Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2362/2025 06.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlikdən və mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şəhvələd qızının və Cavabdeh3 vərəsəlikdən və mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər oğlu Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 Şəhvələd qızı və qızı Cavabdeh3 artıq xeyli vaxtdır ki, ona qarşı münasibəti tamamilə dəyişmiş, müxtəlif vasitələrlə əmlakını ələ keçirmək istəyirlər, bunun üçün ona təzyiqlər edir, əsassız məhkəmə çəkişmələrinə cəlb edir, hətta onu təhqir edib, döyüb xəsarət yetirməkdən belə çəkinmirlər. Əmlakını ona təzyiq etməklə ələ keçirmək və ya onlara vəsiyyət edilməsinə nail olmaq üçün ona məxsus şəxsiyyət vəsiqəsi, paylı mülkiyyət pay torpaqına dair Aktı və ona məxsus fərdi yaşayış mülkiyyətinə dair sənədləri əlindən zorla almiş və hal-hazıra kimi qaytarılmasi təmin edilməmişdir. O, bu barədə Xaçmaz RPŞ-nə rəsmi ərizə ilə müraciət etdikdən sonra ona məxsus şəxsiyyət vəsiqəsi qaytarılmış, lakin ona heç bir qərar təqdim edilməmişdir. O, hal-hazirda öz şəxsi evində yaşaya bilmir. Yaşadıği evə gəldikdə isə Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Şəhvələd qızı onunla dalaşır, tikdiyi evdən onu döyərək qovmuşlar. Hal-hazırda bu şəxslər tərəfindən yaşadığı evdən qovularaq kənarda, çöllükdə kimsəsiz olaraq evsiz həyatı yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-34/2-M-0833-8/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən arxiv sənədlərində ona məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayiş evinə 293 reyestr nömrəli, qeydiyyat vəsiqəsi və texniki pasport aşkar edilmişdir. Texniki Pasportun sürəti ona təqdim edilmişdir. Texniki Pasportun surəti iddia ərizəsinə əlavə edilmişdir. Bununla yanaşi, Xaçmaz rayon X2 1996-ci il 30 dekabr 12 nömrəli Qərarı ilə verilmiş Daşınmaz Əmlakla bağlı onun həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilmiş JN: 2271 KOD 30209048 nömrəli, 03 mart 1997-ci il tarixli birgə mülkiyyətdə ailə üzvlərinin adlarına paylı torpaq sahəsi mövcuddur. Cavabdehlər onu döyərək bədən xəsarətləri yetirmiş, faktla bağlı Xaçmaz RPŞ-yə dəfələrlə ərizələr ünvanlamışdır. Cavabdeh1 tərəfindən ona qarşı edilən zorakılıqlar nəticəsində xəstəxanaya düşmüşdür, qan təzyiqi qalxmış, səhhəti pisləşmiş və bu hallar dəfələrlə baş vermişdir. Onun iradəsi əleyhinə olaraq əmlakını ələ keçirmək yolunu tutmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şəhvələd qızının və Cavabdeh3 gələcəkdə onun əmlakından pay almasına qətiyyən razı deyil. Cavabdehlərin mirasdan məcburi pay almaq hüququndan da məhrum etdirir ki, sağikən və ölümümdən sonra onun əmlakından ümumiyyətlə heç nə ala bilməsinlər. Bununla əlaqədar, Xaçmaz rayon 1 saylı Notariat ofisinə **********577 nömrəli, xx.xx.2024-ci il tarixli ərizə ilə müracət edərək bildirmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2 Şəhvələd qızı, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 tərəfindən ona qarşi ləyaqətsiz davranışlar edərək, onu yaşadığı evdən qovmuşlar. Hal-hazırda ona məxsus evdə yaşamır. Qeyd olunan halları nəzərə alaraq, Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən Cavabdeh2 Şəhvələd qızının, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. O, cavabdehləri vərəsəlikdən məhrum etmək istəyir. Cavabdehlər onun həyat yoldaşı, qızı və oğludur. 2 ildir münasibətləri pozulub, 2 ildir öz evində yaşamır. Onlara pay düsməsini istəmir. Ona aid olan mülkdən övladlarını azad etmək istəyir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının qeyd etdiyi torpaq sahəsi onun adınadır, evi özü tikmişdir. Övladlarına tək baxmışdır. Ona bu neçə ildə maddi yardım göstərməyib. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir, torpaq sahəsi anası Tamaranın adınadır, çıxarışı var, evi özləri tikmişlər. Atası neçə illərdi onlarla yaşamayıb. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 60 saylı arayışından müəyyən olunur ki, 1995-2000-ci illər üzrə 2 nömrəli təsərrüfatbaşına kitabın 132 saylı səhifəsində 0,13 ha həyətyanı torpaq sahəsində 1992-ci ildə tikilmiş 1 mərtəbəli ümumi sahəsi 142,78 kv. metr ev Xaçmaz rayonu Armudpadar kənd sakini İddiaçı adında qeyd edilmişdir. - nikah haqqında arayışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.1988-ci ildə tərtib olunmuş 0213 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2023-cü il tarixli, 97 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Yergüc bələdiyyəsinin Armudpadar kəndi ərazisində İddiaçı ailə üzvlərinə məxsus Daşınmaz əmlakın reyestr nömrəsi **********80 olan çıxarışa əsasən 1.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.295 ha hissəsi İddiaçı məxsusdur. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 77 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayon Armudpadar kənd sakini İddiaçı ailə tərkibi arvadı Cavabdeh2, Cavabdeh3, oğlu Cavabdeh1, gəlini X7, nəvələri X8 və X3 ibarətdir. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 763 saylı arayışından müəyyən olunur ki, Cavabdeh2 Xaçmaz rayon Armudpadar kəndində qeydiyyatdadır və yaşayır. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 764 saylı arayışından müəyyən olunur ki, Cavabdeh3 Xaçmaz rayon Armudpadar kəndində qeydiyyatdadır və yaşayır. - Xaçmaz rayon Yergüc kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 765 saylı arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Armudpadar kəndində qeydiyyatdadır və yaşayır. - Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-79/2-1546/2024 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 Xaçmaz rayon Armudpadar kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-34/2-M-0833-8/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, arxiv sənədlərində İddiaçı məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayiş evinə 293 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport aşkar edilmişdir. - Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edimiş İddiaçı yazdığı ərizədən müəyyən olunur ki, o, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 ona qarşı ləyaqətsiz davranışlar edərək onu yaşadığı evdən qovmuşlar. Hal-hazırda o özünə məxsus evdə yaşamır, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1137ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1140-cı maddəsinə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı mübahisə üzrə iddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, təqdim edilmiş sənədlərdən iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması aşkar edilmir. Bununla yanaşı miras qoyanın, yəni iddiaçının vərəsəliklə bağlı son iradəsinə qarşı yönələn cavabdeh tərəfindən törədilən hüquqazidd davranışlar işin faktiki hallarından müəyyən edilmir. Bundan əlavə isə məhkəmə tərəfindən iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq iddiada qeyd etdiyi hallar barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlikdən və mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2362/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2362/2025
06.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver