Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-136/2021 24.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əmlakları ilə birgə evdən çıxarılmaları tələbinə dair mülki işə Xaçmaz şəhərində acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən yaşayış evindən tərəfindən 9000 (doqquz min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birgə evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən yaşayış evİ mülkiyyət hüququ verən sənədə əsasən tam mülkityyət hüququ əsasında ona məxsusdur .O,1941-ci il təvəllüdlüdür. 2017-ci il tarixdə Cavabdeh1 onu zorakılıqla ona məxsus olan evdən çıxarmışdır. Bundan sonra o, mülkiyyət hüququ əsasında özünə məxsus evinə qayıda bilmir. Həmçinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun evində istifadəçidirlər və istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan evə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin evə başqa şəxslərin sahibliyinə yol vermək, ona məxsus əmlak barəsində istənilən hərəkətləri etmək hüququnu kobud şəkildə pozmuşlar və o, mülkiyyət hüququnu həyata keçirə bilmir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-890/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Xaçmaz RPŞ-nin arayışından da məlumdur ki, cavabdeh onun evində qeydiyyatda deyildir. O, qeyd olunanlarla əlaqədar hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 4000 (dörd min) manat məbləğində kompensasiya ödənilməklə onların Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddiaını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş bidirmişdir ki, Xaçmaz rayonunun Qaraçay cek kəndində yerləşən mübahisəli ev iddiaçıya məxsusdur. Onun 69 yaşı var. 2017-ci ildə cavabdehlər onu evdən zorla çıxarıblar və o, öz evinə həmin vaxtdan qayıda bilmir. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınıb. Cavabdehlər iddiaçı ilə yola getmədiklərinə, ona öz evindən istifadə etməyə imkan vermədiklərinə görə iddiaçı onları evindən çıxarmaq istəyir. Ona görə cavabdehlərin evdən çıxarılması üçün onlara 10000 manat kompensasiya təklif edir. Cavabdehlərin Bakı şəhərində öz evləri də var. Xaçmaz rayonunun Qaraçay cek kəndində 1 otağın kirayə qiyməti 60-70 manatdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddiaını müdafiə edərək izahatında göstərmişdir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/571 saylı ekspert rəyinə etirazı yoxdur, rəylə bağlı vəsatəti yoxdur. Sadəcə bildirmək istəyir ki, iddiaçı pandemiya ilə bağlı, keçirdiyi xəstəliklərlə bağlı cavabdehlərə hazırda yalnız 4000 manat kompensasiya ödəyə bilir. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən bu kimi işlərə baxılanda cavabdehə 2 ildən 4 ilədək müddət hesablanmaqla kompensasiya hesablanır. Ekspert rəyində də bu məbləğ ayda 80 manat müəyyən olunub. Ayda 80 manat 4 il ərzində 3840 manat təşkil edir. İddiaçı da cavabdehlərə rəydə göstəriləndən 160 manat əlavə kompensasiya ödəməyə razıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 80-dən artıq yaşı var. Bundan başqa iddiaçını cavabdehlər döyüb evdən çıxarıblar. Onun mülkiyyətçi kimi hüquqları var və onu heç kim poza bilməz. Qeyd edilənlərə əsasən nümayəndə bütün bu halların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini göstərmişdir. Onlar iddiaçının evdə yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. İddiaçını uzun illər Rusiyada yaşayandan sonra Azərbaycana pulsuz qayıtmış oğlu başdan çıxarır ki, onları evdən çıxarsın. Mərhum həyat yoldaşı intihar etmişdir, onların həmin evdə xatirələri vardır. O, uşaqları ilə mübahisəli evdə yaşamışdır və bundan sonra da yaşamaq istəyir. Həm də onların başqa evləri yoxdur. İddiaçı hansı məbləğdə kompensasiya təklif etsə də, mübahisəli evdən çıxmaq fikri yoxdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/571 saylı ekspert rəyi ilə razı deyildir, lakin rəylə bağlı vəsatəti yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının evində yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. İddiaçını oğlu başdan çıxarır ki, onları evdən çıxarsın. Onun mərhum atası intihar edib. Onların həmin evdə xatirələri vardır. Həm də onların başqa evləri yoxdur. İddiaçı hansı məbləğdə kompensasiya təklif etsə də, mübahisəli evdən çıxmaq istəmirlər. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/571 saylı ekspert rəyi ilə razı deyildir, lakin rəylə bağlı vəsatəti yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının evində yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. İddiaçını oğlu başdan çıxarır ki, onları evdən çıxarsın. Onun mərhum atası intihar edib. Onların həmin evdə xatirələri vardır. Həm də onların başqa evləri yoxdur. İddiaçı hansı məbləğdə kompensasiya təklif etsə də, mübahisəli evdən çıxmaq fikirləri yoxdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/571 saylı ekspert rəyi ilə razı deyildir, lakin rəylə bağlı vəsatəti yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının evində yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. İddiaçını oğlu başdan çıxarır ki, onları evdən çıxarsın. Onun mərhum atası intihar edib. Onların həmin evdə xatirələri vardır. Həm də onların başqa evləri yoxdur. İddiaçı hansı məbləğdə kompensasiya təklif etsə də, mübahisəli evdən çıxmaq fikri yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 05335282 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun Qaraçaycek kəndində 1941-ci il tarixdə anadan olmuş və həmin ünvanda yaşayır. İş materiallarında olan AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz rayonunun Qaraçaycek kəndində yaşayır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan xx.xx.2020-ci iltarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 2018-ci ilin sentyabr ayında ailə qurması ilə əlaqədar doğulduğu Qaraçaycek kəndindən Aşağı Zeyid kəndində gəlin köçmüşdür. İş materiallarında olan AZE seriyalı 17432339 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan AZE seriyalı 11843753 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh4 Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(067)-644/2015 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələblərinə dair iddiaları təmin edilmiş və onların İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən yaşayış evindən istifadə hüquqları tanınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/571 saylı ekspert rəyindən müəyyən olunur ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 50.60 m2, faydalı sahəsi 125.70 m2 divarları saman kərpicdən tikilmiş, damı şiferlə örtülmüş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan aylıq icarə dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-890/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli, ödəniş qəbzlərindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin kompensasiya verilməklə, mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. M.Ridvanovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əmlakları ilə birgə evdən çıxarılmaları tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. Məhkəmə, göstərilən hüquq normalarına rəğmən iddia tələbinin rədd olunmasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində, özü də normal mənzil-məişət şəraiti yaratmaq üçün kifayət qədər zəruri müddət ərzində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmənin sorğusuna əsasən, “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 50.60 m2, faydalı sahəsi 125.70 m2 divarları saman kərpicdən tikilmiş, damı şiferlə örtülmüş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan aylıq icarə dəyəri 80 (səksən) manat təşkil edir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 50.60 m2, faydalı sahəsi 125.70 m2 divarları saman kərpicdən tikilmiş, damı şiferlə örtülmüş fərdi yaşayış evinin müqabilində ona 4000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-890/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Tərəflər arasında eyni predmet barəsində 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə adekvat bazar qiyməti kimi qəbul edilə bilməzliyi müəyyən edildiyi halda, 4000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Məhkəmə nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılıdır. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “xx xxxxxxxx 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin əmlak bazarında olan qiyməti əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiyanın verilməsi yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun elə bir əvəzlənməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət ərzində, eyni şəraitə oxşar bir şəraitdə yaşamaq imkanı versin. İş materiallarında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzilə köçürülənə qədər ayrıca yaşayış sahəsinə malik olmamışdır. Məhkəmə həm də mübahisəli evin orta aylıq icarə haqqının 80 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehə davamlı olaraq əvvəlki şəraitə oxşar bir şəraitdə yaşamaq imkanı vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara cıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əmlakları ilə birgə evdən çıxarılmaları tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-136/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-136/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver