Məhkəmə qərarları › İş №2(067)-1913/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1913/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1913/2021 02.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Əkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Dövlət Arxivinin “04.06.2021-ci il tarixli 623 saylı Xaçmaz Bələdiyyəsinin 26.01.2006-cı il tarixli 01 saylı protokolundan arxiv çıxarışında siyahıda 11-ci sırada göstərilmiş X1-500 kv.metr həyətyanı torpaq sahəsi barədə” 04.06.2021-ci il tarixli 623 saylı arxiv arayışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Bələdiyyəsinin 26.01.2006-cı il tarixli 01 saylı qərarı ilə ona bələdiyyənin ehtiyat fondundan dəmir yolundan aşağı yeni yaşayış massivi ərazisindən 500 kv.metr həyətyanı torpaq sahəsinin satılmasına icazə verilmiş, həmin qərar əsasında onunla Xaçmaz bələdiyyəsi arasında 14.12.2006-cı il tarixdə 0.05 ha torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, akt bələdiyyə sədri V.Hacımirzəyev, DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Şahin Aslanov və onun tərəfindən imzalanmışdır, DT və XK-nin Xaçmaz rayon şöbəsində 16.12.2006-ci il tarixdə 5474 saylı aktla qeydə alınmışdır. O, bələdiyyədən satın aldığı 0,05 ha torpaq sahəsinə görə Xaçmaz Bələdiyyəsinin bank hesabına 13.01.2006-cı il tarixdə 180 manat məbləğində pul da ödəmişdir. Bu barədə 13.01.2006-cı il tarixli 42 nömrəli qəbz də var. 04.06.2021-ci il tarixdə 0,05 ha torpaq sahəsinə dair bütün lazımi sənədləri əlavə edib DƏDRX-ni 5 saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət sənədi almaq üçün müraciət etmişdir, lakin ona bildirilmişdir ki, Xaçmaz Bələdiyyəsinin 26.01.2006-cı il tarixli 01 saylı qərarında soyadı Mürşüdov kimi qeyd olunsa da, ərizəsinə əlavə olunmuş Xaçmaz rayon Dövlət Arxivinin 04.06.2021-ci il tarixli 623 saylı Xaçmaz Bələdiyyəsinin 26.01.2006-cı il tarixli 01 saylı protokolundan arxiv çıxarışında Mürsəlov kimi qeyd olunmuşdur. Hesab edir ki, bu yanlışlıq məhkəmə tərəfindən düzəldilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, ərizədən görünür ki, ərizəçinin tələbi onun soyadının Mürşüdov olduğu halda Xaçmaz rayon Dövlət Arxivinin 04.06.2021-ci il tarixli 623 saylı Xaçmaz Bələdiyyəsinin 26.01.2006-cı il tarixli 01 saylı protokolundan arxiv çıxarışında Mürsəlov kimi qeyd olunması ilə bağlıdır. İş materiallarında olan Xaçmaz rayon Bələdiyyəsinin 04.06.2021-ci il tarixli 337 saylı ərizəyə cavab məktubundan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayon Bələdiyyəsi tərəfindən 26.01.2006-cı il tarixli 01 saylı qərarı ilə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə Xaçmaz rayon Dövlət Arxivindən torpağa dair protokoldan çıxarışını Xaçmaz rayon Bələdiyyəsinə təqdim etdikdən sonra həmin torpaq sahəsinə arayış təqdim olunacağı qeyd olunmuşdur. İşin hallarından müəyyən olunur ki, mübahisə ərizəçi ilə Xaçmaz Bələdiyyəsi arasında Bələdiyyənin 26.01.2006-cı il tarixli 01 saylı protokolunda düzəliş edilməsi ilə əlaqədardır. Başqa sözlə, ərizəçi ilə inzibati orqan kimi Xaçmaz Bələdiyyəsi arasında protokola düzəliş edilməsi ilə əlaqədar mübahisə yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə ümumi məhkəməyə müraciət etməsinə ehtiyac yox idi. O, bu məsələni inzibati məhkəmədə mübahisələndirməliydi. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia) ; inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. Məhkəmə onu da nəzərə alır ki, İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən bələdiyyələr inzibati orqanlara aid edilmişlər. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Daha öncə qeyd edildiyi kimi, ərizəçi ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən onun əsl niyyəti ilə bağlı mübahisənin həlli üçün o, müvafiq İnzibati Məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam veriməlidir. Ərizəçiyə onun Xaçmaz Bələdiyyəsinin hərəkətlərindən müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi barədə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə onun Xaçmaz Bələdiyyəsinin hərəkətlərindən müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar