Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-225/2023 09.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 09 fevral 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Nurəddin oğlunun adına işlənmiş 0.10 ha torpaq sahəsinə dair Xaçmaz rayon Tikanlı-oba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarının, torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli 2490 qeydiyyat nömrəli aktın, DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2008-ci il tarixli 3158 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və rəyinin ona-Ərizəçi Nusrəddin oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Tikanlı-oba kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, 0.10 ha torpaq sahəsinə dair Xaçmaz rayon Tikanlı-oba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarında, torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli, 2490 qeydiyyat nömrəli aktında, DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 3158 nömrəli torpaq sahəsinin planı və ölçüsündə və rəyində atasının adı “Nurəddin” kimi qeyd olunmuşdur. Ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Xaçmaz rayon Tikanlı-oba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixdə qeydə alınmış akta müvafiq olaraq Tikanlı-oba kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt qardaşı X1 da 0.10 ha torpaq sahəsi almışdır. Çox güman ki, ilkin torpaqayırma sənədləri hazırlanarkən atasının adı səhvən Nurəddin kimi qeyd edilmişdir. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacaqlarına əhəmiyyət verməmişlər. Məhkəmə iclasında ərizəçi tərəf ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin X5 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktdan müəyyən olunur ki, aktın nömrəsi 2790 olaraq qeyd olunsa da ərizəçi tərəf ərizənin xahiş etdi (nəticə) hissəsində aktın 2490 nömrəli olmasını qeyd etmişdir. Bundan başqa iş materiallarından görünür ki, ərizəçinin ata adı Nüsrəddin olsa da, ərizənin “xahiş etdi” hissəsində ata adı Nusrəddin kimi qeyd edilmişdir. Belə ki, ərizəçi ərizəsinin «xahiş etdi»-nəticə hissəsində torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli 2490 qeydiyyat nömrəli aktın ona məxsus olmasını xahiş etsə də, qeyd olunan aktın 2790 qeydiyyat nömrəli olması müəyyən edilmişdir. Həmçinin ərizəçinin atasının adı Nüsrəddin olduğu halda ərizədə Nusrəddin kimi qeyd olunmuşdur. Eyni zamanda məhkəmə iclasında da ərizəçi tərəf iddia tələbinin (ərizənin) dəqiqləşdirməsinə dair ərizə də təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-225/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-225/2023
09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver