Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1491/2024 24.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İdidaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Ağtala kəndində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, iddiasını müdafiə edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir Mülki Məcəllənin 1301.1-ci maddəsinə görə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə görə əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. İş materiallarından görünür ki, miras əmlakın qəbul edilməsindən imtina edən vərəsə yoxdur. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında təsbit etdiyi hüququ mövqeyini nəzərə alaraq, hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, iddiaçı müvafiq əmlakla bağlı mirasın qəbulundan imtina etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələblə müvafiq quruma (notariat ofisinə) müraciət etməlidir. AR MPM-nin 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Bu Məcəllənin 262.1.-ci maddəsinə əsasən hakim iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. AR MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq Notariat Orqanına müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1491/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1491/2024
24.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver