Məhkəmə qərarları › İş №2(067)-155/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-155/2024

08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-155/2024 08.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2016-cı ildə vəfat etmiş mərhum həyat yoldaşı X3 miras qalmış ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, iki otaqlı mənzil və Xaçmaz rayonu, Tel kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evində münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən etməklə mirasdan payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 13 iyun 1983-cü ildə X10 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə nikahdan Elməddin, Sədaqət və Fərqanə adlı üç övladı olmuşdur. Həyat yoldaşı X10 19 dekabr 2016-cı ildə vəfat etmişdir. Onun vəfatı ilə əmlakına vərəsəlik açılmışdır. Mərhumdan ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, iki otaqlı mənzil və Xaçmaz rayonu, Tel kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evi miras qalmışdır. Həyat yoldaşı X10 vəfat etməmişdən öncə 25 dekabr 2013-cü ildə özünə məxsus əmlaklarının, o cümlədən Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin birinci mərtəbəsini və həyətyanı torpaq sahəsinin 0.10 ha hissəsinin ona, qalan hissəsini isə, yəni Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2ci mərtəbəsini və həyətyanı torpaq sahəsinin 0.10 ha hissəsini üçüncü şəxslərdən Məlikova (Əhmədova) Fərqanə Ələddin qızına vəsiyyət etmişdir. Mirasın rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişlər. ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, X-817 saylı cavabdeh göstərilir ki, digər varislər pay bölgüsünə münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməniz Sizə tövsiyyə olunur. Notariusun məktubunda digər birinci növbə cavabdehi nəzərdə tutmuşdur. Cavabdeh hazırda mərhumdan miras qalmış Xudat şəhəri, Dəmiryolu, ev 1, m. 4 ünvanda yerləşən yaşayış evində yaşayır və Tel kəndində yerləşən yaşayış evinin də darvazasına qıfıl vuraraq onları həmin ünvana, habelə Xudatdakı evə buraxmır. Məcbur olaraq qızı Sədaqətin yanında qalır. Halbuki miras açıldıqdan sonra həm o, həm də üçüncü şəxslər mirası faktiki olaraq qəbul etmişdir. Həmin vaxt Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkirdi. Bununla belə mirasdan cavabdehin və üçüncü şəxslərin paylarının müəyyən edilməsinə etirazı yoxdur. Cavabdehə təklif etmişdir ki, ünvan 5 ünvanda yerləşən yaşayış evi ona qalsın, ünvan 6slərə verilsin. Cavabdeh hər iki əmlakın ona məxsus olduğunu bildirməklə təkliflə razılaşmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda göstərilən maddi hüquq normalarına əsasən mərhum həyat yoldaşından miras qalmış Xaçmaz rayonu, Tel kəndində yerləşən yaşayış evi, evin həyətyanı torpaq sahəsi və Xudat şəhəri, Dəmiryolu, ev 1, m. 4 ünvanda yerləşən yaşayış evinə münasibətdə mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, 19 dekabr 2016-cı ildə vəfat etmiş mərhum həyat yoldaşı X3 miras qalmış ünvan 5 ünvanda yerləşən bir mərtəbəli, iki otaqlı mənzil və Xaçmaz rayonu, Tel kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinə münasibətdə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlər ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun yoldaşı rəhmətə gedəndən, yəni 2016-cı ildən sonra Tel kəndində olan evdə yaşamışdır. Ümumiyyətlə yoldaşı rəhmətə getməmişdən qabaq onlar ər-arvad kimi Tel kəndində olan evdə yaşamışlar. Təsərrüfatı idarə etmişdir. Kommunal ödənişləri də ödəmişdir. Oğlu isə öz ailəsi ilə bir yerdə Xudatda olan evdə yaşayır. Oğlu onu digər evə də qoymur. Payların ayrılmasını xahiş edir. O, artıq yaşlaşır. İstəyir ki, özünə məxsus evi olsun. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Onu evdən heç kim qovmayıb. Gedib hansında istəyir yaşaya bilər.Payların hər vərəsəyə çatacaq dərəcədə bölünməsinə etiraz etmir. O, ünvan 7 ünvanında yaşayır. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X19 ifadəsində göstərmişdir ki, Rəhilə xanımı tanıyır, eyni kənddə yaşayırlar. O, Tel kəndində qalır. Rəhilə xanım 2016-cı ilə kimi Tel kəndində yaşayıb. Yoldaşı 2016-cı ildə dünyasını dəyişib. Ondan sonra heç kim həmin evdə yaşamayıb. O evdə ancaq Rəhilə xanımın yaşadığını bilir. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X12 ifadəsində göstərmişdir ki, Rəhilə xanımı tanıyır, eyni kənddəndirlər, yəni Tel kəndində yaşayırlar. Hazırda kənddə yaşayır. Rəhilə xanımı kənddə görmüşdür. Onlar qonşuluqda yaşayırlar. Yoldaşının adı Ələddin idi. Yoldaşı 2016-cı ildə dünyasını dəyişib. Yas həmin evdə verilib. O, həmin evdə Rəhiləni yaşayan görmüşdür . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mehrəliyeva (Əhmədova) Sədaqət Ələddin qızına və X8 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mehrəliyeva (Əhmədova) Sədaqət Ələddin qızı məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, atasından miras qalmış evlərdən ona düşən payın ayrılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, şahidlərinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı xx.xx.1983-cü ildə ildə nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Əhmədova soyadını qəbul etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Notariat Ofisinin İddiaçı ünvanlanladığı məktubundan görünür ki, X3 miras qalmış əmlakı qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirməkləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İşdə olan vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək X10-ona məxsus olan ünvan 9ində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 1-ci mərtəbəsini və həyətyanı torpağın 0.10 hissəsini, ünvan 8 ünvanda yaşayan həyat yoldaşı İddiaçı və qalan hissəsini ünvan 9ində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 2-ci mərtəbəsini və həyətyanı torpağın 0.10 ha hissəsini ünvan 8 ünvanda yaşayan qızı X9 vəsiyyət etmişdir. İşdə olan arayışdan görünür ki, X1 rayon Xudat şəhəri Dəmiryolu ev 1 m 4 ünvanda xx.xx.2016-cı ilədək yaşamış və xx.xx.2016-cı ildə orada vəfat etmişdir. Vəfatından sonra arvadı - İddiaçı, oğlu- Cavabdeh- qızları X6 və X13 qalmışlar. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xudat stansiyasında dəmir yolunda 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 33.3 kv.metrlik, faydalı sahəsi 45.3 kv.metrlik mişar daşından tikilmiş, damı dəmir ilə örtülmüş ev 1 mənzil 4 şəxsi mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmışdr. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 9ində yerləşən 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin fərdi yaşayış evinin Texniki pasportundan müəyyən olunur ki, ünvan 9i ünvanında yerləşən ev X4 adına işlənmiş və 2 mərtəbə, ümumi sahəsi 48 kv.metr olan evdən ibarətdir. İşdə olan Xaçmaz rayon Nabran kənd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 49 saylı Arayışdan müəyyən olunur ki, Xudat şəhər sakini İddiaçı, ünvan 9ində yerləşən ərindən miras qalan DƏDRX-nin şıxarış nömrəsi **********60-10301 olan, 0.20 ha xüsusi mülkiyyətli torpaq sahəsinin torpaq vergisini onun həyat yoldaşı X4 vəfatından sonra həqiqətən də İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir. İşdə olan Xaçmaz rayon Nabran kənd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 224 saylı Arayışdan müəyyən olunur ki, Xaçmaz rayonu Xudat şəhər sakini İddiaçı həqiqətən də ünvan 9i ərazisində yerləşən mərhum həyat yoldaşından miras qalan DƏDRX-nin çıxarış nömrəsi **********60-10301 olan, 0.20 ha xüsusi mülkiyyətli torpaq sahəsində və orada inşa olunmuş yaşayış evində həyat yoldaşının vəfatından sonra qeydiyyatda olmadan yaşamışdır. İşdə olan "xxxx" ASC-nin Abonentin saldosundan müəyyən olunur ki, **********00850 saylı abonent İddiaçı adına tərtib edilmişdir. İşdə olan qəbzdən müəyyən olunur ki, İddiaçı cari ilin torpaq vergisini ödəmişdir. İşdə olan qəbzlərdən müəyyən olunur ki, İddiaçı müntəzəm olaraq qaz və işıq enerjisi sərfiyyatına görə ödənişləri ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin fərdi yaşayış evinin Texniki pasportundan müəyyən olunur ki, Xaçmaz rayon Tel kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il ********** qeydiyyat nömrəli.**********60-10301 reyestr nömrəli çıxarışa və ünvan 10 ünvanda yerləşən mənzil xx.xx.1997-ci il tarixli, 1A-976 nömrəli qeydiyyat vəsiqəsinə əsasən hal- hazırda X4 mülkiyyətindədir. xx.xx.1997-ci il tarixli, 1A- 976 qeydiyyat vəsiqəsi əsasında 05/405 saylı 14.08 2019-cu il tarixli yüklülüyə dair arayış verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X10 ilə İddiaçı xx.xx.1983-cü ildə nikaha daxil olmuşlar. X10 xx.xx.2016-cı ildə ölmüşdür. Vəfatından sonra ünvan 7 ünvanında olan bir mərtəbəli, iki otaqlı mənzil və Xaçmaz rayonu, Tel kəndində olan 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146.8 ha olan yaşayış evi miras olaraq qalmışdır. Vəsiyyətnamə ilə ona məxsus olan ünvan 9ində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 1-ci mərtəbəsini və həyətyanı torpağın 0.10 hissəsini, ünvan 8 ünvanda yaşayan həyat yoldaşı İddiaçı və qalan hissəsini ünvan 9ində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 2-ci mərtəbəsini və həyətyanı torpağın 0.10 ha hissəsini ünvan 8 ünvanda yaşayan qızı X9 vəsiyyət etmişdir. Ölümündən sonra 4 vərəsəsi qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbayjan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki jəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Beləliklə iş materiallarından, tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, mərhumun birinci növbə vərəsəsi İddiaçı Əhmədov Ələddinin ölümündən sonra miras kütləsinə daxil olan Xaçmaz rayonu, Tel kəndində yerləşən fərdi yaşayış evində yaşamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin birinci növbəli vərəsələrdən Cavabdeh da miras kütləsinə daxil olan ünvan 7 ünvanında yaşamaqla əmlakı faktiki qəbul etmişdir. Eləcə də miras kütləsinə daxil olan əmlaklar X10 tərəfindən vəsiyyətnamə ilə Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin birinci mərtəbəsi və həyətyani torpağın 0.10 hissəsini İddiaçı, qalan hissə-Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 2-ci mərtəbəsini və həyətyani torpağın 0.10 ha hissəsini qızı X9 vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh və digər üçüncü şəxs X2 vəsiyyətnamə ilə miras qoyulmuş əmlakdan birinci növbə vərəsə olduqları üçün yalnız məcburi pay almaq hüquqları yaranır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mirasdan ona çatacaq paydan rəsmi qaydada imtina etmədiyindən onun miras kütləsindən məcburi pay almaq hüququ vardır. ünvan 12 ünvanına münasibətdə vəsiyyətnamə olmadığından, həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ tədbiq edilərək vərəsələrin payları bərabər şəkildə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə görə, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Müki Məcəllənin 1301-ci maddəsinə görə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Göründüyü kimi iş materiallarında digər vərəsələrin mirasdan notarial qaydada imtina etmələri ilə bağlı heç bir sənəd və məlumat yoxdur, buna görə də məhkəmə hesab edir ki, X3 miras qalmış əmlaklar onun bütün vərəsələri arasında bölüşdürülməlidir. Məhkəmə qüvvədə olan maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun miras və vərəsəliklə bağlı qeyd etdiyi hüquqi mövqeyini rəhbər tutaraq, hesab edir ki, İddiaçı tərəfindən vəsiyyət üzrə mirası əmlak şəklində qəbul etməsi faktı müəyyən edilməli, miras kütləsinə daxil olan ünvan 12 ünvanı vərəsələr arasında bərabər şəkildə, yəni hər birinin payı ¼ olmaqla müəyyənləşdirilməli, İddiaçı, Cavabdeh, X7 və X2 hər birinin payı ¼ hissə olmaqla vərəsəlik hüququ müəyyən olunmalı, Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 3/8 hissəsinə İddiaçı, 3/8 hissəsinə X7, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə isə X2 vərəsəlik hüququ müəyyən olunmalıdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, iki otaqlı mənzilin və Xaçmaz rayonu, Tel kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin İddiaçı tərəfindən vəsiyyət üzrə qəbul etməsi faktı müəyyən edilsin. ünvan 12 ünvanının ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X7 və ¼ hissəsinə X2 vərəsəlik hüququ tanınsın. Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 3/8 hissəsinə İddiaçı, 3/8 hissəsinə X7, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə isə X2 vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar