Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1990/2024 26.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* №-li akt və «İtirilmiş qazın bərpası üzrə» 28 mart 2024-cü il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 881 manat 28 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd olunun ünvanda yaşayır. Yaşayış evinə Qaz idarəsi tərəfindən qaz sayğacı quraşdırılıb və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmişdir, heç bir borcu da olmayıb. 2024-cü mart ayında Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları mənə heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya onun sayğacında nöqsan aşkar edilməsi barədə rəyi verilmişdir. Onlar bu barədə 28 mart 2024-cü il tarixli ******* №-li akt tərtib olunduğunu və 28 mart 2024-cü il tarixli komissiya qərarına əsasən ona 881 manat 28 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* №-li akt əsasında yazılmış komissiya qərarı ilə qəti razı deyil. Bu barədə ona yaxın vaxtlarda məlum olmuşdur. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayma bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, həmişə istifadə elədiyi qazın pulunu vermişdir. Əlavə olaraq bildirmişdir ki, onlar sərfiyyatın keçməsini bilməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 6 kub metrdən artıq qaz istifadə edib. Belə ki, 6 kub metr qaz istehlakçı üçün nəzərdə tutulub. Abonentin sayğacı C-4 markalıdır. Həmin sayğac 6 kub metrə qədər sərfiyyatı qeydə ala blir. Vətəndaş isə istifadə etdiyi qurğularla həmin sərfiyyatı aşır. Müraciət edərək sayğacını C-6 markalı sayğaca keçirərsə limiti 10 kub metrə qədər istifadəyə imkan yaradır. Bundan artıq istifadə olunan qaz sənayə üçün hesab olunur. Bunu iddiaçı özü də təsdiq edir. Akt da tərtib olunub. Xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində iddiaçıya məxsus evə baxış keçirildi, abonentin mənzilində quraşdırılan qaz cihazlarının gücü sayğacın qaz sərfindən çox olması aşkar olundu. 6.8 kub.metr sərfiyyatı aşmasının mövcud olması aşkar olunmuşdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli akt İddiaçı tərəfindən imzalanmışdır. - Fotoşəkildən görünür ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı G4-T markalı, 6 kub metr gücündədir. - İddiaçının evinə quraşdırılmış texniki göstəriciləri BK-G4, BK-G4T qaz sayğacının pasport məlumatlarından görünür ki, qaz sayğacının maksimal gücü 6 olması qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, İddiaçı məxsus evdə aşkar edilmiş nöqsan: mövcud qaz sayğacının saatlıq maksimal öçlmə həddi 6 kub.metr–saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 12.8 kub.metr-saat olması aşkar olunmuşdur. - Abonentin Saldosundan görünür ki, İddiaçı 881.28 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən: -1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; - 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus ünvanda quraşdırılmış mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 kub metr olduğu halda, o müqavilənin şərtlərini pozaraq, mənzilində qaz cihazlarının gücü artıq olan qaz işlədiciləri işlətmiş, nəticədə bu da qaz qurğularının texniki pasport göstəricilərində saatlıq qaz sərfinin maksimal göstəricilərdən artıq olmasına gətirib çıxarmışdır. (maksimal göstərici 6 kub.metr olduğu halda, iddiaçının evində 6.8 kub metr sərfiyyat aşması aşkarlanmışdır.) İş materiallarından və işin məhkəmə tədqiqatı zamanı araşdırılması zamanı iddiaçının (istehlakçının) qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırması barədə qaz paylayıcısına hər hansı bir yazılı müraciət etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçının əsassız hesablanmış borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh tərəfindən borcun əsassız hesablanmasını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1990/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1990/2024
26.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver