Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-23/2023 03.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X4, iddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 03 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən, “torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnamə”yə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesbına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, cavabdehdən maddi ziyanın əvəzi olaraq 10000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 15000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A , kod ******* olan şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, Cavabdeh ona qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 1349/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 4807/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Apelyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 1349/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə Tətqiqat MMC-nin Xaçmaz rayon şöbəsinin mütəxəsisi Elşad Lətifovun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi icra olunarkən müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan ona məxsus, 06 ha torpaq sahəsində Cavabdeh tərəfindən 2 mərtəbəli (12x13 ölçüdə) ev inşa olunmuşdur. Ona görə də Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş həmin ev sökülməli, torpaq sahəsi boşaldılaraq ona qaytarılmalı, icra vərəqəsinin qanunda nəzərdə tutulan qaydada icra edilməsi üçün şərait yaradılmalı, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi cavabdehdən alınaraq ona qaytarılmalıdır. Cavabdehə dəfələrlə təklif etmişdir ki, torpaq sahəsində inşa etdiyi yaşayış evini sökərək torpaq sahəni boşaltsın, yaxud da torpaq sahələrini dəyişdirsin. Lakin cavabdeh nə torpaq sahəsindəki özbaşına tikilini sökmüş, nə də ki, torpaq sahələrinin dəyişdirilməsinə razılaşmamışdır. Cavabdeh faktiki olaraq azı on min manat məbləğində zərərin əvəzini ödəməlidir. Habelə ötən bu müddət ərzində dəfələrlə məhkəmə çəkişmələrinə cəlb olunmağa məcbur olunmuş, əmlakından məhrum edildiyinə görə və cavabdehin ona məxsus torpaqda özbaşına olaraq onu saymadan yaşayış evi tikməsi nəticəsində mənəvi psixioloji sarsıntılar keçirmişdir. Uzun müddət mülkiyyətində olan torpaq sahəsinə yaxın düşə bilməmişdir. Hesab edir ki, nəticədə ona on beş min manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Əlavə olaraq iddiaçının cavabdehdən torpağını istədiyini, iddiaçının tələblərinin təmin edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olduğunu, iddiaçının torpağının cavabdehin qanunsuz istifadəsində olduğunu və orada tikilinin edildiyini, bu barədə məhkəmə qətnaməsini icra edən icra məmurunun aktının olduğunu bildirmişlər. Hazırda torpaq sahəsində ev vardır, cavabdeh 10 ilə yaxındır ki, orada ev tikmişdir və həmin evdə yaşayır. İddiaçı ilk dəfə iddia qaldıranda evin sökülməsini də tələb etmişdir, lakin sonradan cavabdehlə aralarında razılığa gələ bilmələri üçün iddiasının həcmini azaldaraq, evin sökülməsini tələb etməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla ona verilmişdir. Həmin torpaqda ev tikib yaşayır. İddiaçının torpaq sahəsinə dair şəhadətnaməsinin kökü yoxdur, bu barədə müvafiq müraciətləri də olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnamədən müəyyən olunmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmış, Cavabdeh iddiaçıya qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 saylı qətnaməsinin ilk iddia üzrə cavabdeh qarşlığlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4807/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1349/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7807 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşir və 158,0 kv.metr hissəni əhatə edir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə iddiaçı tərəfindən iddianın digər hissəsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən, “torpağın mülkiyyətə verilməsinə dair JN-301A, ******* kodlu şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşən və 158,0 kv.metr hissəni əhatə edən, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) cavabdehin öz vəsaiti hesbına sökülsün və həmin hissədə torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, 15 manat isə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-23/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-23/2023
03.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver