Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1982/2021 10.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X1 Qaz İstismar İdarəsinə qarşı cavabdehin onun barəsində tərtib etdiyi 18.04.2019-cu il tarixli ******* nömrəli AKT-ın və 29.04.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə aktın ləğv edilməsi, komissiya qərarı əsasında ona hesablanmış 536 manat 40 qəpik məbləğində ziyanın silinməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevral ayında Cavabdeh İB-nin əməkdaşları evinə baxış keçirmiş və evlərinə quraşdırılmış G-4T markalı qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan bir müddət sonra qaz idarəsinin əməkdaşları evinə gəlib ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni «sayğacın hesablama mexanizminin plastmas qapağı və qoruyucu hissəsi kənar təsir nəticəsində sınıb, sayğaca müdaxilə edilib» rəyi verilmişdir. Onlar bu barədə 18.04.2019 cu il tarixli ******* nömrəli akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 5364 kub metr qaz sərfıyyatı-536 manat 40 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.04.2019 cu il tarixli ******* nömrəli akt və «İtirilmiş qazın bərpası üzrə» 30.04.2019-cu il tarixli komissiya qərarı ilə razı deyildir. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzviləri heç bir müdaxilə etməmişlər. Məkəmə iclasında iş üzrə İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq sayğac çıxarılarkən iştirak etdiyini, 29 aprel 2019-cu il tarixli aktdan bu il xəbəri olduğunu, istifadə etdiyi təbii qaza görə borcu olmadığını, evdə ailə üzvləri ilə birlikdə yaşadığını, sayğacın evindən kənarda quraşdırılmasına və onun hazırda 536 manat borcum olmasına dair bütün sübutlarını məhkəməyə təqdim etdiyini, əlavə sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nə X2 İstismar İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25.02.2013-cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ******* saylı qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.04.2019-cu il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ******* saylı sayğac xətalar normaya uyğun deyil. Kənar təsir nəticəsində sayğacın plasmas qapağının yan tərəfi əzilmişdir. Abonent dəymiş ziyanı ödəməlidir. İş materiallarında olan 30.04.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, İddiaçı 536 manat 40 qəpik məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” AR-nın Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı tərəfindən qaz saygacına müdaxilə edilməsi sübut edilərək, onun cavabdehə ziyan vurması aşkar edilmiş və müvafiq akt tərtib edilərək, hesablanmış ziyan məbləğinin ödənilməsi tələb edilmişdir. 29.04.2019-cu il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı qaz saygacına müdaxilə etdiyini aktı imzalamaqla etiraf etmiş, aktla razılaşmışdır. Belə olduğu halda sayğaca müdaxiə etmədiyini iddiaçı özü sübut etməlidir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə iddianı əsaslı hesab etmir. İddiaçı sayğaca daxil olan boruya sayğacdankənar borunun 2018-ci ilin noyabr ayında düzəldildiyini, lakin faktiki olaraq mətbəxə qoşulmadığını və istifadə olunmadığını iddia ərizəsində göstərməklə, məhkəmə iclasında verdiyi izahatda bir daha qeyd etmişdir. Məhkəmənin qənaətinə görə qaz sayğacına daxil olan boruya sayğacdankənar borunun quraşdırılması həm işdə olan sübutlarla, həm də iddiaçının öz izahatı ilə tam sübuta yetirilir, lakin 536 manat 40 qəpik borcun əsassız olaraq cavabdeh tərəfindən hesablandığı işin araşdırılmış halları və işdə olan sübutlarla müəyyən edilmir. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1982/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1982/2021
10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver