Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1287/2024 14.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh, Cavabdeh İB-nin ünvan 1i ünvanında yerləşən bağ evinə, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* Ne-li AKT-a əsasən və xx.xx.2023-cü il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən əsassız olaraq hesablanmış 1555 man. 20 qəp. qalıq borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Nabran kəndində yerləşən bağ evini o, 21 dekabr 2022-ci il tarixdə Kazım Daşdəmirov adlı şəxsdən alqısatqı yolu ilə almışdır. Evin qeydiyyat vəsiqəsi onun adınadır. Qaz İdarəsinin sənədləırində isə Abonent kimi evin əvvəlki mülkiyyətçisi olan Daşdəmirov Kazımın adı qeyd olunmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02 may 2023- cü il tarixdə tərtib olunmuş, ******* saylı AKT-a əsasən yaşadığı evə qazın verilməsinə dair sərfiyyatın hesablanması üçün quraşdırılmış qaz sayğacı çıxarılaraq götürülmüşdür. 30 may 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” N° ******* saylı AKT-da göstərilir: Cavabdeh İB 23 may 2023-cü il tarixli, MSK- 14-2-2-/3-5-5T3'QÜOT saytı Rəyinə əsasən* 10963844 saylı sayğaca baxış keçirildi, Sayğacın membranını hərəkətə gətirən qollar kənar təsir nəticəsində sınıb, Sayğac istismara yararsızdır, rəyi verilmişdir. Abonent dəymiş ziyanını ödəməlidir. Qaz sayğacı çıxarılaraq akt tərtib edilərkən sayğaca müdaxilə edilməsi ilə bağlı ona deyilməyib, hətta o, qaz borcunun olub-olmamasını, sayğacın niyə çıxarılmasını xəbər aldıqda bildirdilər ki, növbəti dövlət yoxlanmasına göndərilməsi üçün çıxarılır, yenisi əvəz olunur, heç bir borcu yoxdur, ona görə də akta imza etmişdir. Sayğaca müdaxilə edilməsi ilə bağlı onun ünvanına borc barədə hesab-bildiriş daxil olduqda məlum olmuşdur ki, yaşadığı ünvana əsassız olaraq 1555 manat 20 qəpik borc hesablanmışdır. Bundan sonra o, Xaçmaz Qİl-də olaraq məsələ ilə maraqlananda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə 31 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “qaz sayğacının maksimal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi-24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x90=12960 m3 Cəmi: 12960 m3 Qaz İdarəsindən əldə etdiyi abonentin saldosu adlanan sənəddən də görünür ki, qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişləri etmişdir. Yuxarıda göstərildiyi kimi sayğac çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Şübhə edir ki, sayğac elə yoxlayıcılar tərəfindən qəsdən zədələnmişdir ki, ona əlavə pul hesablansın. Qaz sayğacı küçədə, evinin giriş qapısından aralıda quraşdırılıb, sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir, onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazır, sayğaca hər- hansı müdaxilə izləri olsaydı bu barədə bildirərdi. Oına görə də hesab edir ki, itirilmiş qazın bərpası üzrə tərtib edilmiş komissiya qərarı, AKT ləğv edilməli və əsassız hesablanmış pul məbləği silinməlidir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, evi alqı-satqı müqaviləsi ilə almışdır. Lakin sayğacı adına keçirməmişdir. Daha doğrusu, evi daha təzə almışdır. Üstəlik həmin evdə yaşayış da yoxdur. Evdə təmir işləri gedirdi. Ona bildirdilər ki, sayğacı dəyişmək lazımdır. Gəlib özləri də sayğacı dəyişdilər. Daha sonra isə 1555 manat cərimə yazıblar. Sayğac çöldə yerləşir. Yəni, o, məsuliyyət daşımır. Həmin evdə yaşayış olmadığı üçün onların müdaxilə etməyləri mümkün deyil. Xahişi odur ki, iddiası təmin olunsun. Sayğaca müdaxilə olunmayıb. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan X3 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «sayğacın membranını hərəkətə gətirən qollar kənar təsir nəticəsində sınıb, sayğac istismara yararsızdır» rəyi verilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (aktlardan) və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 1555.20 manat cərimə (pul) hesablanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, xx.xx.2023-cü il tarixli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 35.55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********00110 olan ünvana hesablanmış 1555.20 manat pul (borc) silinməli və və iddianın verilməsinə görə 35.55 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia təmin edilsin. İddiaçı (Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli tələbnamə) hesablanmış 1555.20 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. İddianın verilməsinə görə 35.55 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1287/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1287/2024
14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver