Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1168/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 və mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji Məsələlərini X7 filialının nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh İB-nin Xaçmaz rayon qaz idarəsi tərəfindən aparılmış yoxlama nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış 3991.68 manat cərimənin azaldılması və ona yazılmış ziyanın yenidən baxılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz regional qaz istismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində onun mənzili olan küçədə yoxlama aparılan zaman qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir. Belə ki, ******* saylı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən ünvanına 3991 manat 68 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Guya ki, bu hesablama itirilmiş qazın bərpası deməkdir. Ancaq akta əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirlmiş qazın bərpası üçün hesabat aparılsın” Onun bir gün ərzində 92 m3 qaz istehlak etməsi (tələbnamənin hesabatına əsasən ay ərzində 2772 m3 təşkil edir) absurd və gülünc bir məsələdir. O, öz vəzifə öhdəliklərini vətən və dövlət qarşısında laiqincə yerinə yetirmiş bir Azərbaycan Respublikası vətəndaşı olaraq bildirir ki, qaz xəttinə cari ilin noyabr ayının 10-da qeyri-qanuni olaraq qoşulmuşdur. Buna da səbəb odur ki, ünvanına ödənişli smart tipli qaz sayğacı quraşdırıblar. Odur ki, karta ödəniş etməsə evdə qaz olmur. Amma hal-hazırda heç bir yerdə işləmir və ona görə də smart sayğaca ödəniş etməkdə çətinlik çəkir. O, övladlarının qarşısında qaz puluna görə aciz qalmaqdan utanır. Odur ki, bu yola əl atmışdır. Yaşadığı ərazidə xx.xx.2023-cü il tarixində qaz təchizatı idarə tərəfindən profilaktik tədbirlər çərçivəsində dayandırılmışdır. O, da həmin gün qaz xəttinə qeyri-qanuni qoşulmuş və evində 3 gözlü qaz pilətəsindən və radiator peçindən istifadə etmişdir. Xahiş edir ki, ona yazılmış dəymiş ziyana yenidən baxılması üçün köməklik edilsin və xx.xx.2022-cü il və xx.xx.2022-cü il tarixləri ərzində bir 3 gözlü qaz plitəsinin və radiator peçinin işlədə biləcəyi qaz sərfinin hesablanması üçün göstəriş verilsin. İdarə işçiləri mənzilinə əvvəlcə icazəsiz daxil olmuşlar, sonra isə ailə üzvləri, övladı və həyat yoldaşı həyətə düşərək onların həyətyanı sahəyə icazəsiz nə üçün daxil olduqlarını soruşmuşlar. Bu zaman isə onlar hədə-qorxu gələrək qeyri-qanuni qazdan istifadə istifadə etdiklərini demişlər. Həyat yoldaşı qorxuya düşdüyü üçün dərhal ona zəng vurmuş və o, həmin gün rayonda olmadığı üçün özü evə gələ bilməmişdir. İdarə işçiləri bunu fürsət bilib onun üçün 3991 manat 68 qəpik cərimə tətbiq etmişlər. Amma o, vicdanlı bir vətəndaş kimi etdiyi əməli qəbul edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, Xaçmaz RQİİ-nin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə onun mənzili olan küçədə yoxlama aparılan zaman qaz sayğacından qanunsuz olaraq çəkdiyi kənar xətt aşkar edilmişdir. 09.12.022-ci il tarixli qüsur aktına əsasən ünvanına 3991.68 manat dəymiş ziyan hesablanmışdır. O, qaz xəttinə 2022-ci ilin noyabr ayının 10-da qoşulmuşdur. Buna səbəb ünvanına ödənişli smart tipli qaz sayğacı quraşdırılması ilə bağlı karta ödəniş etmədikdə evdə qaz olmamasıdır. Hazırda heç yerdə işləmir və smart sayğaca ödəniş etməkdə çətinlik çəkir. Qaz sayğacından çəkdiyi kənar qeyri-qanuni qaz xəttindən 2022-ci ilin noyabr ayından dekabr ayına kimi istifadə etmişdir. Qaz sayğacından çəkdiyi kənar xəttin qanunsuz olduğunu bilmişdir, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq kənar xətti çəkmiş və 1 ay istifadə etmişdir. Qaz İdarəsinin əməkdaşları kənar xəttdən istifadə etdiyini dekabr ayında görmüşlər. Qazdan qeyri-qanuni istifadə etməsinə görə 3991.68 manat cərimə olunmuşdur. Lakin hesabat düzgün aparılmamış, cərimə məbləği həddindən artıq çox hesablanmışdır. Qaz sərfiyyatına görə köhnə borcu 830 manat olmuş və hər ay kart vasitəsilə ödənişlər etmiş, həmin ödənişlər borcundan çıxılmışdır. Ödənişlərin yarısı cərimə məbləğindən, yarısı isə istifadə etdiyi qaz sərfiyyatına görə çıxılmışdır. Yazılmış cərimə məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəmdəsi X6 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı qaz sayğacından qanunsuz olaraq kənar xətt çəkmiş və istifadə etmişdir. Bunu qanunsuz istifadə etdiyini bilir və iddiaçı özü də etiraf edir. Ona görə də iddiaçı cərimə olunmuşdur. Yazılmış cəriməni əsaslı hesab edir. Bundan başqa, mütəxəssis rəyi ilə də razı deyildir. Ona görə ki, Mütəxəssis rəyi Nazirlər Kabinetinin qərarından sonrakı normaya istinad edilmişdir. Nazirlər Kabinetinin qərarı 2023-cü ilin iyun ayında qüvvəyə minmişdir. İddiaçının çəkdiyi kənar qaz xətti isə 2022-ci ilin dekabr ayında aşkar edilmişdir. Buna görə də hesab edir ki, Azəriqaz İB-nin əməkdaşları hesablamanı düzgün aparmışlar. Hesablanmış cərimə 12 aydan çox olmayan müddət üçün, 12 saata vurulmaqla hesablanmışdır. Cərimənin məbləği maksimum hesablanmışdır. Mətbəxdə işlənən qaz peçi 1 saat ərzində 08 kub metr qaz istifadə olunur. 08 kub metri 24 saata vurulmaqla hesablanmışdır. Bunu heç kim bilmir ki, kənar çəkilmiş qaz xəttindən gün ərzində neçə saat istifadə olunub. Ona görə sərfiyyat 24 saata vurularaq hesablanıb. Həmçinin bildirmişdir ki, qaz sayğaclarına texniki baxışın keçirilməsi X5 götürülərək Enerji X1 səlahiyyətinə verilmişdir. 2016-cı ildən 2024-cü ilin yanvar ayına qədər Azəriqaz İB-nin əməkdaşlarının sayğaclara baxış keçirmək üçün səlahiyyəti olmamışdır. Hazırki təlimata əsasən qaz sayğaclarının yoxlaması 1 ildə bir dəfə aparılmalıdır. Əvvəlki məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarına ildə bir dəfə baxış keçirilməlidir. Mövsümlə əlaqədar olaraq sayğaca baxış keçirilmiş, vətəndaşın sayğacdan kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Lakin vətəndaş bunu özü də etiraf edir ki, bir ay sayğacdan kənar xətdən istifadə edib. Kənar xəttdən istifadə etdiyi qaz sərfiyyatını hesablamaq üçün 365 gün 24 saata vurularaq hesablanır. Qaz təchizatı haqqında Qanuna əlavə edilmiş 13-cü maddənin 8.1-ci bəndində qeyd edilmişdir ki, əgər qaz sayğacına baxış keçirilməmişdirsə bu zaman son 3 ay müddət hesablanmaqla 12 saata vurulmalıdır. 24 saat su qızdırcısı istifadə oluna bilməz. Qaz plitəsini 0.8 kub metr 12 saata vurularaq, 90 gün hesablanmalı, İran peçini qış mövsümü ilə əlaqədar olaraq yalnız 5 ay müddət istifadə oluna bilər oda 0.8 kub metr 12 saata vurularaq, 150 gün hesablanmalı, su qızdırıcısı isə 2.25 kub metr 12 saata vurularaq 90 gün hesablanmalıdır. Məhkəmə tərəflərin və mütəxəssisin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin iddiaya qarşı etirazından müəyyən olunur ki, cavabdeh iddia tələbini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına xx.xx.2022-ci il tarixində Xaçmaz RQİİ-nin X14 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 09 dekabr 2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 33264 kub.metr və ya 3991.68 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Abonent İddiaçı qeyd olunan faktı iddi ərizəsində də etiraf etmişdir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz, qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz. paylayıcısı tərəfindən pozulmadan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa’’Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”- ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın veriliməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evdə quraşdırılmış avadanlıqlarına uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazııı bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxanda göstərilənlərə görə İddiaçı iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İş materiallarında olan mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X2 20 may 2024-cü il tarixli rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09,12.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 3991.68 manat məbləğində borc (33264 m3) abonentin hesabına daxil edilmişdir.Göründüyü kimi təbii qazın sərfiyyatının aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 24 saat və 360 gün olmaqla hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti tərəflər arasında 2022-ci il tarixdən yarandığından 2022-ci ilin qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X15 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə b.ilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Göründüyü kimi “Azəriqaz" İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı Xaçmaz şəhəri, Məhsəti Gəncəvi küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evində qeyriqanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış qanunvericiliyin tələblərinə əməl edilməmişdir. İşdə olan 09 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, qaz xəttinə baxış keçirən zaman İddiaçı evində qeyri-qanuni qaz xəttinə qoşulma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cəmi 33264 kub.metr itirilmiş qazın bərpası üçün 3991.68 manat cərimə (pul) hesablanmışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 3991.68 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 2 ünvanındakı fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 09 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 568.08 manat olması müəyyən edilmişdir ((2,25x12x90=2430 kub metr, 0.8x12x90=864 kub metr, 0.8x12x150=1440 kub metr x 0,12 manat (tarif) = 568.08 manat)). Belə ki, əgər nəzərə alsaq ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə onlara 6 ayda 1 (bir) dəfədən az olmayaraq baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 24 fevral 2023-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 3997.68 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 568.08 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh .Cavabdeh Xaçmaz X13 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 09 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 3423.60 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X13 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 3423.60 manat borc hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1168/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1168/2024
08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver