Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-234/2022 19.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə islas katibi X3, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə islasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən tərtib olunmuş 19 aprel 2018-ci il tarixli, ******* saylı akt və həmin akta əsasən qaz itkisinin hesablanmasına dair sənədin qanunsuz olduğu üçün etibarsız hesab edilməsi və Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 300 manat məbləğində qalıq borc pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəyişiklik edilməsi və iddianın həcminin azaldırlması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən onun barəsində tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt və «İtirilmiş qazın bərpası üzrə» 30 aprel 2018-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 300 manat 80 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi ev 36 saylı ünvanda yaşayır. 2017-ci ilin dekabr ayınının sonlarında Xaçmaz regional qaz istismarı idarəsinin işçiləri gələrək evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmiş və bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Qaz sayğacı çıxarıldıqdan bir müddət sonra Qaz İdarəsinin əməkdaşları evinə gələrək ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni «sayğacın hesablama mexanizminin qapağı deşilib» rəyi verilmişdir. Onlar bu barədə 20 aprel 2018-ci il tarixli, ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 300 manat 80 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2018-ci il tarixli, ******* №li akt əsasında yazılmış 30 aprel 2018-ci il tarixli komissiya qərarı ilə qəti razı deyildir. Belə ki, istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Sayğacın hesablama mexanizminin qapağının deşilməsi halının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirmiş, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib etmişlər və həmin sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olunması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən onun barəsində tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt və «İtirilmiş qazın bərpası üzrə» 30 aprel 2018-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 300 manat 80 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı Xaçmaz regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən ekspertizaya göndərilmiş və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə edilmişdir. Yəni sayğacın hesablama mexanizminin qapağı deşilmişdir. Ekspertizanın nəticəsinə görə qüsur aktı tərtib edilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» 30 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya 300 manat 80 qəpik ziyan hesablanmışdır. Hesab edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyinə görə, dəymiş ziyanı da o, ödəməlidir. Həmçinin hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi tərtib olunmuş müvafiq sənədlərlə sübuta yetir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 28 dekabr 2020-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış G-4T markalı, ******* saylı mexaniki qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara savab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan 20 aprel 2018-ci il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış ******* nömrəli mexaniki qaz sayğacının hesablama mexanizminin qapağı deşilib. Dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan 30 aprel 2018-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədində göstərilmişdir ki, Qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 58 gün qəbul edilməklə (qış fəsli üçün), 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,8 kub.metr/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 122 gün qəbul edilməklə (yay fəsli üçün), radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 kub.metr/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 58 gün qəbul edilməklə (qış fəsli üçün), itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş qeyd olunan sənəddə cəmi 1504 kub.metr qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. Əsas: 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı dəymiş ziyana görə 300 manat 80 qəpik məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, isra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə vuraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məsmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 30 aprel 2018-ci il tarixli tələbnamə əsasında ona hesablanmış 300 manat 80 qəpik məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 30 aprel 2018-ci il tarixli tələbnamə əsasında ona hesablanmış 300 (üç yüz) manat 80 (səksən) qəpik məbləğində pul silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-234/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-234/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver