Məhkəmə qərarları › İş №2(067)-1338/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1338/2021

11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1338/2021 11.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh «xxxx» ASC tərəfindən X1ydalarının pozulması haqqında” 26 yanvar 2021-ci il tarixli, 205197 nömrəli aktın etibarsız hesab edilməsi və Xaçmaz şəhəri, N.Nərimanov 70a/21 saylı mənzildə ona məxsus **********02019 nömrəli abonent koduna həmin akt üzrə yazılmış 1067.50 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhər N.Nərimanov küçəsi 70a/21 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Fevral ayında həmin mənzilə getdikdə qapıda elektrik enerjisinin ödənilməsi barədə bildirişi görmüş. Elektrik enerjisinin ödənilməsi barədə bildirişdə ona akt tərtib etdiklərini görmüşdür. Bundan sonra o, həmin aktın nədən ibarət olmasını öyrənmək və həmin aktı əldə etmək üçün Xaçmaz elektrik şəbəkəsinə getmişdir. Nəticədə ona məlum olmuşdur ki, 26 yanvar 2021-ci il tarixdə 205197 nömrəli akta əsasən mənzilinə elektrik sayğacından kənar 0.4 kv şəbəkədən əlavə xətt çəkildiyi qeyd edilmiş və həmin akta əsasən ona 1067.50 manat cərimə hesablanmışdır. Xaçmaz elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 26 yanvar 2021-ci il tarixli akt tərtib edilərkən o, orada iştirak etməmişdir. 17 may 2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, habelə əlavə izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş video görüntü tamamilə əsassızdır. Belə ki, qeyd olunan ünvanda yəni, ünvan 2arən yaşayış yoxdur. İddiaçı onun doğma atasıdır. Bir neçə ay bundan öncə atasının səhhətində problemlər yarandığından onlar Bakı şəhərinə köçməli oldular. Onun özü xxxx ASC-yə müraciət etmişdir ki, evdə olmadığı müddət ərzində elektrik təchizatı dayandırsınlar. Yaxın günlərdə Xaçmaz şəhərinə evlərinə qayıtdıqda, xxxx ASC tərəfindən yaşadıqları mənzilə akt tərtib olunduğunu aşkar etdilər. Akta əsasən onlara 1067,5 manat borc hesablanıb. Qeyd olunan akt tamamilə əsassızdır ona görə ki, cavabdeh tərəfindən məhkəmənin ünvanına göndərilmiş yazılı etiraz və bir ədəd CD-də olan video görüntünündə, heç bir hüquqi əhəmiyyəti yoxdur. Videoda göstərilən sayğacda elektrik cərəyanın olmaması təbii haldır, çünki qeyd etdiyi kimi, evdən köçən zaman xxxx ASC-yə özü müraciət etmişdir ki, mənzilinə gələn elektrik təchizatı dayandırılsın. Sayğacdan kənar xəttlə bağlı isə onu bildirdi ki, videogörüntüdə əks olunan binanın zirzəmisindən yuxarı mərtəbələrə doğru qalxan elektrik naqil kənar xətt deyil, həmin naqil su motorunun naqilidir. Belə ki, əvvəllər həmin binada suyun təzyiqi ilə bağlı problemlər olduğundan, qonşuların əksəriyyəti zirzəmidə su xəttinə motor qoşmuşdurlar. O da həmçinin zirzəmiyə su motorunu qoydurduğundan, motorun elektrik naqilini sayğaca daxil olmaq şərti ilə binanın fasadından çəkdirmişdir. Əgər qeyd olunan xətt kənar və qeyri-qanuni olsaydı, onu bu cür açıq-aşkar çəkdirməzdi. Hal-hazırda suyun təzyiqi ilə bağlı problemlər aradan qalxdığından, motoru işə salmağa ehtiyac yoxdur. İş üzrə cavabdeh rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddia ərizəsinə dair yazılı etirazını və videogörüntünü əks etdirən diski məhkəmə göndərərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli 205197 saylı Aktdan müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhər N.Nərimanov küçəsi 70a/21saylı mənzilinə işıq sayğacına baxış keçirilərkən mənzilinə elektrik sayğacından kənar 0.4 klv. şəbəkədən əlavə xətt çəkildiyi qeyd edilmiş və həmin akta əsasən ona 1067.50 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə olunan abunə barəsində olan çıxarışdan müəyyən olunmuşdur ki, həqiqətən də 14.07.2020-ci il tarixdən etibarən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 70a/21 ünvanında yerləşən mənzildə elektrik enerjisinin istifadəsi müşaiyət olunmayıb. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məjəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 70a/21 saylı mənzildə ona məxsus **********02019 nömrəli abonent koduna yazılmış 1067.50 manat borcun hansı əsaslarla yazılmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “xxxx” ASC-nin tərtib etdiyi aktın etibarsız hesab edilməsi isə inzibati məhkəmənin səlahiyyətlərinə aid olduğundan isə, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Xaçmaz şəhəri, N.Nərimanov 70a/21 saylı mənzildə İddiaçı məxsus **********02019 nömrəli abonent koduna akt üzrə yazılmış 1067,5 manat pul abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar