Məhkəmə qərarları › İş №2(067)-114/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-114/2024

04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-114/2024 04.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış Bank Respublika ASC-də olan 9000 manat əmanətə münasibətdə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar əmlakına vərəsəlik açılmışdır. Vəfat etməmişdən öncə 10 avqust 2016-cı ildə notarial qaydada təsdiqlənmiş vəsiyətnamə ilə bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq ona vəsiyət etmiş və qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Mərhum atasından miras qalmış, Bank Respublika ASC-yə qoyduğu 9000 manat əmanətlə əlaqədar mirası adına rəsmiləşdirmək üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Mirasdan pay istəyən miras qoyanın nəvəsi Cavabdeh mübahisə yaratdığına görə notariusun 12 aprel 2022-ci il tarixli, 184 nömrəli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhumun 1 növbəli vərəsələrindən anası X8 xx.xx.2019-cu ildə, cavabdehin atası X2 xx.xx.2011-ci ildə vəfat etmişdir. Digər İ növbəli vərəsələr Nümayəndə və X6 hər ikisi notarial qaydada təsdiqlənmiş ərizələri ilə mirasdan, o cümlədən məcburi paydan onun xeyrinə imtina etmişlər. Mirasdan məcburi pay almalı olan cavabdehin atası X2 xx.xx.2021-ci ildə vəfat etmişdir, onun övladı olan cavabdeh mirasın qəbulu ilə əlaqədar qanunda nəzərdə tutulan qaydada və müddətdə mirası qəbul etməmişdir. O isə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə vəsiyət üzrə mirası adına rəsmiləşdirmək üçün notariat orqanına müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh bacısıdır. Şirinbala və Leyfə valideynləridir. Atası Şirinbala 2021-ci ildə, anası Leyfə isə 2019-cu ildə vəfat etmişlər. Onlar 4 övlad olmuşlar. O və qardaşı Novruz notarial qaydada mirasdan bacısının xeyrinə imtina etmişlər. Qardaşı Fəxrəddin 2011-ci ildə ölmüşdür. Bənövşə, Rauf, Ülkər və Nailə Fəxrəddinin övladlardır. Rauf 2020-ci ildə şəhid olub. Bankdakı pul atası Şirinbalanın puludur. O, pulu 2019-cu ildə depozitə qoyub. Atası bacısının adına vəsiyyətnamə qoyub. Miras əmlakı faktiki olaraq bacısı idarə edir, evdə o yaşayır, evin bütün kommunal xərclərini də o ödəyir. Bank Respublika ASC-nin Xaçmaz filialında atasının hazırda 10192,50 manat pul vəsaiti var. Həmin məbləğ banka qoyulmuş pulun faizləri ilə birlikdə hesablanmışdır. İş üzrə cavabdeh məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə işin prosessual vəziyyətini və müddətini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bank Respublika ASC-də olan əmanətə münasibətdə mirasın vəsiyyət üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X8 xx.xx.2019-cu ildə, X7 xx.xx.2021-ci ildə vəfat etmişlər. İş materiallarında olan 10 avqust 2016-cı ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X7 ölən günədək özünə məxsus olan bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq qızı İddiaçı vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan X7 ilə Bank Respublika ASC-nin Xaçmaz filialı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 653057 saylı Kompleks Bank Xidməti Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, X7 18 ay müddətinə 9000 manat məbləğində pulu əmanət qoymuşdur. İş materiallarında olan Bank Respublika ASC-nin Xaçmaz filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 013/123 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 “Bank Respublika” Xaçmaz filialında 10192.5 manat vəsait mövcuddur. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən müəyyən olunur ki, Nümayəndə və X6 hər ikisi ataları X7 xx.xx.2021-ci ildə vəfatından sonra miras qalmış onlara çatası paydan və məcburi pay hüququndan bacısı İddiaçı xeyrinə imtina etmişlər. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 224 nömrəli arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 aşağıdakı ailə üzvləri olmuşdur: X8 xx.xx.2019-cu ildə vəfat edib, X2 xx.xx.2011-ci ildə vəfat edib, Nümayəndə, İddiaçı və X6. Vəfatından sonra evi və təsərrüfatı X6 idarə edir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 ölümündən sonra vərəsələri arasında mübahisə mövcud olduğundan, onlara məhkəməyə müracət etməkləri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarını, mülki qanunvericiliyinin sadalanan normalarını və iş materiallarında olan sənədləri müqayisəli şəkildə təhlil edərək, hüquqi mövqeyini belə formalaşdırır ki, iddia tələbi təmin olunmalıdır. İşin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, mərhum X9 2021-ci ildə vəfat edib. Onun arvadı Leyfər isə ondan iki il öncə 2019-cu ildə vəfat edib. Şirinbala və Leyfərin birgə nikahnlardan olan 4 övladdan biri, Fəxrəddin (hazırki cavabdehin atası) 2011-ci ildə yəni atasından öncə vəfat etmişdir. Şirinbala və Leyfərin digər övladları, hazırki iş üzrə iddiaçı Zümrüd və notarial qaydada ərizə ilə Zümrüdün xeyirinə miras paydan imtina edən Natiq və Novruz isə sağdırlar. Mülki Məcəlləsinin 1160-cı maddəsində qeyd edilir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmçinin Mülki Məcəllə irsi transmissiya məsələsini belə tənzimləyir: Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Fəxrəddin Məmmədov atası Şirinbala Məmmədovdan əvvəl öldüyündən, Cavabdeh irsi transmissiya hüququ istisna olunur. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh Mülki Məcəlləsinin normalarına əsasən babası Şirinbaladan miras pay almaq hüququ, habelə irsi transmissiya hüququ mövcud deyil. Belə olan halda, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bank Respublika ASC-də (Xaçmaz filialı) olan əmanətə münasibətdə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bank Respublika ASC-də (Xaçmaz filialı) olan əmanətə münasibətdə mirasın vəsiyyət üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar