Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1796/2024 08.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdeh Xaçmaz Regional qaz istismarı idarəsinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xaçmaz Regional qaz istismarı idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Regional qaz istismarı idarəsi tərəfindən 21 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilməklə məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia tələbini əsl Cavabdehnə qarşı deyil, iddiaya cavab verməli olmayan şəxsə- Xaçmaz Regional qaz istismarı idarəsinə qarşı irəli sürmüş, iddia ərizəsinin giriş hissəsində konkret tələbi göstərməmiş, eləcə də tələbində mübahisələndirdiyi 21 oktyabr 2020-ci il tarixli aktla sayğacdan kənar qeyri-qanuni istifadə edilməsinə görə barəsində cərimə tətbiq edilməsini göstərsə də hansı məbləğdə cərimə olmasını iddia ərizəsində göstərməmiş, bununla bağlı ərizəyə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sənədləri (cərimə olunmasını özündə əks etdirən sənədlər- abonentin saldosu və yaxud Cavabdeh digər zəruri sənədlərini) əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə tərtib edildiyindən və iddiaçı tərəfindən iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar əlavə edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz Regional qaz istismarı idarəsinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1796/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1796/2024
08.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver