeh tərəfindən çəkilən su xəttindən istifadə etmir. 300 manat məbləğində hesablanmış vəsait əsassız hesablanmışdır. İş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 300 manat pul məbləğinin 290,68 manatı abonentin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iş üzrə iddia müddətini, yəni 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsini tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi 24 fevral 2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı sudan istifadə etməsinə görə 2017-ci ilədək 290,68 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-384-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehdən yaranmış borc məbləğini 2020-ci ilin dekabr ayınadək tələb etmək hüququ olmuş, iddiaçı bunu etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti üç il olduğundan, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, həmçinin iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «Azərsu ASC»-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar