Məhkəmə qərarları › İş №2(067)-2229/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2229/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2229/2025 25.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Camal oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Camal oğlunun Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Camal oğlu məhkəmədə iddia qaldıraraq, cavabdeh, Cavabdeh İB-nin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, 10 mart 2025-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* №-li Akta əsasən və 18 mart 2025-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən əsassız olaraq hesablanmış 2148 manat qalıq borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küç., ev 53, mənzil 8 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı ünvana, tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 mart 2025-ci il tarixli, № ******* saylı AKT-da göstərilir: “Qaz xəttlərinə baxış zamanı Abonentin qaz xəttinə, qeyri-qanuni qoşularaq təbii qazdan istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablanaraq ödənilsin.” Bundan sonra o, Xaçmaz Qİİ-də olaraq məsələ ilə maraqlananda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə 18 mart 2025-ci il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, 17186 m3 qaz sərfiyyatına görə 2148 manat qalıq borcu hesablanmışdır. Qeyd etmək istəyir ki, həyətində, keçmişdən qalma, işlək vəziyyətdə olmayan qaz xətti mövcud olub, onu da kənar xətt kimi aktlaşdırılaraq ünvanına küllü miqdarda borc hesablayıblar. Özləri də bir ilə hesablayıblar. Qaz nəzarətçisi ayda bir neçə dəfə ünvanına gələrək sayğacı, qaz xəttini yoxlayır. Qaz idarəsinin əməkdaşları özləri də şahiddirlər ki, qazdan ancaq sayğac vasitəsilə istifadə etmişdir. Qaz İdarəsi onun ünvanına cərimə hesablayarkən əsassız olaraq bir il müddətinə hesablamaqla ona qarşı haqsızlıq ediblər. Ona görə də hesab edir ki, əsassız hesablanmış məbləğ silinməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X2 Agentliyinin Xaçmaz filialı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, oğlu ondan xəbərsiz kənar xətt çəkib. Çəkdiyi 4-5 gün olub. Nəzarətçilər hər ay yoxlanış edir. Oğlu müharibə iştirakçısıdır. Onun səhhətində problemləri var. Cərimə yüksək hesablanıb. Sayğac çöldə yerləşir. Cərimə borcunun silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, aktı imzalayıb. Qanunsuz xətt aşkar olunub. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. - İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 10 mart 2025-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçı qeyri-qanuni təbii qazdan istifadə etmişdir. - İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (aktlardan) və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 2148 manat cərimə (pul) hesablanmışdır. - xx.xx.2025-ci il tarixli rəydən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla müdaxilə edərək (kənar xətt vasitəsilə) təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 17186 m3 hesabat aparılmışdır. Araşdırma zamanı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktda vətəndaşa məxsus fərdi evdə istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuş, iakin fotoşəkillərə əsasən 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcı istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 341 gün hesabatlar aparılmış, akta vətəndaş tərəfindən imza olunmuşdur. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13cü maddənin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-2-ci bəndinə əsasən “qaz paylayıcısmın işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydalan”nın 3.1.10.-cu bəndi: bu Qaydalann 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndmdə nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın (müayinə) keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məlumat üçün bildiririk ki, aktda qeyd edilən qaz cihazlarının hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,125 qəpik = 108 manat, 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcının saatlıq qaz sərfiyyatı 3,4 m3 x 12 saat x 90 gün = 3672 m3 x 0,125 qəpik = 459 manat, cəmi 567 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı ******* saylı, 10 mart 2025-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 2148 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə 18.032025-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 2148 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin akt əsasında hesablanmış borcu mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 2148 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin nəyə görə 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği 567 AZN təşkil edir: - PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,125 qəpik = 108 manat, - 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcının saatlıq qaz sərfiyyatı 3,4 m3 x 12 saat x 90 gün = 3672 m3 x 0,125 qəpik = 459 manat, cəmi 567 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 60.51 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı Camal oğlunun yaşadığı Xudat şəhəri X.Məmmədov küçəsi 53/8-də yerləşən yaşayış evi üzrə hesablanmış 2148 manat puldan 567 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 1581 manat borc abonent İddiaçı Camal oğluna düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı Camal oğluna (abonent kodu-**********00000) ******* №-li Akta əsasən hesablanmış borcdan 1581 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 35.81 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakiim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar