Məhkəmə qərarları › İş №2(067)-1251/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1251/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1251/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin təbii qazdan istifadəyə görə Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evinə təbii qazın verilməsinə görə əsassız hesablanmış 384,38 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qaz nəzarətçisi ona məlumat verdi ki, evinə qaz verilməsi üçün quraşdırılmış dəmir borulardakı rezba qırılıb, havaya qaz sızır. xx.xx.2024-cü il tarixdə Xaçmaz RQİİ-nə rəsmi ərizə ilə müraciət etmiş və bildirmişdir ki, evinə qaz verilməsi üçün quraşdırılmış sayğac evindən 150 metr aralıda yerləşir, sayğacdan evinə gələn qaz xəttindəki rezba qırılıb, qaz havaya uçur, havaya uçan qaza görə ona qaz sərfiyyatı hesablanır, bunu nəzərə alaraq məbləğin silinməsini xahiş etmişdir. Onun müraciətindən bir gün sonra qaz idarəsinin əməkdaşları gələrək ərizəsində göstərilənləri yerində müşahidə etdilər, rezbanı dəyişdilər və çıxıb getdilər. Əraziyə baxış barədə hər hansı akt və ya digər sənəd tərtib edilmədi. Sonradan məlum oldu ki, həqiqətən də, 2024-cü ilin iyun ayında 2102 m3 sərfiyyat hesablanıb və qiymət yeni tariflərlə, yəni limitdən yuxarı üç qat hesablanmışdır. Abonentin saldosu adlanan sənəddən də görünür ki, 2102 m3 qaz sərfiyyatı, ayın sonuna olan isə 627,46 manat göstərilir. 2024cü ilin iyun ayına onun borcu saldoda da göstərildiyi kimi 235,08 olmuşdur. Fərq: 627,46 - 235,08 = 392,38. Yay vaxtı olduğuna görə aylıq ödənişi təxminən 7-8 manat təşkil etdiyindən hesablanmış 392,38 manatdan 8 manat çıxmaqla 384,38 manat pul vəsaiti hesabdan silinməlidir. Müraciətinə heç bir cavab verilməmiş, qaz xəttindəki rezbanın qırılması nəticəsində havaya uçmuş qaza görə hesablamış vəsait hesabından silinməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, abonent tərəfindən 1 il ərzində cəmi 4 dəfə ödəniş edilib və buna görə də borcu yaranıb. 2024-cü ildə cəmi 1 dəfə ödəniş edib. 2025-ci ildə isə hələ də heç bir ödənişi olmayıb. Sayğacdan sonrakı məsafəyə onlar nəzarət edə bilmir. Abonent özü onlara müraciət edib. Rəydə də qeyd olunub. Qaz sayğacının yaxın məsafəyə keçirilməsi üçün vətəndaş ərizə ilə müraciət etməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianıı müdafiə edir. Onun sayğacı evindən aralıda, 3 qonşudan sonra quraşdırılmışdır. Sayğaca nəzarət edə bilmir, sayğaca nə olduğu ona məlum deyil. Sayğacda baş verən qaz itkisi onun günahından olmayıb. Əvvəlki məhkəmə iclasında mütəxəssis Nümayəndə1 izahatında göstərmişdir ki, elə ərazilər var ki, həmin küçələrdə qaz kəməri yoxdur. Ona görə də abonent uzaq məsafədən qaz xətti çəkir. Qaydalara görə məsafənin önəmi olmadan məsuliyyət abonentə məxsus olur. Cavabdeh İB-nin əməkdaşları da hər 3 aydan bir sayğaclara baxış keçirməlidirlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələri üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. - abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 2024-cü ilin iyun ayı üzrə qazın sərfiyyat məbləği 252,24 manat olmuşdur. - X3 Agentliyinin Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, 2024-cü ilin iyun ayında Xaçmaz rayonu, Çarxı kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı qaz sayğacından sonra olan qaz xəttinin qırılması nəticəsində təbii qazın sızması baş vermiş və sayğacda 2102 m3 (252,24 manat) borc əmələ gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nda qeyd edildiyi kimi “balans mənsubiyyəti sərhədi” - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Odur ki, sayğacdan sonra olan qaz sızması nəticəsində əmələ gəlmiş 252,24 manat məbləğində borcun istehlakçı (vətəndaş) tərəfindən ödənilməsi təmin olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd- məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd- fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd- istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayon Çarxı kəndində fərdi yaşayış evi üzrə hesablanmış 252,24 manat dəyərində dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən və bu borc abonent İddiaçı düzgün tətbiq edildiyindən iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar