Məhkəmə qərarları › İş №2(067)-2412/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2412/2023

19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2412/2023 19.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı inzibati aktda qeyd olunan borcun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" ASC-nin Xaçmaz X3 MMC tərəfindən ona məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 1, mənzil 9 yerləşən yaşayış evimə elektrik enerjisindən sərfiyyata görə tərtib edilmiş 09 noyabr 2022-ci il tarixli, AKT R N2 274392 akta əsasən hesablanmış 751 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 1, mənzil 9 evinə quraşdırılmış “Smart” tipli elektrik sayğacı ilə enerji sərfiyyatının pulunu ödəyir. Həyat yoldaşı X4 hərbiçi olduğuna görə evdə yaşayış yoxdur, onun xidmət etdiyi ərazidə ailəliklə birgə yaşayırlar. Bu yaxınlarda evə gəldikdə məlum oldu ki, evə elektrik enerjisinin verilişi dayandırılmışdır. Bununla əlaqədar Azərişıq ASC-nin Xaçmaz rayon X3 MMC-yə gələrək məsələ ilə maraqlandıqda ona bildirdilər ki, yaşadığı mənzilə baxış keçirilərkən güya müəyyən etmişlər ki, mənzildə quraşdırılmış elektrik sayğacından kənar mənzilə əlavə naqil vasitəsilə birbaşa kənar xətt çəkilmişdir və 09 noyabr 2022-ci il tarixli, AKT R№ 274392 saylı aktın surəti təqdim olundu. Həmin aktda qeyd olunur ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirən zaman məlum oldu ki, abonent sayğacı sxemdən kənar quraşdıraraq 2x6 mm2 (aliminum naqil vasitəsilə) birbaşa kənar xətdən istifadə etmişdir. Ölçülər ampermaşa ilə aparıldı. Təqdim edilmiş abunə haqqında sənəd də “bağlanan aktlar” qrafasmda 751 manat əlavə vəsaitin hesablanması göstərilmişdir. Akt Azərişıq ASC-nin əməkdaşları Tahir Allahverdiyev və Anar Mikayılov tərəfindən imzalamışdır. Aktın surətindən görünür ki, məişət abonenti olaraq tərəfindən akta imza edilməmişdir. Habelə aktdan görünür ki, hal şahidləri yazılar hissədə heç bir hal şahidinin ad və soyadı, habelə imzası yoxdur. Əgər aktda göstərilmiş hallar həqiqətən də baş vermişdirsə, yəni mənzilinə sayğacdan kənar xətt aşkar etmişlərsə, bunu müvafiq qaydada fotoçəkiliş vasitəsilə və iki nəfər hal şahidlərin iştirakı ilə sənədləşdirərdilər. 09 noyabr 2022-ci il tarixli, AKT R № 274392 nömrəli aktda mənzilinə sayğacdan kənar əlavə naqil vasitəsilə kənar xəttin çəkilməsinin müəyyən edilməsi qeyd olunsa da, aktda yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq həmin “Kənar xəttin” açılması qeyd edilməmiş və bu cür “xətanın” foto-video çəkiliş vasitəsilə qeydə alındığı öz əksini tapmamışdır. Ən əsası odur ki, həmin aktın tərtib edilməsində onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yuxarıda göstərildiyi kimi əgər sayğacdan kənar hər hansı xətt mövcud olsaydı, nəzarətçi onu müəyyən edərək tədbir görərdi. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən 09 noyabr 2022-ci il tarixli, AKT R № 274392 saylı akta əsasən ona hesablanmış 751 manat məbləğində enerji sərfıyyatına görə pul əsassız hesablanmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı istifadə olunan elektrik enerjisinə görə 751 manat borc hesablanmışdır. - 274392 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılmış, naqil vasitəsilə birbaşa kənar xətdən istifadə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında kənar xətt aşkar olunduğundan 751 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X2 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X2 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır, eləcə də abonentin saldosunun təhlili bu halı təsdiq etmir. Belə ki, abonentin saldosundan görünür ki, akt tərtib olunanadək və ondan sonra, iddiaçı elektrik enerjisi istifadə etmiş və ödənişlər həyata keçirmişdir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən 751 manat borcdan 246.32 manat hissəsi elektrik enerjisinin sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmışdır. Odur ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi,ev 1, mənzil 9 üzrə qeydiyyata alınmış **********00026 saylı abonent koduna hesablanmış 504.68 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 1, mənzil 9 yerləşən yaşayış evinə (Yusifova (Qədirova) Fatimə Səfərəli qızı) quraşdırılmış elektrik sayğacında göstərilən 504.68 manat borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar