Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1403/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Gəncəli kəndi ərazisində yerləşən, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum bacısı X1 miras qalmış 0.31 ha həyətyanı torpaq sahəsinə Cavabdeh adına Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-638 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə hüquqi nəticələrinin ləğv edilməsi, mərhum bacısı X1 miras qalmış mirasdan paylarının müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 320 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Gəncəli kəndi ərazisində mərhum bacısı X2 adına 0.31 ha torpaq sahəsi olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışa əsasən X4 0.31 ha torpaq sahəsinə hüquqları qeydiyyata alınmışdır. Bacısı xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatı ilə qeyd olunan 0.31 ha torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras qalmış 0.31 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi mərhum valideynləri X9 və X11 məxsus olmuşdur. Onların vəfatından sonra həmin mülkdə mərhum bacısı X6 yaşamışdır. Onun vəfatından sonra isə yaşayış evində heç kim yaşamır. Torpaq sahəsi onun torpaq sahəsinə bitişik olduğuna görə həm bacısının sağlığında, həm də onun vəfatından sonra həyət- bacaya o baxmışdır. Bu yaxınlarda notariat orqanına müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almaq istəyərkən məlum olmuşdur ki, iş üzrə cavabdeh olan qardaşı Cavabdeh artıq həmin miras əmlaka vərəsəlik haqqında şəhadətnamə almışdır. Bundan sonra vəkil sorğusu ilə notariat orqanına müraciət edilmiş və notariatdan müvafiq sənədlər əldə olunmuşdur. Sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə notariat orqanına müraciət edərək ərizəsində göstərmişdir ki, mərhumun özündən başqa başqa vərəsələri yoxdur. Hətta ərazi üzrə nümayəndə özünün yeganə vərəsə olması barədə arayış alaraq müvafiq dövlət orqanlarını da aldatmışdır. Nəticədə qeyd olunan 0.31 ha toıpaq sahəsinə tam hissədə 18 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik işindən də göründüyü kimi bacısının rəsmi nikahda olduğu X14 xx.xx.2013-cü ildə vəfat etmiş və bu səbəbdən də onların nikahlarına xitam verilmişdir. Birgə nikahdan övladları olmamışdır. Başqa sözlə mərhumun birinci növbəli vərəsələri olmadığına görə ondan miras qalmış əmlak ikinci növbəli vərəsələri olaraq onunla qardaşı olan cavabdeh arasında bərabər bölünməlidir. Yuxarıda göstərildiyi kimi cavabdeh onun da vərəsə olmağı barədə heç bir məlumat verməmiş, beləliklə özünün yeganə vərəsə olması barədə məlumat verməklə onun vərəsəliklə pay almaq hüququnu pozmuşdur. İkinci növbəli vərəsə olaraq miras əmlakda onun da payı vardır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, miras evin mülkiyyət sənədi olmadığı üçün iddia ərizəsində evdən pay istəməmişik. Torpaq sahəsi tərəflərin əvvəllər valideynlərinə məxsus olub, sonradan vərəsəliklə mərhum bacılarının adına qeydə alınıb. Notariat orqanı vərəsəliyi rəsmiləşdirərkən vərəsələrin dairəsini müəyyənləşdirməlidir. Notariat orqanına təqdim olunan qanunsuz arayış nəticəsində notarius cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Qanunun tələblərinə əsasən Notarius orqanı vərəsənin mirası qəbul edilməsindən imtinasını dəqiqləşdirməlidir. İddiaçı mirası faktiki olaraq qəbul etmişdir, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini, payların müəyyən edilməsini xahiş edirəm. Həmçinin, iddiaçı bildirmişdir ki, mərhum bacısından miras qalmış heç nəyi götürməmişdir. Bacısı üçün verilən dəfn pulunu o almamışdır. Cavabdeh tərəfindən həmin həyətə girməsinə icazə verilməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı və onun tərəfindən gətirilmiş şahid bacısının dəfnində iştirak etməmişdir, o, özü iştirak etməmiş, dəfn xərclərini özü qarşılamışdır. Şahid 5-10 manat pula görə məhkəməyə gəlib şahidlik edir. İddiaçını həyətə buraxmamışdır, o gizlincə həmin həyətə girmişdir. Həmin həyətə özü baxmış, əkib becərmişdir. Bacısına da sağlığında bacısına o və onun ailəsi baxmışdır. İddiaçının ailəsi bir neçə gün bacısına baxmışdır. Bacısı öləndən sonra da həmin evə və torpağa o baxmışdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Xaçmaz rayon 1 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 5 saylı Ərazi İdarəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, tərəflər əmiləridir, mərhum bacıları bibisidir. Bibisinin xəstəliyində, onun müalicəsində hamı iştirak edib, yanında, dəfnində hamı iştirak etmişlər. Bibisi 2019-cu ildə vəfat edib, bibisi vəfat edəndən sonra bibisinin evinə əmisi Məzlum baxıb, qulluq edib. Sonra eşitmişdir ki, Xeyrulla əmisi evi öz adına keçirib. O Bakı şəhərində yaşayır. Bibisinin yas mərasiminin 7ci günündə iştirak etmiş, dəfndə iştirak etməmişdir, lakin bacısı və qardaşı iştirak etmişdir. Onlardan eşitmişdir ki, iddiaçı əmisi Məzlum da dəfndə iştirak edib. 40 mərasiminə də gəlmişdir. 7 mərasimi bibisinin evində verilib, ola bilsin ki, ya 40 mərasimində, ya da il dönümündə iştirak etməmişdir. Yas mərasiminin xərclərini kimin çəkməsini bilmir. Əmisi Məzlum bibisinin vəfatından sonra onun torpağına qulluq edib. O uşaqlıqdan görmüşdür ki, bibisinin həyətində torpaq sahəsində əkin əkilir, əmiləri, atası həmin torpaqda işləyiblər. Cavabdeh olan əmisi, iddiaçı Məzlum əmisini bibisindən qalan miras sahəsinə buraxmadığını görmüşdür. Eşitdiyinə görə bibisi vəfat edəndən sonra cavabdeh iddiaçını bibisinin torpağına buraxmayıb. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi göstərmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının bacısı X2 0.31 ha torpaq sahəsi Xaçmaz rayonu Gəncəli kəndində qeydiyyata alınmışdır. Mülk sahibi X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatı ilə qeyd olunan torpaq sahəsinə vərəsəlik açılmışdır. Həmin torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi tərəflərin valideynləri X8 və X11 məxsus olmuşdur. Yaşayış evi Dövlət Reyestr İdarəsində qeydiyyata alınmamış, lakin mərhum X2 adına torpaq sahəsinin mülkiyyət sənədi var. X6 əvvəllər X14 ilə birgə nikahda olmuşdur. Həmin şəxs də xx.xx.2013-cü ildə, yəni vərəsəlik açılmamışdan öncə vəfat etmişdir. Onların birgə nikahlarından övladları olmayıb, yəni birinci növbəli vərəsələri yoxdur. X2 hazırda 2 qardaşı var, onlar - İddiaçı və Cavabdehdur. Vərəsəlik açılandan sonra həmin torpaq sahəsi və ev iddiaçının yaşadığı evlə bitişik evdə yaşayır. Bacısı vəfat edəndən sonra həmin evə iddiaçı özü baxıb. İddiaçı vərəsəlik haqqında şəhadətnaməni almaq üçün müraciət edəndə məlum olmuşdur ki, cavabdeh artıq vərəsəlik haqqında şəhadətnaməni almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə Notariat orqanına müraciət edərək bildirmişdir ki, ondan başqa vərəsə yoxdur. Vərəsələrin dairəsi faktiki olaraq gizlədilmiş və qanunsuz olaraq vərəsəlik haqqında şəhadətnamə alınmışdır. Hesab edirlər ki, həmin şəhadətnamə ləğv olunmalıdır. İddiaçının da həmin əmlaka ½ hissədə payı müəyyən olunmalıdır. Cavabdeh vərəsəlik haqqında şəhadətnamə aldıqdan sonra həmin torpaq sahəsinə sahiblik edir. Tərəflərin mərhum bacısının özünün pul vəsaiti olub, cavabdeh həmin pulu götürüb xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, bacısının həyəti ilə onun həyətinin arasında dəmir torlu hasar var. Hazırda bacısının evində heç kim yaşamır. Bacısından ona heç nə qalmayıb. Bacısının vəfatından sonra onun torpaq sahəsinə baxmış, fındıq ağacları var, ağacları o sulamışdır. Hazırda cavabdeh ağacları çıxarıb. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, qeyd edildiyi kimi ərazi böyükdür. Atası sağlığında iddiaçı üçün torpaq ayırıb, ev tikib verib. Evin sonuncu uşağı odur. İddiaçının öz evi, torpaq sahəsi var, lakin onun yoxdur. Notariusda başqa vərəsələrin olub-olmaması barədə soruşmamışlar, o da heç nə deməmişdir. Bacısı vəfat edəndən sonra onun evinə, həyətinə o baxmışdır. Qonşular da bunu təsdiq edə bilərlər. Hazırda da evin açarları da ondadır. Bacısının evində o yaşayır. Torpaq sahəsində olan ağacları çıxarmış, bu il yeni ağaclar əkmişdir. Bacısı vəfat etməmişdən öncə onun müalicə xərclərini o çəkmişdir. Bacısı 2019-cu ildə vəfat edib, dəfn etmiş, dəfn pulunu o almış, məzar daşını o qoymuşdur. Əmlaka çıxarış almamışdır. Bacısı vəfat etməmişdən öncə vəsiyyətnamə yazmamış, lakin ona etibarnamə vermişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. X7, anası X15 qeyd olunmuşdur. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X6 xx.xx.1956-cı ildə anadan olmuşdur. X7, anası X15 qeyd olunmuşdur. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X16 ilə X6 arasında nikah xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Nikahdan sonra arvada Əzizova soyadı verilmişdir. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X16 xx.xx.2013-cü il tarixdə ölmüşdür. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. -iş üzrə Cavabdeh notariat ofisinə ünvanladığı ərizədən görünür ki, Xaçmaz rayonu Gəncəli kəndi ünvanında yaşamış bacısı X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış bütün əmlakdan ibarətdir. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəsinin 735 nömrəli arayışından müəyyən olunur ki, X6 xx.xx.2019-cu il tarixədək Xaçmaz rayon Gəncəli kəndində yaşamış və orada da xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra ailə tərkibi kimi qardaşı Cavabdeh vardır. Ölümündən sonra evi və təsərrüfatı qardaşı Cavabdeh idarə edir. -qeydiyyat şöbəsinin arayışından görünür ki, X6 xx.xx.2009-cu ildə Xaçmaz rayon qeydiyyat şöbəsində X16 ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2013-cü ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir. xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək olan dövr ərzində X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. -iş üzrə cavabdeh ərizəsində göstərmişdir ki, İddiaçı 11 iyun 2025-ci il tarixə təyin olunmuş məhkəmə prosesində iddiaçının qaldırdığı iddia ərizəsi əsassız və etibarsız hesab edilməlidir. Əsas səbəb olaraq ona görə ki, iddiaçının hal-hazırda yaşadığı ev və həyətyanı torpaq sahəsi mərhum valideynləri tərəfindən sağlığında pay kimi verilmiş və ona ev tikilmişdir. Qalmış ev və 0,31 ha həyətyanı torpağa vərəsəlik bacısı X5 valideynləri tərəfindən verilmişdir. Bacısı vəfat etmədən öncə öz vərəsəliyini notarial qaydada ona vermişdir. Ərazidə yaşayan insanlar və qonşular şahiddir ki, bacısı vəfat edənədək ona baxmış, vəfat etdikdən sonra bütün dəfni o etmişdir. İddiaçı bacısının ölümündə belə iştirak etmədi. Ona görə də iddiaçının haqqı yoxdur ki, əsassız qaldırdığı iddianı təmin etdirsin. Həmin ərazidə onun payı vaxtında mərhum valideynləri tərəfindən ayrılıb və verilib. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon Gəncəli kəndində yaşamış xx.xx.2019-cu il vəfat etmiş X6 və Xaçmaz rayon Qobu-qıraq kəndində yaşamış xx.xx.2013-cü ildə vəfat etmiş X16 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onların övladları olması barədə məlumat aşkar olunmamışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon 1 saylı dövlət notariat ofisində 18 iyul 2022-ci il tarixdə 2V-638 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Gəncəli kəndində 0.31 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. -mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mərhum bacısı X2 adına 0.31 ha torpaq sahəsi olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X4 0.31 ha torpaq sahəsinə hüquqları qeydiyyata alınmışdır. İddiaçının bacısı xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatı ilə qeyd olunan 0.31 ha torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras qalmış 0.31 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi mərhum valideynləri X9 və X11 məxsus olmuşdur. Onların vəfatından sonra həmin mülkdə mərhum bacısı X6 yaşamışdır. Mərhum bacısının rəsmi nikahda olduğu X14 xx.xx.2013-cü ildə vəfat etmiş və bu səbəbdən də onların nikahlarına xitam verilmişdir. Birgə nikahdan övladları olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-638 saylı şəhadətnamənin etibarsız hesab edilməsini, X3 miras qalmış mirasdan payının müəyyən edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə iddiaçı bacısının xx.xx.2019-cu il tarixdə tarixdə vəfat etdiyini bilmiş, vəfat etmiş bacısından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, bacısının mirasına və ya mirasın bir hissəsinə faktiki sahiblik etməmiş və miras əmlakı faktiki idarə etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Belə ki, iddiaçı tərəf iddiaçının bacısı vəfat etdikdən sonra onun mirasına və ya mirasın bir hissəsinə faktiki sahiblik etdiyini və miras əmlakı faktiki idarə etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, iddiaçı məhkəmə iclasında mərhum bacısından miras qalan daşınmaz əmlaka daxil ola bilmədiyini, oraya sahiblik etmədiyini və oradan istifadə etmədiyini, həmçinin mirasın hər hansı hissəsini də qəbul etmədiyini etiraf etmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən şahid ifadəsinə tənqidi yanaşaraq mötəbər sübut hesab etmir. Belə ki, dəvət olunmuş şahid tərəflərlə hər hansı düşmənçilik və ya ədavətinin olmadığını bildirsə də, məhkəmə prosesinin gedişində işlətdiyi ifadələr və hərəkətləri ilə cavabdehə qarşı qərəzli mövqedə olduğunu və ifadəsinin əvvəlcədən əldə olunan razılıq əsasında hazırlandığını nümayiş etdirmişdir. Həmçinin məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazidə (rayonda) yaşamayan şəxsin həmin əmlaka faktiki kimin sahiblik etməsi və əmlakı kimin idarə etməsi barədə ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki işə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1403/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1403/2025
10.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver