Məhkəmə qərarları › İş №2(067)-1251/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1251/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1251/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçıların hüquqlarının müdafiəsi, aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış zərər məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun barəsində tərtib etdiyi AKT-ın ləğv edilməsi və həmin AKT əsasında əsassız hesablanmış 216 manat ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Evinə quraşdırılan qaz sayğacının göstəricilərinə uyğun olaraq həmişə istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. 04.06.2020-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək, evə quraşdırılmış G-4 markalı, ******* saylı qaz sayğacını dəyişdirib, yeni qaz sayğacı quraşdırıblar və bu barədə 30.07.2020-ci il tarixli akt tərtib etmişlər. Qaz sayğacı çıxarılandan sonrakı müddət ərzində Xaçmaz RQİİ-nin əməkdaşları sayğacda hər hansı bir nöqsan olması barədə ona heç nə deməmişlər. Daha sonra onlar evinə gəlib ona bildirmişlər ki, sayğacın laboratoriyaya göndərildiyini və guya sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulmuş zavod qurğusunun plombunun kəsildiyinin və yapışqan maddə ilə yenidən bərpa edildiyinin müəyyən olunduğunu bildirmişlər. Həmçinin, ona bu barədə 30.07.2020-ci il tarixli ******* saylı akt tərtib olunduğu və komissiya qərarına əsasən ona 2160 kub metr qaz sərfiyyatına görə 216 manat cərimə borcu hesablandığı bildirilmişdir. O, 30.07.2020-ci il tarixli ******* saylı akt əsasında yazılmış 30.07.2020-ci il tarixli komissiya qərarı ilə qəti razı deyildir. Ona görə ki, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən vaxtlı-vaxtında ödəmişdir. Nə o, nə də ailə üzvləri sayğaca heç vaxt müdaxilə etməmişlər. Sayğac evin küçə tərəfində yerləşdiyinə görə o, sayğacın qorunmasına cavabdeh deyildir və Xaçmaz RQİİ ilə aralarında belə bir müqavilə yoxdur. Ona görə də hesab edir ki, əsassız hesablanmış məbləğ silinməlidir. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, 216 manat hesablanmış ziyanı əsassız sayır. Ona görə ki, qaz sayğacı çöldə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. O, 216 manat ziyan borcunu 16 mart 2021-ci il tarixdə tam ödəmişdir. Göstərilənlərlə əlaqədar iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 04.06.2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* saylı mexaniki qaz sayğacı texniki baxış zamanı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan ******* saylı qaz sayğacı texniki qaydalara cavab verir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 30.07.2020-ci il tarixli Aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Abonent dəymiş ziyanı abonent ödəməlidir. İş materiallarında olan 30. 07.2020-ci il dəymiş ziyanın bərpasına dair tələbnamədə ******* saylı 30.07.2020-ci il saylı Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir, həmin akt və komissiya qərarına əsasən İddiaçı 2160 kub metr qaz sərfiyyatına görə 216 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc ödənilmişdir. Qanunvericilikdə ödənilmiş məbləğin qaytarılması və ya yeni yaranan borc hesabına silinməsi nəzərdə tutulmadığından məhkəmə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı istehlakçıların hüquqlarının müdafiəsi, aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış zərər məbləğinin silinməsi tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar