Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1340/2020 05.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı «xxxxxxxx» ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh «xxxxxxxx» ASC-nin tərtib etdikləri xx.xx.2020-cu il tarixli 158245 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 599.56 manat dəymiş ziyanın bərpasına dair cərimənin silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayında yaşadığı Xudat şəhəri O.Mirzəyev küçəsi 70 nömrəli ünvanda yerləşən evində quraşdırılmış işıq sayğacı dəyişdirilərək yeni sayğac qoyulmuşdur. Sayğac dəyişdirilib yenisi ilə əvəz olunarkən məlum olmuşdur ki, mənzildə quraşdırılan elektrik sayğacı daxili qısa qapanma nəticəsində yararsız vəziyyətə düşmüşdür. xx xxxx 2020-ci il tarixdə abunə haqqında sənədə əsasən ona qalıq borc kimi 599.56 manat pul hesablanmışdır. xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, «elektrik sayğacı yeni elektrik tipli sayğacla əvəz olunsun, elektrik sayğacı laboratoriya şəraitində oxunsun». 158245 nömrəli aktda göstərilmiş mənzildə quraşdırılan elektrik sayğacı daxili qısa qapanma nəticəsində yararsız vəziyyətə düşmüşdür, üst örtüyü sıradan çıxmış, yenisi ilə əvəz olunmalıdır» rəyi barədə laboratoriyanın cavabı tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, sayğac həyətdə yox küçədə yerləşir. İş üzrə cavabdeh rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli 158245 nömrəli aktdan müəyyən olunur ki, «mənzildə quraşdırılan elektrik sayğacı daxili qısa qapanma nəticəsində yararsız vəziyyətə düşmüşdür». İş materiallarında olan abunə barəsində olan çıxarışdan müəyyən olunmuşdur ki, X4 akt üzrə 496,76 manat pul hesablanmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X6 arasında nikah xx xxxx 1986-cı ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Abuzərova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 2014-cü ildə ölmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məhkəmə hesab edir ki, Xudat şəhəri O.Mirzəyev küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olmuş mərhum X5 2014-cü ildə vəfat etməsinə baxmayaraq hazırki vaxtadək istehlakçı kimi enerji sərfiyyatına görə abonent olaraq rəsmiyyətdə saxlanması, ölmüş şəxsin adına xətaya dair sənədləşmə işi aparılaraq sayğaca müdaxiləyə görə akt tərtib edilməsi özlüyündə qanunsuz hərəkət hesab edilir. Belə ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın mənasından müəyyən olunur ki, istehlakçı olaraq Aydın Abuzərov tərəfindən sayğaca müdaxilə halı aşkar edilmişdir. Halbuki, həmin şəxs 2014-cü ildə vəfat etmiş və həmin vaxtdan ünvan sahibi faktiki olaraq İddiaçıdır. Əgər hər hansı müdaxilə halı aşkar olunmuş olsaydı belə, bu xətaya evin istifadəçisi yol vermiş olardı. Hazırda iddiaçının sahibliyində və istifadəsində olan ünvandakı elektrik sayğacına görə mərhum Aydın Abuzərovun adına istehlakçı kimi işıq sayğacına müdaxiləyə görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilməsi iddiaçının hüquq və maraqlarına toxunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evində elektrik sayğacı evin həyətindən kənarda quraşdırılmışdır. Elektrik sayğacı evdən kənarda küçə tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1ydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «xxxxxxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2020-ci il tarixli 158245 nömrəli akt əsasında hesablanmış 496.76 manat məbləğində pul (borc) X2 adına olan abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1340/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1340/2020
05.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver