Məhkəmə qərarları › İş №2(067)-1147/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1147/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1147/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 27 may 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək X3, X6, X4, X2, X9 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamənin digər ailə üzvləri ilə birlikdə onlara-Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 saylı qərarına əsasən mülkiyyətlərinə 0,20 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə soyadları, adları və ata adları səhv yazılmışdır. Həmin vaxt bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nə müraciət etmiş, lakin şəhadətnamədə səhvə yol verildiyindən müraciətləri mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi və digər ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X3, X6, X4, X2, X9 mülkiyyətinə 0,20 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz RHİB-nın Çinartala İƏD üzrə nümayəndəsinin 14.12.2021-ci il tarixli 632 nömrəli arayışından müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamədə X7 ata adı səhvən Davud kimi, Manafova (Əmrahova) Elvi Elsevər qızı səhvən X1, Ərizəçi1 səhvən X5 qeyd edilib. Əslində adları, soyadları, atalarının adları tam və düzgün olaraq aşağıdakı kimi oxunmalıdır. X10, Manafova (Əmrahova) Elvi Elsevər qızı, Ərizəçi1. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi1 və Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamədə adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 17.12.2021-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin 05.05.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X4 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 05.05.2022-ci il tarixədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1. X10, 2. Manafova (Əmrahova) Elvi Elsevər qızı, 3. Ərizəçi1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçilərin ata adında, adında və soyadında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,20 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 088F saylı 30213068 kodlu şəhadətnamənin «şəhadətnamədə adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi1 və Manafova (Əmrahova) Elvi Elsevər qızına da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar