Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-221/2025 07.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiacı İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onun tərəfindən cavabdehə kompensasiya ödənilməklə Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən faktiki olaraq ona məxsus olan fərdi yaşayış evinə cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə hazırda münasibətləri normal deyil və faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh onun istifadəsində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evində yaşamamış, lakin münasibətləri korlandıqdan sonra onu məhkəmyə verərək guya onu həmin evdən azyaşlı övladı ilə birlikdə qovduğunu bildirmiş, buna görə də o, məhkəməyə müraciət edərək faktiki olaraq ona məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddia qaldırmışdır. Xaçmaz rayon məhkəməsinin 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuş və cavabdeh azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmışdır. Lakin göstərilən həmin fərdi yaşayış evi uzun müddətdir kirayə verilmiş və hazırda həmin evdə kirayədarlar yaşayırlar. Cavabdehin və azyaşlı övladının həmin kirayədarlarla birlikdə yaşamağı qeyri mümkündür. Buna görə də hesab edir ki, cavabdehə kompensasiya verilməklə həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılsa göstərilən çətinlik aradan qalxar. İş üzrə iddiacı tərəf məhkəməyə elektron qaydada ərizə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə nikahları pozulmamışdır. Kompensasiya istəmir, evinə köçüb yaşamaq istəyir. Övladı Xaçmaz rayonunda orta məktəbdə təhsil alır. 2023-cü ilin qətnaməsindən sonra onun adına hər hansı daşınar-daşınmaz əmlak alınmayıb. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, iddiaçı Cavabdeh azyaşlı uşağı X1 ilə birlikdə cavabdeh İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədə göstərilmişdir ki, cavabdehin köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq mövcuddur. Tərəflər ailə qurduqdan sonra uzun müddət həmin evdə yaşamışlar. Mübahisəli fərdi yaşayış evi iddiaçının adına dövlət qeydiyyatından keçməsə də, həmin ev faktiki olaraq cavabdehin mülkiyyətindədir. Tərəflər rəsmi nikah münasibətindədirlər və mübahisəli daşınmaz əmlak da məhz birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Tərəflər faktiki olaraq ayrı yaşayırlar, nikahları pozulmamışdır. Xaçmaz rayon məhkəməsinin 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, iddiaçı Cavabdeh azyaşlı uşağı X1 ilə birlikdə cavabdeh İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilmiş, şikayət təmin edilməmiş və qətnamə hazırda qüvvədədir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmamasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Mülki Məcəllənin 228.2-ci maddəsi də, həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Beləliklə işin hallarından müəyyən olunur ki, mübahisə predmeti olan evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə olunduğu və faktiki olaraq iddiaçının mülkiyyətində olduğu Xaçmaz rayon məhkəməsinin 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qüvvədə olan qətnaməsi ilə təsbit edilmiş, bununla da iddiaçının hazırkı mülki iş üzrə subyektiv hüququ tanınmışdır. Tərəflər hazırda faktiki olaraq ayrı yaşasalar da, nikahları pozulmamışdır. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X1 ilə birlikdə Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə, həmin evdə yaşamaq hüququnun olması müəyyən edilmiş və cavabdehin həmin evdən istifadə hüququ yaranmışdır. Lakin qüvvədə olan həmin məhkəmə qərarı hazırkı vaxtadək icra olunmamışdır. İddiaçı isə hazırda məhkəmədə iddia qaldıraraq cavabdehin həmin evdə yaşamamasını əsas gətirərək kompensasiya ödənilməklə cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsini tələb edir. Halbuki cavabdehin mübahisəli mənzildə yaşamasına məhkəmənin müvafiq qərarını icra etməməklə məhz iddiaçı tərəfindən maneə törədilmişdir. Bundan başqa, iddiaçı müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra cavabdehin əmlak vəziyyətində hər hansı dəyişikliyin olması, hazırda cavabdehin başqa yaşayış yerinin olması və ya onun mülkiyyətində daşınmaz əmlakın olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-221/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-221/2025
07.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver