Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-210/2022 13.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28.08.2018-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” 31.08.2018-ci il tarixli komissiya qərarının ləğv edilməsi və ona əsassız olaraq hesablanmış 648 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, 29 may 2018-ci il tarixdə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* AKT-a əsasən evinə qazın verilməsinə dair sərfiyyatı hesablanması üçün quraşdırılmış qaz sayğacı götürülmüşdür. Qaz sayğacı götürülərkən onun səbəbini soruşduqda, idarənin əməkdaşları bildirmişlər ki, istifadə olunan sayğac istismar müdətini başa çatdırıb, ona görə də növbəti Dövlət yoxlaması adı ilə sayğac dəyişdirilir. Həqiqətəndə sayğac dəyişdirildi və sayğacın 'dəyişdirilməsi barədə Akta imza etmişdir. Sonradan məlum olmuşdur ki, guya qaz sayğacının hesablama mexanizminin qapağı van tərəfdən əzilib və daxili qıılaqcığlarda əzik-cızıq izləri vardır. Xaçmaz Qİİ-nin 28.08.2018-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, “Azəriqaz" İB-nin İTRİ-nin 29/1710-00276-3 aktına əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qıılaqcığlarda əzik-cızıq izləri vardır. Dəymiş ziyan hesablansın və ödənilsin. Hazırda Qaz idarəsindən müvafiq sənədlərin surətlərini əldə etmişdir. Müəyyən olunmuşdur ki. Xaçmaz Qİİ-nin Baş Mühəndisi O.Əliyevin imzası ilə 31.08.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair" hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “Qaz istifadəçilərindən 2 gözlü qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0.6m3/saat orta günlük iş rcjmi 6 saat, hesabat müddəti 180 gün qəbul edilməklə radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. İddiaçı X4 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona əsassız olaraq hesablanmış 648 manat məbləğində ziyan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 29.05.2018-ci ildə Xaçmaz RQİİ-nin işçiləri yaşadığı evə gəlib sayğaca baxış keçiriblər və evidə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə 29.05.2018-ci il tarixli akt tərtib olunub. Həmin vaxt ona bildirdilər ki, sayğacın istismar müddəti bitdiyinə görə onu dəyişdirirlər. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.08.2018-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən ona 648 manat pul hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış 216 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sayğac dəyişdirilərkən onda hər hansı bir nasazlıq, sayğaca müdaxilə barədə ona heç nə bildirilməyib. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evdən bayırda, küçədə quraşdırılb. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan 28.08.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı sayğacın hesablama mexanizmasının qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır. İş materiallarında olan 31.08.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.08.2018-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçı X1 müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən iddiaçı X4 fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 əsassız olaraq hesablanmış 648 manat məbləğində ziyan silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X3 «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28.08.2018-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” 31.08.2018-ci il tarixli komissiya qərarının əsasında hesablanmış 648 manat məbləğində ziyan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-210/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-210/2022
13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver