Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1536/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Miras əmlakın naturada bölünməsi və adlarına rəsmiləşdirilməsi tələbi”nə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın naturada bölünməsi və adlarına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilməklə məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində tələbi “Miras əmlakın naturada bölünməsi və adlarına rəsmiləşdirilməsi” kimi qeyd etsə də, iddia ərizəsinin xahiş etdi hissəsində tələbi “Yaşayış evi və torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakların vərəsəlik üzrə adına rəsmiləşdirilməsi” kimi göstərmiş, bundan əlavə iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sənədlər, o cümlədən vərəsələrin dairəsinə dair müvafiq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin arayışı əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə tərtib edildiyindən və iddiaçı tərəfindən iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar əlavə edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Miras əmlakın naturada bölünməsi və adlarına rəsmiləşdirilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1536/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1536/2024
09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver