Məhkəmə qərarları › İş №2(067)-162/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-162/2023

06.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-162/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1971- ci ildə Bakı şəhərində doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 doğma qızıdır. O, 19 oktyabr 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qızı Xanım uşaqlıqdan «kəm ağıllıqla epilepsiya» diaqnozu ilə ağır xəstədir. Yəni zəif ağıllıqla epilepsiya tutmaları (pripadkalar) tez-tez baş verdiyindən onu evdən küçəyə çıxmağına və ya sərbəst hərəkət etməyinə yol vermək olmur. Tez-tez baş verən epileptik tutmalar zamanı bir neçə dəqiqə huşunu itirir və yıxılıb yerdə çabalayır. Odur ki, evdə dəfələrlə əl-ayağını, üst-başını yandırmış və başqa xəsarətlər almışdır. Odur ki, onun sərbəst hərəkəti hər an təhlükəlidir. Ona görə də onun əvəzinə bütün hərəkətləri özü görməli olur. Çünki Xanım öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qızı Xanım məhkəmə yolu ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Bu, Xanamın öz xeyrinə olardı. Qızı Xanım uşaqlıqdan İİ qrup əlildir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 07331136 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası TƏBİB PHŞ Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2022-ci il tarixli PHŞ/64-2-2022-392 saylı məktubundan görünür ki, Xaçmaz rayon sakini X3 2010- cu il tarixdən “Epilepsiya. Ağıl zəifliyi” diaqnozu ilə həkim- psixiatrın qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-ci il tarixli 326 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1971-cü il təvəllüdlü X1 epilepsiya xəstəliyi nəticəsində yaranan ağıl zəiflyi müəyyən edilir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar