Məhkəmə qərarları › İş №2(067)-1657/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1657/2024

25.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1657/2024 25.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsinə dair Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən bağlanmış 11 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair ünvan 4 2023-cü il tarixli, 4Ə1918 nömrəli, ümumi sahəsi 108.97 kv.metr olan ünvan 10 ünvanında yerləşən evə dair ünvan 4 2023-cü il tarixli, 4Ə1917 nömrəli “Daşınmaz Əmlakın Bağışlanması müqavilələrinin” etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun arvadıdır. 03 avqust 2005-ci il tarixdə nikaha girmişlər, birgə nikahdan 2006-cı il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü, X3 anadan olmuşdur. Cavabdehlər 2023-cü ilin ortalarında münasibətləri korlandıqdan sonra ona nikahın pozulmaması üçün ona təklif etdi ki, ona məxsus olan əmlakları onun adına keçirtsə onun uşaqları üçün təminat olacaqdır, o, isə əvəzində ailəni qoruyub saxlayacaq, nikahın pozulması halına yol verməyəcəkdir. Cavabdeh ona vəd verdi boşanmayacaqdır. Bu səbəbdəndə o, ona məxsus əmlakları cavabdehə pay kimi verdi. Üzərindən qısa bir müddət keçdikdən sonra cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etdi, hal-hazırda iddia ərizəsi Xaçmaz rayon Məhkəməsinin Aynur Əliyevanın icraatında 2(067)-498/2024 saylı nömrə ilə baxılmaqdadır. Cavabdeh onu aldatmış, aldatma yolu ilə əmlakları öz adına keçirmişdir. Bu halda onui ağır vəziyyətə salmış, maddi imkanını azaltmışdır və o, maddi cəhətdən imkansızlaşmışdır. Onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsinə, ünvan 2ünvanmda yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2ünvanmda yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə, ümumi sahəsi 108.97 kv metr olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi,ev 72,mənzil 350 ünvanında yerləşən evə dair ünvan 6 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, 12 iyul 2023-cü il tarixli, 4Ə-1918 nömrəli, 12 iyul 2023-cü il tarixli 4Ə-1917 nömrəli “Daşınmaz Əmlakın Bağışlanması müqavilələri” bağlanmışdır. Daha sonra iddiaçı iddiasının dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanında yerləşən mənzilin tərəfindən Cavabdeh bağışlanmasından imtina olunmasının qəbul edilməsini və həmin əmlakların onun mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh səs yazısında da əmlakları hansı şərt əsasında verdiyini etiraf etmişdir. Dediyi kimi o, ailəsini bərpa etmək istəyib. Ancaq cavabdeh onu aldadıb. Bundan başqa iddiaçı əlavə olaraq bildirdi ki, o aldadıldığını biləndən sonra, onlar bir evdə yaşayan zaman dəfələrlə Güneldən əmlakların qaytarılmasını tələb etsə də, cavabdeh əmlakları qaytarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh onu evdən qovmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, cavabdeh iddiaçının həyat yoldaşıdır. İddiaçı cavabdehlə 03 avqust 2005ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2006-cı il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasındakı münasibətlər artıq 2023-cü ildə pozulmağa başlamışdır, problemlər, mübahisələr yaranmışdır. İddiaçının başqa xanımla münasibəti olmuş, cavabdeh də bunu bilmişdir. Cavabdehin də razılığını almışdır. Daha sonra cavabdeh iddiaçıya təklif etmişdir ki, iddiaçıya məxsus əmlakları cavabdehin adına keçirtməsi ilə iddiaçıdan boşanmayacaqdır. Bu əmlakların uşaqların təminatı olacağını demişdir. Qısacası, yəni iddiaçını inandırmışdır. Bu səbəbdən də iddiaçı özünə məxsus əmlakları cavabdehə pay kimi verib. Əmlaklarını cavabdehə bağışlayıb. Üzərindən qısa müddət keçəndən sonra cavabdeh məhkəməyə müraciət etmişdir. Hazırda da iş icraatdadır. Belə halda cavabdeh iddiaçını aldatmış olur. Hazırda böyük uşaq Mirkənan atasının yanında qalır. Bu əmlakara daxil olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri-yaşayış binası, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsi İddiaçı atasından keçmiş əmlakdır. Bundan başqa ünvan 10 ünvanında yerləşən ev isə birgə nikah dövründə alınan əmlakdır. Onsuz bu ev tərəflər arasında bölünəcəkdir. Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evi, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha torpaq sahəsi də bağışlanan əmlaklara daxildir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra xanım ünvan 10 ünvanında yerləşən evə gedib yerləşir və iddiaçını o evə buraxmayaraq münasibətlərini kəsir. Hesab edir ki, ədalətli qərar qəbul ediləcək. Əmlaklardan yalnız ünvan 11 ünvanında yerləşən ev birgə nikah dövründə alınan əmlakdır. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 izahatında göstərmişdir ki, bağışlanan əmlakların imtina olunması əsaslandırılmalıdır. Qarşı tərəfin dedikləri isə tamamilə əsassızdır. Eyni zamanda Konstitusiya Məkməsinin qərarında göstərilir ki, bağışlanma müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağşılamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Eyni zamanda 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəasında qeyd olunur ki, əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinnı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Sadalanan şərtlərdən heç biri baş verməyib. Hesab edir ki, iddianın təmin olunması üçün heç bir əsas yoxdur. 18 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən tərəflərin birgə nikahdan olan övladı X2 izahatında göstərmişdir ki, iddiaçı və cavabdeh onun valideynləridir, heç biri ilə ədavəti yoxdur. Keçən il bu vaxtlar anası atasından boşanmaq istəyirdi. Lakin atası razı deyildi. Atası anasına deyirdi ki, uşaqların gələcəyi var, boşanmayaq. Sonra anası bir şərtlə razı oldu ki, əmlakları anasının adına keçirilsin. Belə də oldu. Atası əmlakları anasının adına keçirtdi. Bir müddət anası ilə atasının arası yaxşı oldu. Daha sonra anası atasına hədə-qorxu gəlməyə başladı. Hətta onu evə buraxmırdı. Sentyabr ayında isə boşanma kağızı ilə gəldi. Əslində atası ilə anasının arasında heç bir problem yox idi. Atası anasını döyməyib, təhqir eləməyib. Anası şəxsən özü deyib ki, 3 əmlakı da adına keçirsən, boşanmayacaq. Bunu anasından özü soruşmuşdur. Anası bunu ona şəxsən özü deyib. Anası atasının qeyri-nikahdan uşağı olacağını əvvəldən bilirdi. Bu boşanmağa səbəb deyil. Hətta özü deyirdi ki, Allah vergisi olan uşaqdı. Yəni, heç nə demirdi. Sonradan bu məsələni problem elədi. Anası hər şeyi bilirdi və razı idi. Əmlaklar anasının adına keçəndən sonra anası 180 dərəcə dəyişdi. Onun doğma bacısı da var. O, hazırda anasının yanında qalır. Atasının qeyri-nikahdan yoldaşı var. Atasının qeyri-nikahdan olan yoldaşı da Xudatda yaşayır. O, qadın onlara gəlib-getmir. Atası özü ona ikinci yoldaşı olduğunu bildirmişdi. O, hazırda Xudatda yerləşən obyektdə nəzarətçi işləyir. Onun bu əmlak məsələsindən atası ilə anası danışarkən xəbəri olub. Yəni, onlar danışarkən eşitmişdir. Anası atasına hədə-qorxu gəlirdi. Atası da əmlakları anasının adına keçirib. Anası ilə axrıncı dəfə nə vaxt danışıbsa yadında deyil. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 4Ə- 1908 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. - ünvan 4 2023-cü il tarixli, 4Ə1918 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. - ünvan 4 2023-cü il tarixli, 4Ə1917 nömrəli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ümumi sahəsi 108.97 kv.metr olan ünvan 10 ünvanında yerləşən evi Cavabdeh bağışlamışdır. - Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(067)-498/2024 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 300 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX№ ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışından müəyyən olunur ki, Xudat şəhəri, Şəhriyar küçəsi 80 saylı ünvanda 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olub. - Arayışdan müəyyən olunur ki, tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ev xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. - Mediasiya Prosesinin tədbiqi barəsində olan xx.xx.2023-cü il tarixdə verilmiş təklifdən görünür ki, Təklif göndərən şəxs olaraq Cavabdeh Təklif göndərilən tərəf olaraq İddiaçı qarşı nikahın pozulması, aliment və əmlak tələbi ilə bağlı təklif göndərmişdir. - Ev alqı-satqısı ilə bağlı fotoşəkillərdən (elandan) müəyyən olunur ki, Bakı şəhəri 9 mkr- M.Cəlal küçəsində olan yeni tikilidə yerləşən 2 otaqlı ev 215000 manata satışa çıxarılmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair № 01/2024 saylı Arayışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, ümumi sahəsi 185.3 kv.m olan tikilinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 75000 (yetmiş beş min) manat, № 02/2024 Arayışdan müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən, 0.0143 ha torpaq sahəsində, tikilinin ümumi sahəsi 269.5 kv.m olan obyekt xx.xx.2024-cü il tarixinə bazar dəyəri 170000(bir yüz yetmiş min) manat, № 03/2024 Arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkrn, Mir Cəlal küçəsi, ev 72, 350 saylı mənzilin xx.xx.2024cü il tarixinə bazar dəyəri 218000(iki yüz on səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan ailə daxili münaqişələr baş vermiş, cavabdeh ilə iddiaçı arasında əmlakların sonuncuya bağışlanacağı təqdirdə boşanmamaq vədi verməklə şifahi olaraq razılığa gəlmişlər. İddiaçı sözügedən əmlakları cavabdehə bağışlasa da, cavabdeh sonradan aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin aralarında olan razılığı pozması əsası ilə məhkəməyə müraciət edərək, bağışladığı əmlaklardan imtinanın qəbul edilməsini xahiş etmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. - 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. - 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. - 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. - 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında formalaşdırılmış mövqeyindən müəyyən olunur ki, - Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən qərarında da vurğulanmışdır ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. İşin araşdırılan hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı ailə dəyərlərinə sadiq qalaraq, ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən çıxış edərək ailə bağlarının daha da möhkəmləndirilməsi üçün ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzili nikahda olduqları zaman arvadı Cavabdeh bağışlamışdır. Göründüyü kimi İddiaçı öz arvadına heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi dəyərlər zəminində maddi dəyərləri yüksək olan (təxminən 463.000 manat) əmlakları öz arvadına bağışlamışdır. Nəticədə bununla o mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada əmlakları bağışlamaqla zənginləşdirmişdir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alan sağlam ailə münasibətlərinin kökünü sarsıdan hərəkət edərək, əmlakları qəbul etdikdən qısa müddət sonra nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hədiyyə alan olaraq hədiyə verənin ümidlərini puç edərək, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, nəticədə bağışlamanın motivini aradan qaldırmış, bununla da bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı cavabdehin ailə münasibətlərinin təməlini kökündən sarsıdan, iddiaçıya mənəvi və psixioloji zərər vurması səbəbindən İddiaçı də hazırki iddiada qoyulmuş tələbi irəli sürməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskinə baxış keçirilən zaman da müəyyən olundu ki, iddiaçı qeyd olunan əmlakları ailə münasibətlərini qoruyub saxlamaq üçün cavabdehə bağışlasa da, cavabdeh iddiaçının qeyd olunan saf niyyətindən sui-istifadə etmiş, əmlaklar ona bağışlanandan sonra boşanma ilə bağlı məhkəməyə müraciət etməkdə yaxşı elədiyini bildirmiş, məhkəmə gedişatı zamanı səs yazısının da ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, tərəflərin birgə nikahından olan övladları da bağışlanmış əmlakların ailə münasibətlərinin qorunub saxlanması üçün bağışlanmasının şahidi olsa da, anası bunun əksinə, ailə dəyərlərini və bütövlüyünü qorumaq əvəzinə boşanmağa üstünlük verdiyini, onun buna şahid olduğunu etiraf etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş ev alqı-satqısı ilə bağlı fotoşəkillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özünün də məhkəmə iclasında etirafedici ifadəsi ilə təsdiq olunmuş və nəticədə ortaya çıxan niyyətinin heç də ailənin qorunub saxlanması deyil, qeyd olunan əmlakların onun mülkiyyətinə keçməklə özünün bəhrələnməsinə nail olmaqdan ibarət olması müəyyən olunmuşdur. Başqa sözlə, iş materialları ilə təsdiq olunur ki, hədiyyəni qəbul etdikdən sonra, Cavabdeh ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələri pozmuşdur. Məhkəmənin qənaətinə görə, Cavabdeh bağışlanan əmlakları qəbul etməsi və bundan təqribən iki ay sonra bağışlamanın qarşılığnda verdiyi vədə əməl etmədən İddiaçıla olan nikaha xitam verməsi barədə məhkəmədə iddia qaldırması onun əsas niyyətinin öz hüququndan sui-istifadə etməklə ərinin əmlakını özününküləşdirmək olduğunu deməyə əsas verir. Halbuki qüvvədə olan qanunvericiliyə görə hüquqdan suiistifadə qadağandır (Mülki Məcəllənin 16 və 560-cı maddələri). Beləliklə, tərəflərin və şahidin izahatını, işin hallarını və işdə olan kifayət qədər mötəbər sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasından imtinası qəbul olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmənin qənaətinə görə, iddianın bu qaydada təmin edilməsi mübahisəli əmlaklar üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa olunmasına kifayət edir. Məhkəmə, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair iddiası qismən təmin olunsun. ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasından imtinası qəbul olunsun. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar