Məhkəmə qərarları › İş №2(067)-227/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-227/2022

19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-227/2022 19.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X10, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən ünvan 3 evinə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli aktın və 28 oktyabr 2016-cı il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsi, əsassız hesablanmış 336 manat 24 qəpik pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin ünvan 1 ünvanda yerləşən yaşayış evində quraşdırılmış köhnə qaz sayğacına görə mərhum X2 adına tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2016-cı il tarixli ******* №-li akt və 28 oktyabr 2016-cı il tarixli komissiya qərarı əsasında istehlakçı kimi İddiaçı ünvanına hesablanmış 336 manat 24 qəpik pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun doğma anasıdır. X7 onun atası olmuş, atası 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin yaşadıqları ünvanda quraşdırılmış köhnə qaz sayğacı istehlakçı olaraq mərhum atası Tağı Məmmədovun adında qaldığından abonent haqqlarını ərinin adından iddiaçı olan anası İddiaçı ödəmiş, hal-hazırda istehlakçı kimi qaz sayğacı anasının adına rəsmiləşdirilmişdir. 19 avqust 2016-cı il tarixdə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* AKT-a əsasən valideynlərinin yaşadıqları Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsi 13 saylı ünvana təchiz edilmiş qaz sərfıyyatının hesablanması adı ilə həmin ünvandakı qaz sayğacı götürülmüş, sayğac götürülərkən onun səbəbi soruşulduqda, idarənin əməkdaşları istifadə olunan sayğacın istismar miidətinin başa çatdığını, ona görə də növbəti Dövlət yoxlaması adı ilə sayğacın dəyişdiridiyini bildirmişlər. Bundan sonra sayğac dəyişdirilmiş və bu barədə tərtib olunmuş akta iştirakçılar imza etmişlər. Sonradan məlum olmuşdur ki, güya qaz sayğacının üzərində olan plombun kəsilməsinə görə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və itirilmiş qazın bərpası üzrə hesablama sənədi tərtib edilməklə 336 manat 24 qəpik məbləğində ziyan hesablanmışdır. Hesab edirlər ki, tərtib edilmiş akt və hesablama sənədi əsassız və qanunsuzdur. Belə ki, qaz sayğacı dəyişdirilərkən valideynləri iştirak etmiş, qaz sayğacı üzərində hər-hansı bir kənar təsir və ya plombun kəsilməsi barədə şübhə olsaydı belə bu Aktda qeyd olunmalı idi. Sayğacın dəyişdirilməsi barədə tərtib edilmiş aktda bu barədə heç bir qeydiyyat aparılmamışdır. Buna baxmayaraq 31 oktyabr 2016-ci il tarixdə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* AKT-da isə göstərilmişdir ki, “İT və Rİ-nin Aktına əsasən sayğacının plasmas qapağının üzərində olan zavod qurquşun plom kəsici alətlə kəsilib”. Halbu ki, həmin Akt tərtib olunduqdan bir neçə gün əvvəl, yəni 28.10.2016-cı il tarixdə artıq itirilmiş qazın bərpası” üzrə hesablama sənədi tərtib olunmuşdur. 31 oktyabr 2016-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* AKT-da abonentin adının qarşısında “İmtina etdi” sözlləri yazılsa da, iddiaçı həmin vaxt aktın tərtibində iştirak etməmiş, bu aktın mövcudluğu əlavə sərfiyyat hesablandıqdan sonra onlara məlum olmuşdur. Dərhal bundan sonra iddiaçı Xaçmaz Qaz İdarəsinə gedərək nə üçün belə Akt tərtib olunduğunu soruşmuş və tələbi ilə sayğac anbardan çıxarılaraq baxılarkən müəyyən etmişlər ki, sayğacın plombu üzərindədir, aktda qeyd olunanların əksinə olaraq plomb kəsilməmişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən küçədə quraşdırılmış qaz sayğacına görə abonent məsuliyyət daşımır. Bundan sonra dəfələrlə Cavabdehnə və digər orqanlara rəsmi müraciət olunaraq əsassız hesablanmış pul məbləğinin silinməsi xahiş olunsa da heç bir müsbət nəticəsi olmamışdır. İddiaçı və ailə üzvləri heç vaxt qaz sayğacına müdaxilə etməmiş, iddiaçı qaz sərfiyyatına görə ödənişləri vaxtlı-vaxtında köçürmüşdür. Ona görə də hesab edir ki, itirilmiş qazın bərpası üzrə tərtib edilmiş komissiya qərarı ləğv edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddia tələbinin əsaslı olduğundan hazırki həcmdə təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı növbədən kənar dövlət yoxlaması ilə əlaqədar Xaçmaz regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən çıxarılaraq ekspertizaya göndərilmiş və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə edilmişdir. Yəni sayğacının plasmas qapağının üzərində olan zavod qurquşun plom kəsici alətlə kəsilmişdir. Ekspertizanın nəticəsinə görə qüsur aktı tərtib edilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2016-cı il tarixli ******* nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» 28 oktyabr 2016cı il tarixli komisiya qərarına əsasən iddiaçıya 3362.4 kub metr qaz sərfiyyatına görə 336 manat 24 qəpik ziyan hesablanmışdır. Hesab edir ki, sayğaca müdaxilə edilməsi tərtib olunmuş müvafiq sənədlərlə öz təsdiqini tapmaqla sübuta yetirildiyinə ğörə iddiaçının tələbi əsassızdır və rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatdadır. İş materiallarında olan 02 avqust 1974-cü il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X7 ilə 02 avqust 1974-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin ünvan 2 ünvanda yerləşən, İddiaçı yaşayış ünvanına dair istehlakçı kimi mərhum X2 adına tərtib edilmiş 19 avqust 2016-cı il tarixli, ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə quraşdırılmış, mərhum X2 adına rəsmiləşdirilmiş ******* saylı mexaniki qaz sayğacı çıxarılma səbəbi “Növbəti dövlət yoxlaması” qeyd edilməklə çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan istehlakçı kimi mərhum X2 adına tərtib edilmiş 31 oktyabr 2016-cı il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış, mərhum X2 adına rəsmiləşdirilmiş ******* saylı mexaniki qaz sayğacının plastmas qapağının üzərində olan zavod qurğuşun plomb kəsici alətlə deşilib. Abonent dəymiş ziyanı və yeni sayğacın dəyərini abonent ödəməlidir. İş materiallarında olan Azəriqaz İB-nin tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, istehlakçı olaraq mərhum X5 dəymiş ziyana görə 336,24 manat məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə vuraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı faktiki sahibliyində və istifadəsində olan ünvan 3 evində akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsi 13 saylı ünvanda yerləşən, İddiaçı yaşadığı ünvanda quraşdırılmış köhnə qaz sayğacına məhz İddiaçı müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat buna dair heç bir sübut məhkəməyə təqdim etmədiyindən, istehlakçı olaraq adına zərərlə bağlı akt yazılmış X7 04 fevral 2020-ci il tarixdə vəfat etdiyindən zərərlə bağlı mülki hüquq məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən nə mərhum X7, nə də ki, evin hazırki istifadəçisi- İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən faktiki olaraq İddiaçı istifadəsində və sahibliyində olan ünvan 3 ünvanında quraşdırılmış köhnə qaz sayğacına görə sonuncunun mərhum əri X2 adına tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2016-cı il tarixli ******* №-li akt və 28 oktyabr 2016-cı il tarixli komissiya qərarı əsasında istehlakçı kimi İddiaçı ünvanına hesablanmış 336 manat 24 qəpik məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən ünvan 3 evində quraşdırılmış köhnə qaz sayğacına görə mərhum X2 adına tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2016-cı il tarixli ******* №-li akt və 28 oktyabr 2016-cı il tarixli komissiya qərarı əsasında istehlakçı kimi İddiaçı ünvanına hesablanmış 336 (üç yüz otuz altı) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar