Məhkəmə qərarları › İş №2(067)-1992/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1992/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1992/2020 02.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 103F saylı 30219018 kodlu şəhadətnamənin xx.xx.2011-ci ildə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat zamanı xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarı ilə mərhum anası X4 Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları JN 103F saylı 30219018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda anası vəfat etdiyindən və o tək vərəsə olduğundan miras qalmış torpaq sahəsini adına rəsmiləşdirmək qərarına gəlmişdir. Qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə sənədlərini DƏDRX-nin 5 saylı ərazi idarəsinə təqdim edərkən anası X6 olduğu halda səhvən X1 yazıldığından sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi ilə 1977-ci ildən qonşudur, bir-birinin evinə gediş-gəlişləri vardır. Ərizəçinin anasının adı Zərifə yox, Zərif olub. Zərif xalanın əri vəfat edəndən sonra təsərrüfatı o idarə etmişdir. Zərif xalanın adına 0.33 ha torpaq sahəsinin olmasını da bilir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur, Zərif xalanın adı torpağa dair şəhadətnamədə səhvən Zərifə qeyd olunub. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 103F saylı 30219018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X3 mülkiyyətinə 0,33 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X9 qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 103F saylı 30219018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1069 nömrəli arayışından müəyyən olunur ki, X6 xx xxxxxx 2011-ci ildə vəfat edib. Torpağın mülkiyyətə verilməsinə dair JN 103 F saylı 30219018 kodlu şəhadətnamədə səhvən X1 qeyd edilib. İş materiallarında olan Xaçmaz rayon dövlət arxivinin xx xxxxxx 2020-ci il tarixli 761 nömrəli arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 12 nömrəli protokolu ilə Xaçmaz rayonu Müşkür adına sovxozun AİK üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 235-ci X16 (1928-ci il təvəllüdlü) qızının adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X6 və Ərizəçi qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçinin adında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin şəxsə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,33 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 103 F saylı 30219018 kodlu şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar