Məhkəmə qərarları › İş №2(105)-123/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-123/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-123/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC-nin hüquq varisi) cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin icrası, mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə1 (sonuncu məhkəmə iclaslarına gəlməmişdir), müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK-nın nümayəndəsi X5, "xxxx" MMC-nin hüquq varisi olan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə (sonuncu məhkləmə iclasına gəlməmişlər), Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 0,3444 ha torpaq sahəsində 2 ədəd 1 girişli, 15 mərtəbəli və 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

2. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində vətəndaş X3 məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi 0,3444 ha torpaq sahəsində öhdəlik müqaviləsi əsasında 2 bloklu 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

3. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin 1-ci bəndində Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayış binasından 1 otaqlı ümumi sahəsi 50.5 kv.m olan (bundan sonra yaşayış binası) mənzilin Alıcının mülkiyyətinə verilməsi, Alıcının isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməsi şərti nəzərdə tutulmuşdur.

4. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Alıcı üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzilin hər kvadrat metri 650 manat olmaqla cəmi 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manatı satıcıya ödəməyi öhdəsinə götürür. Ödəniş haqqında maliyyə arayışı müqaviləyə əlavə olunduqdan sonra müqavilə qüvvəyə minir.

5. Müqavilənin 3.1 -ci bəndinə görə müqavilə ilə müəyyən olunmuş məbləği alıcı pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda satıcı müqaviləni birtərəfli qaydada pozmaq hüququna hüququna malikdir. Bu halda, alıcının ödədiyi məbləğ ümumi məbləğin 1%-i Cavabdeh MMC-nin kassasında qalmaq şərti ilə, mənzil satıldıqdan sonra nəğd və ya poçt vasitəsilə geri qaytarılır.

6. Müqavilənin 3.2-ci bəndinə görə 2.1. bəndində göstərilən tikintiquraşdırma işlərini 24 (iyirmi dörd) ay ərzində tamamlayıb alıcıya təhvil verir.

7. Cavabdeh MMC iddiaçının mənzilin dəyərini tam ödəməsi və Şirkətə heç bir borcunun olmaması barədə 01 mart 2019-cu il tarixli maliyyə arayışı vermişdir.

8. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MTK arasında Podrat müqaviləsi bağlanaraq Abşeron şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “Sifarişçi” "xxxx" MMC- yə ayrılmış torpaq sahəsində inşa olunması nəzərdə tutulmuş yaşayış binalarının “Podratçı” "xxxx" MTK-nın öz işçi qüvvəsi hesabına inşasının başa çatdırması razılaşdırılmışdır.

9. Hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə1dur.

10. İddiaçı mənzilin ona təhvil verilməməsi ilə bağlı Abşeron rayon prokurorluğuna müraciət etmiş, xx.xx.2020-ci il tarixli məktubla onun müraciətindən imtina edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci ıl tarixli hökmü ilə "Hasil” MMCnin direktoru olmuş X7 Cinayət Məcəlləsinin 29, 178.3.2. 308.2. 32.5, 32.4, 312.1, 313. 32.5. 313-cü maddələri, həmçinin "xxxx" MMC-nin direktoru olmuş X8 Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1576/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50,5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilinin mövcud olub-olmaması (binanın layihəsinə uyğun olaraq tikililib-tikilməməsi), faktiki vəziyyəti, texniki parametrləri müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə eksperizasının imtina edilməsi barədə məktubu ilə ayrıca akt, plan-sxemi, texniki pasportu təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquq varisidir.

15. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən bina "xxxx" MMC tərəfindən inşa edilir və bina ümumilikdə 19 deyil 16 mərtəbəlidir və həmin binada 9-cu mərtəbədə ümumiyyətlə 50.5 kv.mlik mənzil yoxdur. Eyni zamanda həmin binada C bloku kimi qeyd dilmiş (hazırda 3-cü blokda) 263 sıra saylı ilə qeyd edilmiş mənzil mövcud deyildir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir alıcı kimi müqavilədə nəzərdə tutulmuş, öhdəsinə götürdüyü bütün prinsiplərə əməl etmişdir. Öhdəliyini tam şəkildə yerinə yetirmiş, ona maliyyə arayışı təqdim edilmişdir. Bir müddət keçdikdən sonra onunla bütün müqavilə sənədlərini imzalayan şəxs qəflətən “yoxa çıxmışdır". Dəfələrlə MMC-yə müraciət etsə də, müqavilə şərtlərinə uyğun olan nə ona verilən mənzili, nə də mənzilin dəyərini 32825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat pulunu geri ala bilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının tələblərinə əsasən cavabdehə mediasiya təklifi göndərilmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə riayət olunmaqla cavabdehlə əlaqə saxlanılmışdır, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə nüraciət etmişdir

18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1648/2022 qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən nəğd pul şəklində ödənilməmişdir, müqavilədə göstərilən mənzilin dəyəri məbləğində iddiaçı tərəfindən cavabdehə tikinti üçün daş material verilməli idi. Cəmisi 11 000 manatlıq daş material verildiyi onların hər ikisinin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri qalan hissədə yerinə yetirilməmişdir. Həmçinin, müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi həmin binanın tikintisi üçün Abşeron rayon İH tərəfindən xx.xx.2008-ci il tarixli, 1242 saylı Sərəncam məhz "xxxx" MMC-yə ayrılmışdır.

20. Beləliklə, tərəflər arasında bağlanan 01 mart 2019-cu il tarixli müqavilə əsasında mənzil satıcı olaraq səlahiyyətsiz şəxs tərəfindən satıldığından, habelə alıcı tərəfindən müqavilə öhdəliyi tam icra edilmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1. 152.5. 152.6. 152.7, 157.2, 157.4, 178.8, 399.1, 421.1, 442.1, 752.1, 752.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2 (105)-2131/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi hakim), Telman Quliyev və Gülnarə Tağızadə).

Kassasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2142/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2131/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov).

26. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, sözügedən binanın müqavilə bağlandığı tarixdə, yəni, xx.xx.2019-cu il tarixdə hansı tikinti şirkətinin balansında olmasını, tikinti işlərini hansı şirkətin aparmasını, o cümlədən həmin dövrdə cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olub-olmaması və mənzilin yerləşdiyi bina ilə bağlılığının olub-olmamasını araşdırmamışdır. Halbuki, iddiaçının cavabdehə 11000 manat çınqıl daşı verməsinin və onların bu münasibəti davam etmələrinə niyyətli olmalarının işin mübahisəsiz halı olması, həmçinin cavabdeh MMC-nin şahid qismində dindirilən nümayəndəsinin bu halı təsdiqləməsi onlar tərəfindən həmin ərazidə tikinti işlərinin aparılıb-aparılmaması məsələsinin aydınlaşdırılmasını zəruri edir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən həmin mənzilin başqa şəxsə satılmasını bildirsə də, məhkəmə bu nüansa əhəmiyyət verməmiş, həmin mənzilin hazırda mövcud olub-olmaması, kimin tərəfindən təhvil alınması, əgər mənzil başqa şəxsə təhvil verilmişsə, bunun əsası, yeni müqavilənin bağlanıb-bağlanmaması, əgər belə bir müqavilə bağlanmışsa, mənzilin ikinci dəfə hansı şirkət tərəfindən satılması halının araşdırılması üçün heç bir addım atılmamış, müvafiq sorğular verilməmiş, yerində müayinə keçirilməmiş, hazırki iddianın digər şəxslərin hüquq və mənafelərinə toxunub-toxunmaması araşdırılmamış və bütün bu məsələlər açıq saxlanılmışdır. Məhkəmələr belə bir halın olub-olmamasını müəyyənləşdirmək üçün cavabdeh tərəfin mövqeyini belə öyrənməmişlər. Bundan başqa, podratçı şirkət olan “Şərur MTK” iş üzrə mübahisə predmeti irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, hazırki mübahisənin maraqlarına toxunduğu "xxxx" MMC cəlb edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatla əvvəlcədən bizneslə əlaqədar münasibətləri olub. Qubada yerləşən daş karxanalarından daş, çınqıl və qum kimi tikinti ləvazimatlarını tikinti şirkətlərinə vermişdir. Cavabdeh şirkət ona olan borcunu ödəyə bilmədiyi üçün həmin bir otaqlı evi ona təklif etmişdi. Mənzilin dəyərinin 11000 manatı cavabdeh şirkətin ona olan borcudur. Sonradan görüb ki, həmin şirkət ümumən həmin yerdə fəaliyyət göstərmir. Tikintini "xxxx" MTK davam etdirir. "xxxx" MTK-dan cavabdehdən aldığı mənzil barədə soruşduqda ona bildirilmişdir ki, mənzil alan şəxslərin arasında onun adı ümumiyyətlə yoxdur və bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməlidir. Müvafiq quruma müraciət edib, cavab olaraq bildirilib ki, mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Məhkəməyə müraciət etsə də, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, onunla müqavilə bağlayan şəxs səlahiyyətli şəxs deyil. Sıravi vətəndaşdır, səlahiyyət məsələsini müəyyənləşdirə bilməz. Cavabdeh MMCnin direktoru Nümayəndə1 həm də "xxxx" MMC-nin direktoru və təsisçisidir. Cavabdehlə iş görüb, ona tikinti ləvazimatları verib. Evin dəyəri 32000 manat olmuşdur. Ona 32000 manata maliyyə arayışı verilib. O, cəmi 11000 manat ödəniş edib. İşləri davam etməli idi. Qalan vəsait üzrə də belə hesablaşma aparılcaqdı.

28. Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayətinə etiraz ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

29. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 263 saylı mənzilin təhvil verilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüş qarşılığında isə alıcı onun dəyərini satıcıya ödəməli idi. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarınada belə bir sənəd mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. (Mülki Məcəllənin 2.2.-ci maddəsi) Müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Fərz etsək ki mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəlik hüquq münasibəti mövcud olub bu halda bir neçə məsələyə diqqət yetirilməlidir. Əvvəla təşkilati hüquqi formasından da göründüyü kimi Cavabdeh MMC məhdud məsuliyyətli cəmiyyət olub ki hazırdada belə fəaliyyətini davam etdirir və bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir .(Mülki Məcəllənin 146.1.-ci maddəsi) İkincisi iddia tələbi ilə bağlı bildirirlər ki, Cavabdeh vəzifəli şəxsləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək təqsirli bilinmişlər. Göründüyü kimi Cavabdeh MMC ilə mənzil alqı-satqısı haqqında müqavilə bağlanarkən cavabdeh və qeyriləri aldadılaraq və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan iddiaçı ilə Cavabdeh MMC arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsinə münasibətdə isə bildirmək istəyirik ki, iddiaçı özü həm Koorupsiyaya qarşı mübarizə baş idarəsində və keçirilən bütün məhkəmə iclaslarında (video yazılarda əksini tapır) izahatlarında yalnız və yalnız 11.000 manatlıq daş materialı verdiyini təsdiq etmişdir. Hazırki iş üzrə iddianın obyektiv və qanuni həlli baxımından qeyd edilənlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Ücüncüsü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində Mülki Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, qaydası haqqında şərtlər göstərilməlidir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmçinin Mülki Məcəllənin 91-2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin icra orqanı və cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. "xxxx" MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.3-cü maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun Mülki Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Həmin Məcəllənin 49-1.4-cü maddəsinə əsasən Əqdin Mülki Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Dördüncüsü iddiaçı iddia ərizəsində pulun Cavabdeh MMC ödənildiyini və daha sonra Cavabdeh MMC öhdəliyi icra edə bilmədiyindən qarşılıqlı razılıq əsasında onun öhdəliyinin "xxxx" MMC tərəfindən yerinə yetiriləcəyi barədə öhdəlik götürülməsini qeyd etmişdir. Lakin bu faktı təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Bundan başqa iddiaçı ərizəsinə əlavə etdiyi maliyyə arayışında pulun ödənildiyi qeyd etməsinə baxmayaraq həmin pulun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübutun iş materiallarına əlavə edildiyi aşkar edilməmişdir. Bundan başqa həmin “Öhdəlik” sənədi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə “05” fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesabat blanklarının (Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M-2, qaiməfaktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin qaydaların 16-cı bəndinə əsasən “Kassa mədaxil orderi forma № KO-1” iki hissədən - kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzindən ibarətdir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin “öhdəlik”dən göründüyü kimi həmin sənəd kassa mədaxil orderi deyil və hətda həmin sənədi mötəbər bir sübut kimi hesab etmək istəsək belə həmin maliyyə arayışı məsul şəxs yəni müəssisənin baş mühasibi və yaxud mühasibi tərəfindən imzalanmamışdır. Göründüyü kimi alqı-satqı müqaviləsi əsasında mənzilin alınması barədə pul vəsaitinin cəmiyyətin kassasına ödənilməsini təsdiq edən hər hansı bir kassa mədaxil qəbzi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin direktoru X8 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə öhdəliyə "xxxx" MMC heç bir məsuliyyət daşımır. Həmçinin Cavabdeh MMC hazırda da fəaliyyətdə olan müstəqil bir hüquqi şəxs olaraq öz öhdəliklərinə cavabdehdir. Bundan başqa müqavilədə qeyd edilən ünvanın Cavabdeh MMC ayrılması və onun orada hər hansı bir fəaliyyətlə məşğul olması üçün hər hansı bir rəsmi sənədi olmamışdır. İddiaçı ona 11.000 manat dəyərində qum-çınqıl alınması üçün borclu hesab etdiyi Cavabdeh MMC-yə qarşı tələblə məhkəməyə müraciət edə bilər.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

33. Cavabdehin nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK-nın nümayəndəsi X10, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

37. Maddə 152.7 İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

38. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

40. Maddə 178.8 Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

41. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

42. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

43. Maddə 442.1 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

45. Maddə 752.2 Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

58. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

59. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

62. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası qeyd еdir ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

63. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 0,3444 ha torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Sonradan "Hasil” MMC-nin direktoru olmuş X7 və X8 barələrində cinayət işi başlanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci ıl tarixli hökmü ilə onlar təqsirli bilinərək məhkum olunmuşlar. "Hasil” MMCnin rəhbərliyi barəsində cinayət işi başlandıqdan sonra bir müddət həmin binanın inşası ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə1 məşğul olmuşdur. Qeyd olunmalıdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında binanın inşasının davam etdirilməsinə dair heç bir müqavilə bağlanmamış, mübahisəli binanın cavabdeh şirkətinin balansına rəsmi keçirilməsinə dair hər hansı razılaşma aşkar edilməmişdir. Həmin dövrdə Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh MMC Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzili 32825 manat müqabilində alıcıya təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC iddiaçının mənzilin dəyərini tam ödənilməsi və şirkətə heç bir borcunun olmaması barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı vermişdir.

64. Lakin həm birinci instansiya məhkəməsində həm apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarında iddiaçı mübahisəli mənzilə görə tam pul vəsaitin ödənilməməsini, cavabdehə yalnız 11000 manat dəyərində çınqıl daşın verilməsini bildirmişdir. Belə ki, iddiaçı bu münasibəti davam etmək niyyətində olsa da, mənzilin dəyərini faktiki olaraq tam ödəyə bilməmişdir.

65. İşin hallarından həmçinin görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MTK arasında Podrat müqaviləsi bağlanaraq "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində inşa olunması nəzərdə tutulmuş yaşayış binalarının "xxxx" MTK-nın öz işçi qüvvəsi hesabına inşasının başa çatdırması razılaşdırılmışdır.

66. "xxxx" MTK və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdurlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyindən, "xxxx" MMC-nin hüquq varisidir.

67. Məhkəmə kollegiyası mübahisəli mənzilin hazırda mövcud olub-olmaması, kimin tərəfindən təhvil alınması, əgər mənzil başqa şəxsə təhvil verilmişsə, bunun əsası, yeni müqavilənin bağlanıb-bağlanmaması, əgər belə bir müqavilə bağlanmışsa, mənzilin ikinci dəfə hansı şirkət tərəfindən satılması halının araşdırılması üçün müvafiq sorğular vermiş, yerində müayinə keçirmişdir.

69. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən bina "xxxx" MMC tərəfindən inşa edilir və bina ümumilikdə 19 deyil 16 mərtəbəlidir və həmin binada 9-cu mərtəbədə ümumiyyətlə 50.5 kv.mlik mənzil yoxdur. Eyni zamanda həmin binada C bloku kimi qeyd dilmiş (hazırda 3-cü blokda) 263 sıra saylı ilə qeyd edilmiş mənzil mövcud deyildir.

70. xx.xx.2014-cü ila tarixində məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilmiş, mübahisəli binanın natamam yarıtikili vəziyyətdə olması, tikinti işlərin davam etdirilməsi, binada heç bir yaşayış əlamətlərin olmaması müşayət olunmuşdur. Həmçinin məhkəmə kollegiyasına özünü tikintiyə nəzarət edən şəxs qismində təqdim edən Əliyev Hüseyn həmin tikilinin C blokunda 50 kv.metr sahəsi olan mənzilin mövcud olmadığını, həmin blokda olan mənzillərin sahəsinin 65 kv.metr olduğunu bildirmişdir.

71. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzil mövcud olmadığından, Cavabdeh MMC-nin isə ümumiyyətlə balansında olmayan binadan mənzillərə sərəncam verilməsinə dair səlahiyyəti müəyyən olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin edilməməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.

72. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə iddianın təmin olunmaması İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2019-cu il tarixli müqavilə üzrə vurulmuş zərərin ödənilməsinə dair yenidən iddia qaldırmaq hüququnu istisna etmir.

73. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

74. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar