Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1856/2021 28.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt və komissiya qərarı əsasında əsassız hesablanmış qaz sərfiyatı məbləğinin silinməsi tələbinə dair mülki işə 28 iyul 2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpasına dair” 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 329.40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin may ayında Xaçmaz RQİİ-nin işçiləri evlərinə gələrək, evə quraşdırılmış G-4 markalı qaz sayğacını dəyişdirərək, yenisi ilə əvəz etmişlər və bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə ona irad bildirilməmişdir. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və o, həmin sayğacın göstəricilərinə əsasən istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Yaxın vaxtlarda Xaçmaz RQİİ-nin işçiləri evinə gəlin bildiriş təqdim edəndə onaevindən çıxarılmış qaz sayğacının laboratoriyaya göndərildiyini və guya sayğacda nöqsan aşkar edildiyini bildirmişlər. Yəni “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib” rəyi verilmişdir. Bu barədə 18 iyul 2017-ci il tarixli ******* saylı akt tərtib edilmiş və komissiya qərarına əsasən 1647 kub metr qaz sərfiyyatı-329.40 manat ziyan hesablanmışdır. Tərtib edilmiş akt və komissiya qərarı ilə razı deyildir. Belə ki, onun istifadəsində olan müddətdə sayğaca nə o, nə də ailə üzvləri müdaxilə etmişlər. Sayğacının hesablama mexanizminin qapağının nə vaxt əzildiyi məlum deyil .Hər ay Xaçmaz RQİİ-nin əməkdaşları sayğaca baxış keçirmişlər, eləcə də qaz sərfiyyatı barədə bildiriş tərtib etmişlər, keçən müddət ərzində sayğaca hər hansı müdaxilə halını onlar müşahidə etməli idilər. Belə olan halda sayğaca müdaxilə ən çoxu bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığı üçün hesab edir ki, sayğacın təhlükəsizliyinin təmin edilməsinə o, məsuliyyət daşımır. Belə olduqda istənilən kənar şəxs sayğaca müdaxilə edə və toxuna bilər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaçının evinə quraşdırılmış sayğac 2017-ci ildə çıxarılarkən iştirak etdiyini, sayğac laboratoriyaya göndəriləndə sayğaca müdaxilə olunduğunun məlum olduğunu və qanuna əsasən ona 329,40 manat məbləğində ziyan hesablandığını bildirərək, ziyanın qanuna uyğun hesablandığını, ləğv edilməsi üçün heç bir əsas olmadığını göstərmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması, istismara qəbulu haqqında” 18.05.2017-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçının evinə qazın verilməsinə dair sərfiyyatın hesablanması üçün quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək, istifadəyə yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-ci il tarixli ******* saylı Aktda sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzildiyi, abonentin sayğaca dəymiş ziyanı ödəməli olduğu göstərilmişdir. “İtirilmiş qazın bərpasına dair” 27 iyul 2017-ci il tarixli tələbnamə sənədində 1647 kub metr qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır, abonentin saldosu sənədinə əsasən həmin borc 329.40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə, həmçinin, qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından və cavabdeh təşkilat tərəfindən buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 18 iyul 2017-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpasına dair” 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında İddiaçı hesablanmış 329.40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) məbləğində pul silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. X4 tərəfindən tərtib edilmiş 18 iyul 2017-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpasına dair” 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında İddiaçı hesablanmış 329.40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) məbləğində pul silinsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1856/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1856/2021
28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver