Məhkəmə qərarları › İş №2(067)-307/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-307/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-307/2024 30.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2000 (iki min) manat pulun və ona məxsus olan 1 ədəd Hisense markalı SMART TV televizor, 1 ədəd çıl-çıraq, 1 ədəd 2 kameralı qara rəngli soyuducu, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd 4 gözlü qaz sobası və ya onların dəyəri olaraq 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulun və 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 5930 (beş min doqquz yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon 1 saylı Notariat Ofisində cavabdeh ilə aralarında bağlanılmış 05 sentyabr 2022-ci il tarixli AN-İ№1088192 saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”-nə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ona verilmiş **********14-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.4 kv.metr olan evi 37000 (otuz yeddi min) manata alıcı Cavabdeh satmışdır. O, həmin pulun 35000 manatını ona ödəmiş, lakin qalan 2000 manat pulu isə alqı-satqı müqaviləsində qeyd olunduğu kimi müqavilə təsdiq olunduğu tarixdən 1 (bir) il müddətində həmin evdə qeydiyyatda olan X5 qeydiyyatdan çıxardıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, aralarında olan razılaşmaya əsasən həmin evdə saxladığı və ona məxsus 1 ədəd 1380 manat dəyərində Hisense markalı SMART TV televizor, 1 ədəd 450 manat dəyərində çilçıraq, 1 ədəd 700 manat dəyərində 2 kameralı qara rəngli soyuducu, 1 ədəd 1200 manat dəyərində mətbəx mebeli, 1 ədəd 900 manat dəyərində paltaryuyan, 1 ədəd 600 manat dəyərində 4 gözlü qaz sobasını X2 qeydiyyatdan çıxarıldığı tarixdə həmin pul ilə birlikdə ona qaytaracaqdı. Həmin vaxtdan 1 il müddət keçdikdən sonra aralarında olan razılaşmaya əsasən həmin evdə qeydiyyatda olan X3 qeydiyyatdan çıxartdıqdan sonra o, cavabdehdən borclu qaldığı 2000 manat pulu və ona satdığı evdə saxladığı yuxarıda qeyd etdiyi əmlakını ondan tələb edəndə o, müxtəlif bəhanələr gətirərək nə pulu, nə də əmlakını qaytarmamışdır. Sonuncu dəfə onunla görüşdüyü zaman həm pulunu, həm də əmlakını qaytarmaqdan imtina etmişdir. Elə buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onlar həmin evdə qeydiyyatda olan Tükəzbanın çıxarılmasından sonra cavabdehin qalan 2000 manatı ödəyəcəyi barədə razılaşmışlar. Bundan əlavə, evdə televizor, çıl-çıraq, soyuducu və s. əşyalar qalmışdı. Lakin cavabdeh indi həmin əşyaları geri qaytarmaqdan imtina edir. O, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o Tükəzbanın qeydiyyatdan çıxmasından sonra pulu geri qaytaracağına söz vermişdir. Qeydiyyatdan çıxdığı məlum olduğu halda, o da həmin 2000 manat pulu iddiaçıya verəcək. Lakin iddia ərizəsində qeyd edilən əşyalar həmin evdə olmamışdır. Onlar evdə heç bir əşyanı saxlamamışlar. Evdə olan əşyaların hamısını özü almışdır. Televizoru anası ona verib. Köhnə model televizordur. Bəzi ev əşyalarını isə evi alandan sonra özü kreditlə almışdır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qohumluğu və ədavəti yoxdur. Tahiri 7-8 ildir ki, tanıyır. Onunla ailəvi dost olmuşlar. Tahir hazırda Hülövlü kəndində yaşayır. Əvvəl 8 nömrəli məktəb tərəfdə evi var idi. O evdə olanda da gediş-gəlişləri var idi. Evin otaqları dəqiq yadında deyil. Aşağı mərtəbədə salon var idi. Həmin evdə o, yoldaşı və uşaqları ilə qalırdı. Fəqan da o evdə yaşayırdı. Sonra o evi başqa qadına satdı. Evi satdığı qadını evdən əşyaları daşıyarkən bir dəfə görmüşdür. Evdə çıl-çıraq, mətbəx mebeli, soba, televizor, paltaryuyan maşını saxladılar. Evin borcundan qalan 2000 manat pulu xanımın evdən qeydiyyatdan çıxmasından sonra ödəcəyini bildirmişdi. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qohumluğu və ədavəti yoxdur. Tahir onun bibisi oğludur. Əvvəl 1 nömrəli məktəb tərəfdə evi var idi, orada yaşayırdı. Sonra həmin evi satdı. Evi neçəyə satdığını bilmir. Evdən əşyaları daşıyarkən onu köməyə çağırmışdı. Tahir evdə xalça, mətbəx mebeli, soba, televizor, soyuducunu saxladı. Əmlaklarla bağlı müqavilə olmayıb. Cavabdehin əmlaklarla bağlı dediyi sözlərə inanıblar. Bu brədə müqavilə bağlanmayıb. Məhkəmə, iddiaçı və cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-1№ ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.4 kv.metr olan evi 37000 (otuz yeddi min) manata alıcı Cavabdeh satmışdır. Qeyd olunan müqavilənin 5-ci bəndində əsasən alıcı Cavabdeh ilkin olaraq 32000 manat məbləğ satıcı İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 5000 manat məbləğin 3000 olan hissəsinin Nümayəndə2, X7 və X4 müqavilə təsdiq olunduğu tarixdən 1 ay müddətində fərdi yaşayış evindən qeydiyyatdan çıxdıqdan sonra , 2000 manat hissəsini isə müqavilə təsdiq olunduğu tarixdən 1 il müddətində X5 qeydiyyatdan çıxdıqdan sonra ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, X5 ünvan dəyişməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı mülkiyyətində olan evi Cavabdeh 37.000 manata satmışdır. Müqavilə şərtlərinə əsasən pulun bir hissəsi ödənilsə də, qalan məbləği cavabdeh 5000 manat məbləğin 3000 olan hissəsinin Nümayəndə2, X7 və X4 müqavilə təsdiq olunduğu tarixdən 1 ay müddətində fərdi yaşayış evindən qeydiyyatdan çıxdıqdan sonra, 2000 manat hissəsini isə müqavilə təsdiq olunduğu tarixdən 1 il müddətində X5 qeydiyyatdan çıxdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, iddiaçı və cavabdeh arasında mübahisəli mənzildə olan əmlakların və pulun qaytarılması ilə bağlı mübahisə yaranmışdır. İddia tələbi üzrə iddiaçı şəxs evdəki mövcud əşyaların və pulun cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 596.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından göründüyü kimi hazırki iddia tələbinin əmlaklarla bağlı hissəsinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdeh) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların (1 ədəd Hisense markalı SMART TV televizor, 1 ədəd çıl-çıraq, 1 ədəd 2 kameralı qara rəngli soyuducu, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd 4 gözlü qaz sobası) cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İşin araşdırılan hallarına istinadən məhkəmə qeyd edir ki, tərəflər arasında alqısatqı müqaviləsi tərtib olunan zaman müqavilədə pulun qaytarılması barədə müddəa öz əksini tapmış, iddiaçının müqavilədə əmlakların çıxarılmasına dair qeyd vermək imkanının olmasına baxmayaraq, iddiaçı bu imkanından yararlanmamış, əmlakların verilməsi və ya qaytarılması ilə bağlı müqaviləyə hər hansı bir qeyd və əlavə verməmişdir. Bundan başqa məhkəmə şahid ifadələrinin sübut kimi qəbul olunmamasına qiymət verərək hesab edir ki, həmin ifadələr iddianın təmin olunması üçün yetərli olmadığından sübut kimi qəbul edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi əmlaklardan-1 ədəd Hisense markalı SMART TV televizor, 1 ədəd çıl-çıraq, 1 ədəd 2 kameralı qara rəngli soyuducu, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd 4 gözlü qaz sobasının cavabdehdə olması öz təsdiqini tapmır. Məhkəmə tədqiqatı zamanı iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim etmədiyindən, cavabdeh tərəf isə qeyd olunan əmlakların qaytarılmasına dair hissədə iddianı qəbul etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddianın 2000 manat pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclası zamanı borcunu etiraf etmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından (yüklülükdən) azad daşınmaz əşyanı 1 il ərzində alıcıya təqdim etmək barədə öhdəliyinə əməl etmiş, lakin alıcı (cavabdeh) bu öhdəliklərdən azad daşınmaz əmlakı qəbul etsə də, tərəflərin razılaşdıqları kimi, əmlakın qalan qiymətini, yəni 2000 manatı satıcıya (iddiaçıya) ödəməmiş, bunun nəticəsində isə həmin məbləğdə əsassız varlanmışdır və bu barədə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia bu hissədə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia cavabdehin etiraf etdiyi və borclu olduğu 2000 manat pulun qaytarılması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 manat pul və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar