Məhkəmə qərarları › İş №2(067)-184/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-184/2022

12.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-184/2022 12.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən 0.39 ha torpaq sahəsinin alınaraq ona geri qaytarılması və 0.39 ha torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 24.12.2015-ci il tarixdə Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətinə Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çaynın yaxınlığından 0.39 hektar torpaq sahəsi verilmişdir. 0.39 hektar torpaq sahəsi onun mülkiyyətinə verilməsinə baxmayaraq Cavabdeh onun mülkiyyətini əsassız və qanunsuz olaraq bugünki günədək istifadə edir. Odur ki, cavabdehin əsassız olaraq onun 0,39 hektar torpaq sahəsində apardığı tikintilərlə əlaqədar olaraq Xaçmaz rayon PŞ-də ərizəsi ilə 2005-ci ildə müraciət etmiş, 2005-ci ildə cavabdehin barəsində cinayət işidə açılmışdır və zəbt olunmuş 0,39 hektar torpağın boşaldılması cavabdehə tövsiyyə olunmuşdur, lakin cavabdeh 2005-ci ildən bugünki günədək onun torpağından qanunsuz olaraq istifadə edir. Odur ki, cavabdehin yanına dəfələrlə gedərək cavabdehə bildirmişdir ki, ona məxsus mülkiyyətini boşaltsın və orada qanunsuz tikilmiş tikintilərini söksün lakin cavabdeh ona müxtəlif vədlər verərək onun mülkiyyətindən bugünki günədək istifadə edir. Cavabdeh onun mülkiyyətində olan əmlakını könüllü olaraq ona qavtarmadığı üçün onu məhkəməyə, müraciət etməyə məcbur etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 24.12.2015-ci il tarixdə RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan Çıxarışla onun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində, Qudyalçayının yaxınlığında cəmi 0,39 ha torpaq sahəsi verilib. Lakin həmin torpaq sahəsindən bu günədək cavabdeh qanunsuz olaraq istifadə edir. Onun həmin ərazidə apardığı tikililərlə əlaqədar olaraq barəsində Xaçmaz RPŞ-və 2005-ci ildə müraciət etmiş və bunun əsasında cavabdehin barəsində cinayət işi açılıb, ona torpaq sahəsini boşaltması tövsiyyə olunub. Buna baxmayaraq, cavabdeh torpaq sahəsindən hələ də istifadə edir, oradakı tikililəri sökmür. Ona görə məhkəmədə iddia qaldırmışdır. O adına verilmiş RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan 0,39 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və orada inşa etdiyi tikililəri sökməsini tələb edir. İddianın təmin edilməsini xahiş edir. İddiaçı əlavə olaraq onu da bildirmişdir ki, iddia tələbində qeyd olunan 24.12.2015ci il tarixli Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətində olmuş Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.39 hektar torpaq sahəsi 0,10 ha və 0,29 ha hissələrə bölünərək alqı-satqı müqaviləsi ilə X1 da, sonradan yenidən alqı-satqı olunaraq onun mülkiyyətinə verilmiş və hal-hazırda həmin torpaq sahələri müvafiq çıxarışlar əsasında onun xüsusi mülkiyyətindəndirlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş və iddia ərizəsinin olduğu kimi qəbul edilərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehlə iddiaçı arasında qeyd olunan torpaq sahəsi ilə bağlı iyirmi ildən artıqdır ki, mübahisə gedir. Bir neçə dəfə mülki və cinayət məhkəmələri olmuşdur. Həmin məhkəmələr kassasiya instansiyalarına qədər davam etmişdir və hər bir məhkəmə üzrə yekun qərar qəbul olunmuşdur. Hal-hazırda İddiaçı Meyralı oğlu məhkəməyə verdiyi iddia ərizəsini onunla əsaslandırmağa çalışır ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 0,29 ha torpaq sahəsinə **********53 reyestr nömrəli və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 0,10 ha torpaq sahəsinə **********54 reyestr nömrəli çıxarışlar əsasında torpaq sahələri guya ona mövcuddur. Göründüyü kimi, iddiaçı cavabdehdən faktiki olaraq iki ayrı-ayrı torpaq sahələrini tələb etsə də, iddia tələbində iddiaçıdan yalnız bir torpaq sahəsini, hal-hazırda mövcud olmayan 0,39 ha torpaq sahəsini tələb edir. Bundan başqa, iş materiallarında olan çıxarışlardan göründüyü kimi, Xaçmaz rayonu, X3 yerləşən 0,39 ha torpaq sahəsi İddiaçı Meyralı oğlu tərəfindən “alqı-satqı müqavilələri vasitəsilə” iki hissəyə bölünüb, hər bir torpaq sahəsinə ayrı-ayrı çıxarışlar alınmışdır (0,10 ha və 0,29 ha). Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 24.12.2015-ci il tarixli Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarışın əsasını isə DTXK Xaçmaz rayon şöbəsinin 27.12.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı təşkil etmişdir. Halbuki, Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsinin qət hissəsinin 2-ci bəndinə əsasən isə İddiaçı Meyralı oğlunun adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilməsi və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-1959/2077 saylı 21 iyun 2007-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən qüvvəsini almışdır. Cinayət məhkəməsi üzrə isə Cavabdeh əməlində torpağın zəbt etməsi cinayətin əlamətləri olmadığından barəsində bəraətverici hökm çıxarılmışdır. Buna görə də, İddiaçı Meyralı oğlunun iddia tələbinin əsassız olduğunu nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 24.12.2015-ci il tarixli Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.10.2016-cı il tarixli Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 18.07.2017-ci il tarixli Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsinin surətinin qət hissəsinin 2-ci bəndindən görünür ki, İddiaçı Meyralı oğlunun adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK- 1959/2077 saylı 21 iyun 2007-ci il tarixli 1MK-1959/2007 saylı qətnaməsinin surətindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin 2-310,2005 saylı mülki işi Xaçmaz rayon məhkəməsinin arxivindən sorğu edilərək götürülmüş, iş materiallarına baxış keçirilmiş və Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-1959/2077 saylı 21 iyun 2007-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qətnamənin qanuni qüvvəsini alması və icraya göndərilməsi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir: Məhkəmə ilk növbədə onu qeyd edir ki, İddiaçı Meyralı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin giriş hissəsində 24.12.2015-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsinin onun mülkiyyətində olmasını və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsini bildirməklə, ərizəsinin xahiş hissəsində 0,39 ha torpaq sahəsinin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Meyralı oğlu şifahi izahatında iddia ərizəsində göstərdiyi 0,39 ha torpaq sahəsinin hal-hazırda 0,10 ha və 0,29 ha hissələrə bölünməsini qeyd etsə də, bununla bağlı iddianın dəqiqləşdirilməsini aparmaqdan imtina etmiş və cavabdehin qanunsuz sahibliyində olan 0,39 ha torpaq sahəsinin geri tələb olunmasına dair iddiasını müdafiə etmişdir. İddiaçının izahatından və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin 26.10.2016-cı il tarixli və 18.07.2017-ci il tarixli Çıxarışlardan müəyyən olunur ki, İddiaçı Meyralı oğlunun mülkiyyətində iddia tələbində göstərilən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində 0,39 ha torpaq sahəsi halhazırda mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Meyralı oğlunun iddia tələbində cavabdehdən tələb etdiyi Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi faktiki olaraq mövcud olmadığından, iddiaçının mövcud olmayan torpaq sahəsinin cavabdehdən tələb etməsi əsassızdır. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin 26.10.2016-cı il tarixli Çıxarışı ilə 0,29 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin 18.07.2017-ci il tarixli Çıxarışı ilə 0,10 ha torpaq sahələri əvvəllər 0,39 ha sahəli vahid torpaq qismində olmuşlar və İddiaçı Meyralı oğlunun həmin 0,39 ha torpaq sahəsinə olan xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 24.12.2015-ci il tarixli Çıxarışla təsdiq olunmuşdur. Lakin iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan “Torpaq sahəsinin planı və ölçüsü haqqında” A№034249 nömrəli sənəddən görünür ki, İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş 0,39 ha torpaq sahəsinin verilməsinə olan əsas DTXK Xaçmaz rayon şöbəsi 27.12.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. Həmin DTXK Xaçmaz rayon şöbəsi 27.12.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə də, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş və mülkiyyət hüquqları 2015-ci ildə rəsmiləşdirilmiş Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi ona DTXK Xaçmaz rayon şöbəsi 27.12.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verildiyindən məhkəmə bu sənəd əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışları mötəbər hesab edə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbində cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyi qeyd olunsada iddiaçının həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün əsas hesab olunan hüquqi sənəd məhkəmə qətnaməsi əsasında ləğv edildiyindən, hazırda iddiaçının mübahisəli torpaq sahəsinə dair çıxarışı etibarsız hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab olunduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar