Məhkəmə qərarları › İş №2(067)-182/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-182/2022

03.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-182/2022 03.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan ünvan 1i ünvanında yerləşən yaşayış evində quraşdırılmış köhnə qaz sayğacına görə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.05.2019-cu il tarixli ******* №-li akt və 31.05.2019-cu il tarixli komissiya qərarı əsasında istehlakçı kimi onun ünvanına hesablanmış 536,40 manat məbləğində borc pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. X1 onun atası olmuşdur. X3 24 iyul 2020-ci ildə vəfat edib. Yaşayış evinə və torpaq sahəsinə dair bütün kommunal xərclər həmin vaxtdan övladı olaraq onun tərəfindən ödənilir. Lakin yaşadığı ünvanda quraşdırılmış köhnə qaz sayğacı istehlakçı olaraq mərhum X3in adında qalmış, sonradan o abonentliyi öz adına rəsmiləşdirmişdir. Atası vəfat edənə qədər abonent haqqlarını atasının adından o ödəmişdir. Qaz sayğacı ünvanlarına uzun müddətdir ki, quraşdınlmışdır. Atasının sağlığında ikən 2019-cu ildə Qaz İdarəsinin bir neçə əməkdaşı yaşadıqları ünvana quraşdırılmış qaz sayğacını götürülmüş və yenisi ilə əvəz edilmişdir. Həmin vaxt sayğacda hər hansı başqa xəta barədə ona heç bir məlumat verilməmiş, belə bir xəta barədə heç bir sənəd tərtib edilməmişdir. Yaxın vaxtlarda yaşadığı evinə qaz borcuna dair bildiriş gələndə ona məlum olmuşdur ki, abonent olaraq hesabına 536 manat 40 qəpik qaz sərfiyyatı hesablanıb. Bu barədə Qaz idarəsinə gedib maraqlandıqda ona bildirmişlər ki, evlərindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni sayğacın daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır rəyi verilmişdir. Onlar bu barədə 30 may 2019-cu il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən 5364 kub metr qaz sərfiyyatı, 536 manat 40 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 may 2019-cu il tarixli ******* №-li akt əsasında yazılmış 31 may 2019-cu il tarixli komissiya qərarı ilə qəti razı deyil. Halbuki, qaz sayğacı götürülərkən sayğacda hər hansı başqa xəta əlamətləri olması barədə heç bir sənəd tərtib olunmamışdır. Sayğaca baxış keçirilərkən qanunvericiliyin tələblərinə əsasən hal şahidləri dəvət edilməmiş, sayğac qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq möhürlənməmiş, heç bir sənədləşmə aparılmadan adi qaydada götürülüb aparılmışdır. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi halının nə vaxt baş verməsi ona məlum deyildir. O qaz sərfiyyatına görə ödənişləri vaxtaşırı etmiş, nə atası, nə onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğacı yaşadığ evin hasarından kənarda yeriəşdirilməklə küçəyə qoyulmuşdur. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Evin çölündə quraşdırılmış sayğaca görə o məsuliyyət daşımır. Buna görə məsuliyyət barədə qaz idarəsi ilə hər hansı müqaviləsi də yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun atası X1 24.07.2020-ci ildə vəfat edib. Həmin vaxtdan evin bütün kommunal xərclərini özü ödəyir. Evin qaz sayğacını da atasının adından öz adına keçirib. 2019-cu ildə Xaçmaz RQİİ-nin işçiləri yaşadığı evə gəlib sayğaca baxış keçiriblər və evdə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və həmin vaxt sayğacda hər hansı bir nasazlıq barədə heç nə bildirməyiblər. Lakin sonradan qaz borcuna görə bildiriş gələndə ona məlum olub ki, 536,40 manat əlavə pul hesablanıb. Ona bildirilib ki, guya sayğacı laboratoriyaya göndəriblər və orada müəyyən olunub ki, sayğaca müdaxilə olunub. Bu səbəbdən 30.05.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və komissiya qərarına əsasən ona 536,40 manat pul hesablanıb. Bunu əsassız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməyib. Odur ki, qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sayğacda hər hansı bir nasazlıq, sayğaca müdaxilə barədə ona heç nə bildirilməyib. Hazırda qaz sayğacı onun adına qeydə alınıb. Sayğaca heç bir müdaxilə etməyib. İstifadə etdiyi təbii qaza görə borcu yoxdur. Sayğac evdən bayırda quraşdırılıb. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan 30.05.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı sayğacın plasmas qapağının yan tərəfində iz olduğundan plomb açılmış, sayğacın hesablama mexanizmasının qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.05.2019-cu il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.05.2019-cu il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 536,40 manat məbləğində ziyan silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.05.2019-cu il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 536,40 manat məbləğində ziyan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar