Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2313/2025 02.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq 28 aprel 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-a və 28 aprel 2023-cü il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən əsassız olaraq hesablanmış 3110.40 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi valideynlərinə məxsus olub. X1 xx.xx.2021-ci ildə rəhmətə gedəndən sonra həmin ünvanda o ailəsilə birlikdə yaşayır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 aprel 2023-cü il tarixdə tərtib olunmuş, ******* saylı AKT-a əsasən yaşadığı evə qazın verilməsinə dair sərfiyyatın hesablanması üçün quraşdırılmış qaz sayğacı çıxarılaraq götürülmüşdür. 28 aprel 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı AKT-da göstərilir: Cavabdeh İB xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4468/0002 saylı akta əsasən, G-4 markalı ******* №-li sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edildi. Sayğac istismara yararsızdır, təbii qaz itkisi yaranmışdır. Abonent dəymiş ziyanını ödəməlidir. Halbuki onun həmin aktdan heç xəbəri də olmayıb. Bundan sonra o Xaçmaz Qİİ-də olaraq məsələ ilə maraqlananda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə 28 aprel 2023-cü il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, qaz sayğacının maksimal qaz sərfi 6m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6 x 24 x 180=25920 m3 Cəmi: 25920 m3 İtirilmiş qazm bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 25920 m3 qaz sərfıyyatına görə 3110 manat 40 qəp. qalıq borcu hesablanmışdır. Borcla bağlı dəfələrlə qaz idarəsində olaraq onun ünvanına borcun əsassız hesablanması barədə iradını bildirsə də heç bir nəticəsi olmamış və bildirmişlər ki, borcun silinməsi onların səlahiyyətində deyildir. Bu vaxta qədər qaz sərfıyyatına görə vaxtlı-vaxtında ödənişləri etmiş və qaz İdarəsindən əldə etdiyi abonentin saldosu adlanan sənəddən də görünür ki, ödənişlər vaxtlı-vaxtında edilmişdir. Ünvanına quraşdırılmış qaz sayğacı çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Şübhə edir ki, qaz sayğacı elə yoxlayıcılar tərəfindən qəsdən zədələnmişdir ki, onun ünvanına əlavə pul hesablansın. Qaz sayğacı küçədə, evinin giriş qapısından aralıda quraşdırılmıdır. Sərfiyyatına görə ödənişləri vaxtlı-vaxtında etmiş, onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazır, sayğaca hər-hansı müdaxilə izləri olsaydı bu barədə bildirərdi. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş edir. Sayğac küçədə yerləşir, mexanikidir. Sayğacın qoruyucu qutusu yoxdur. Məhkəmə iclasında cavabdeh tərəf iddianıı qəbul etməyərək göstərmişdir ki, labartoriya rəyinə əsasən itirilmiş qazın bərpası üçün 3110.40 manat hesablanmışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X7 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var» rəyi verilmişdir. -xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 3110.40 manat borc (pul) hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçının istifadəsində olan Xudat şəhəri M.Ə.Rəsulzadə küçəsi ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 3110.40 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci bəndində əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.7-ci bəndinə əsasən aaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.11-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.8-ci bəndinə nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavədə paylayıcın vəzifələrinə daxildir: 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.11. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq; Məhkəmə ilk növbədə mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Göründüyü kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu“ və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə həmçinin, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 207.2-ci maddəsinə əsasən Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li akt (xx.xx.2023-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 3110.40 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2313/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2313/2025
02.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver