Məhkəmə qərarları › İş №2(067)-2628/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2628/2025

19.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2628/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktla hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq abunə kodu **********02318 olan Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulazdə 70 ünvana yazılmış aktlar (NDQ 005526 və NDM 009233) əsasında əsassız hesablanmış 741.25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, qeyd edilən ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinin dəyərini yaşadığı müddətdə ödəmişdir və ödəyir. Elektrik enerji sərfiyyatında hər ay üzrə nə artım, nə də azalma olmamışdır. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik sayğacına müdaxilə edildiyi qeyd edilərək akt tərtib edilib. Heç bir vaxt sayğaca müdaxilə etməmişdir. Aylıq sərfiyyatı abonent saldosundan açıq-aşkar görünür. Hər ay cavabdehin əməkdaşları sayğacına baxış keçirir və ona bildiriş təqdim edirlər. Elektrik sayğacında ümumiyyətlə sərfiyyat fərqi belə yoxdur. Necə olur ki, sayğaca müdaxilə edilir. Əgər həqiqətən də sayğaca müdaxilə etmişdirsə, onun iştirakı ilə akt tərtib olunmalı, həmçinin sayğac laboratoriya şəraitndə yoxlanılmalı və onun iştirakı təmin olunmalı idi. Onlar ona deməmiş güya sayğaca müdaxilə olub deyərək ona cərimə yazıblar. Həmçinin akt ona təqdim olunmayıb. Hesab edir ki, ona hesablanmış borc məbləği tamamilə qanunsuzdur. Bunun üçün də məhkəməyə müraciət etmişdir. Elektrik enerjisindən istiadə qaydalarının 7.11-ci bəndinin tələblərinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. 2-ci qrup əlil olmaqla xəstədir. Tək yaşayır. 741 manat borcun siliməsini xahiş edir. İş üzrə cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialına rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclasının nümayəndələrin iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş üzrə cavabdeh "xxxx" ASC tərəfindən iddiaya verilmiş etirazda iddianın əsassız olduğu bildirilsə də, mütəxəssis rəyinin alınması üçün tələb olunmuş sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını, araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. - Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının xx.xx.2025-ci il tarixli birtipli müqaviləsindən müəyyən olunur ki, İddiaçı yaşadığı Xudat şəhəri, M.Ə.Rəsulazdə 70 ünvana evin divarına işiq sayğacı quraşdırılmış və yaşayış evinə elektrik enerjisi verilmişdir. - Abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, abonent İddiaçı istifadə olunan elektrik enerjisinə görə NDQ 005526 və NDM 009233 saylı aktlara əsasən 741.25 manat işıq pulu borcu hesablanmışdır. - Enerji Məsələlərini X2 filialının xx.xx.2025-ci il tarixli, 1249 saylı məhkəmənin sorğusuna cavabından müəyyən olunur ki, Xudat şəhəri, M.Ə.Rəsulazadə küçəsi 70 ünvanmda qeydiyat kodu **********02318 İddiaçı qızma məxsus M***-*******1 saylı elektrik sayğacın kənar xəttdən istifadə nəticəsində tərtib edilmiş NDQ005526 2016-sı ilin və NDM009233 2017-ci ilin aktları ilə bağlı müraciətə əsasən araşdırma aparılması üçün zəruri məlumatlar arxivə ötürüldiyi üçün təqdim etmək olmur. - Enerji Məsələlərini X2 filialının xx.xx.2025-ci il tarixli, 3-15-2-11/2-755/2025 saylı məhkəmənin sorğusuna cavabından müəyyən olunur ki, ünvan 2 ünvanda yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair 2(067)-2628/2025 nömrəli mülki iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsindən X3 Agentliyinin (bundan sonra - Agentlik) Xaçmaz filialına daxil olmuş müraciətə baxılmışdır. Araşdırmanın aparılması üçün zəruri olan məlumatların (NDQ 005526 nömrəli, xx.xx.2016-cı il və NDM 009233 nömrəli, xx.xx.2017-ci il tarixli aktlar, aktların hesabatı və s.) təqdim olunması üçün "xxxx" ASC-yə məktub göndərilmiş, lakin aktların tərtib edilmə müddətindən 8 ildən artıq vaxt keçməsi əsas gətirilərək tələb olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən, 2(067)-2628/2025 nömrəli mülki iş üzrə araşdırmanın aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X4 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, Xudat şəhəri M.Ə.Rəsulazdə 70 ünvanında elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənar tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enercisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının X4 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla təsdiqini tapmamış, aktların tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İstehlakçının hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Ona görə də, hesablanmış cəmi 741.25 manat məbləğində pul silinməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abunə kodu **********02318) xx.xx.2017-ci il tarixli NDQ 005526 və NDM 009233 aktlar əsasında hesablanmış 741.25 manat borc silinsin. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar