Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-220/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin və Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırki iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının,vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, payçı İddiaçı ilə Azərbaycan Respublikasının Müstəqil Məhkəmə Ekspertizası arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanılmışdır. Ekpertiza mərkəzindən verilən rəyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin kv.m-i hesablanarkən düzgün hesablama aparılmamışdır. Hər kv.metrə hər ay ödəniş 708 manat olmaqla MTK-ya ödəniş olunmuşdur. Belə ki, mənzilin kvadrat metrinə görə hesablama aparılarkən ekspertiza mərkəzinin rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə istinad olunmaqla müəyyən edilmiş və İddiaçı məxsus mənzilin ekspertiza mərkəzindən verilən rəyə əsasən ümümi sahəsinin 54.28 kv.m (faktiki sahənin müqavilədə göstərilən sahədən 9.19 kv.m az) olduğu aşkar olunmuşdur. İddiaçı MTK tərəfindən təqdim olunmuş aylıq ödəniş cədvəlində mənzil üçün ilkin olaraq xx.xx.2021-ci il tarixində 30000 manat pul ödənilmişdir. Təyin olunmuş qrafik cədvəlində bu ödənişlər 15 aya bölünərək, hər ay üzrə 708 manat olmaqla 10620 manat da (aylıq ödəniş cədvəlində son ödəmə tarixi xx.xx.2022-ci ildə başa çatmışdır) əlavə olaraq ödəniş edilmiş, ümümilikdə isə MTK-ya 40620 manat pul ödənilərək mənzilin ödənişi (Dörd Qardaş” MTK-nın direktoru Hüseyinli Cavid tərəfindən xx.xx.2022-ci il tarixində imzalanmış maliyyə arayışı) başa çatmışdır. Cavabdeh MTK tərəfindən payçıya mənzilinin kvadrat metri müqavilədə 63.47 kv.m göstərilməklə satılmış və hər kvadrat metrə üçün 640 manat ödənişin olunması tələb edilmişdir. Halbuki, ekspertiza mərkəzindən verilən rəydə mənzilin ümümi sahəsinin 54.28 kvadrat metr olduğunu nəzər alsaq ”Dörd Qardaş” MTK-ya (54.28*640) 34739.20 manat ödəniş olunmalı idi. Yəni Cavabdeh MTK tərəfindən payçı İddiaçı 5881.60 manat əlavə olaraq pul tutulmuş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxaranın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu o deməkdir ki, vətəndaşlar ödəniş edərkən balkonlara görə 30%, yəni balkon sahəsinin 30%-nə görə, lojiyaların isə 50%-nə görə ödəniş etməlidirlər. Məhz DƏDRX-in əməkdaşları Çıxarış verərkən bu qaydaya əsaslanıb hesablama edirlər. Ancaq mənzilin əsas sahəsi daxildən hesablanır. Hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. İddiaçı cavabdehdən mənzilin ödənişini tam ödəməklə əldə etmişdir. Lakin, cavabdeh hal-hazırda müqavilə üzrə şərtlərin və qaydaların iddiaçı tərəfindən pozulması ilə bağlı məsələləri bəhanə edərək 1 ildən artıqdır ki, iddiaçının həmin mənzilə köçmək hüququna məhdudiyyət qoyaraq mənzilin açarlarını ona təqdim etmir, müqavilənin 3.4, 3.5-ci maddələrinin tələblərinin pozulmasını bəhanə gətirərək müqaviləni ləğv edərək mənzil üçün ödənilmiş pulu gəlib geri götürməyimizi qeyd etmişdir. Cavabdeh həmçinin, mənzilin təmirinə icazənin verilməsi üçün müqavilənin 3.4-cü bəndində göstərilən hal üzrə 1000 manat və 3.5-ci bəndində qeyd olunan hal üzrə 900 manat sayğac üçün pul tələb edib, iddiaçıya mənzilin açarlarını təqdim etməmişdir. Bu baxımdan iddiaçı MTK-dan aldığı mənzildən yaşayış hüququndan istifadə edə bilmədiyi üçün qohum-əqrabasının evində 1 müddət yaşamış və 4 aya kimi aylıq ödənişi 150 manat olmaqla 600 manat kirayə pulu ödəmişdir. Bundan əlavə olaraq tərəfimizdən xx.xx.2023-cü il tarixində cavabdeh ”Dörd Qardaş” MTK-ya göndərilən pretenziya məktubunda yuxarıda qeyd olunan maneələri aradan qaldırması və mənzilin kvadrat mertinə görə əlavə olaraq tutulmuş ödənişin geri qaytarılması tələb olunsa da, müraciətimizə mənfi cavab verilmiş və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Buna görədə cavabdehdən pulun geri alınması və öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “MTK”-nin sədri Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı- Masazır şossesi ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 42 saylı mənzili qarşılıqlı iddia üzrə cavabdehə təhvil vermək öhdəliyini götürmüş, qarşılıqlı iddia üzrə cavabdeh isə öz növbəsində müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəniş cədvəlinə əsasən ödəmiş, qalan hissəsini 15 (on beş) ay müddətində ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində, inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü girişin, 5-ci mərtəbəsində, 42 saylı mənzilinə görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cəmi 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğini, ilkin ödəniş üzrə 30000 (otuz min) manat, geridə qalan məbləği isə 15 ay ərzində aylıq 708 (yeddi yüz səkkiz) manat olmaqla ödəmək öhdəliyi götürmüşdür. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nə həmin ödəniş cədvəlinə uyğun olaraq 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləği ödəmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, tərəflər gələcəkdə idarəedici təşkilat tərəfindən müəyyən edilmiş qiymətlər əsasında yaşayış binasında kommunal xidmətlər göstərilməsi üzrə müqavilə bağlanmasını öhdəliyini götürmüşlər. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş, müddətdə ödəniş qrafikinə əsasən “MTK" sədrinə ödəməyi öhdəsinə götürür, əks təqdirdə müqavilə birtərəfli qaydada ləğv edilir. Müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, əsasən qarşılıqlı iddia üzrə cavabdeh mənzilin daxili təmirinə başlamazdan əvvəl inşaat materiallarını qaldırmaq üçün yük liftindən, krandan, sudan və s. istifadə etdiyinə görə “MTK” sədrinə; (3.4.1) 1 otaqlı mənzillər üçün 800 manat; (3.4.2) 2 otaqlı mənzillər üçün 1000 manat; (3.4.3) 3 otaqlı mənzillər üçün 1200 manat əlavə ödədikdən sonra mənzilindən təmir işlərinə başlaya bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh mənzilə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini ödəməyi öhdəliyinə götürmüşdür. Belə ki. qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sözügedən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmaq məqsədi ilə, qarşılıqlı iddia üzrə iddiaçı “Dörd Qardaş" MTK-ya sorğu ilə müraciət edərək, icra etmək istəmədiyi öhdəliklərinin müqavilədən çıxarılması, yəni müqaviləyə dəyişikliklər edilməsini tələb etmişdir. X1 “Dörd Qardaş" MTK-nə müqavilənin 2.5-ci bəndinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat borcu yaranmış və o həmin borcun ödənilməsindən də yayınmışdır. Beləliklə, “Dörd Qardaş" MTK tərəfindən İddiaçı qanunsuz hərəkətləri nəticəsində, yəni onun müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasında yayınması səbəbindən xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi qərarı alınmışdır. Bununla bağlı Cavabdeh MTK tərəfindən İddiaçı pretenziya məktubu ilə müraciət edilərək, onun kooperativin ofisinə 3 gün ərzində yaxınlaşması, xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsinin rəsmiləşdirilməsində iştirak etməsi, bu günədək MTK-nə ödədiyi vəsaitləri geri alması xahiş edilmişdir. Lakin İddiaçı pretenziya məktubuna məhələ qoymamış və göstərilən tarixdə kooperativin ofisinə gəlməmişdir, bu səbəbdən xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddiaya etiraz edərək bildirdi ki, mənzil təhvil verilmədiyindən təmirinə başlamaq mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddiaya etiraz edərək bildirdi ki, mənzilin dəyərini tam ödəsə də, uzun müddətdir ki, MTK öz öhdəliyini icra etmir. Cavabdeh MTK–nın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MTK nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddiaya etiraz edərək bildirdi ki, tərəflər arasındakı müqavilədən də görünür ki, mübahisəli mənzilin ümumi sahəsi və dəyəri tərəflər arasında razılaşdırılmış, həmin sahəyə yan divarlar və daxildəki arakəsmələrin də daxil edildiyi göstərilmişdir. Bundan əlavə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-nın qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə “Payçı” İddiaçı arasında bağlanan 02 mart 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “MTK”-nın sədri” Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 63,47 kv.m olan (Mənzilin yan divarları - çöl divarlar bütöv, qonşuya düşən hissənin isə yarısı və daxilindəki arakəsmələr ümumi sahəyə aid olmaqla), 2 otaqlı 42 saylı mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” isə ilkin ödəniş 30000 manat olmaqla, qalan 10620,8 manat pulu isə 15 ay müddətində müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə Cavabdeh MTK-ya ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmçinin “Payçı” mənzilin daxili təmirinə başlamazdan əvvəl inşaat materiallarını qaldırmaq üçün yük liftindən, krandan, sudan və s. istfadə etdiyinə görə “MTK” sədrinə 1 (bir) otaqlı mənzillər üçün 800 (səkkiz yüz) manat; 2 (iki) otaqlı mənzillər üçün 1000 (bir min) manat; 3 (üç) otaqlı mənzllər üçün 1200 (bir min iki yüz) manat əlavə ödədikdən sonra mənzilində təmir işlərinə başlaya biləcəyi öhdəliyini götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 2 saylı mənzilin sahəsinin pay dəyəri tam ödənilmişdir, payçının MTK-ya mənzil üzrə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən "Dord Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil 15 (On beş) ay ərzində təmirə icazə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9567 saylı rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı- Masazır şössesi ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 42 saylı mənzilin sahəsinin ölçüsü (mənzilin yan divarları (çöl divarlar bütöv, qonşuya düşən hissəsinin isə yarısı) və daxildəki arakəsmələr nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilədə göstərilən (63.47 kv.m) sahə ilə üst-üstə düşdüyü, həmin mənzilin faktiki sahəsinin ölçüsü (mənzilin yan divarları (çöl divarlar bütöv, qonşuya düşən hissəsinin isə yarısı) və daxildəki arakəsmələr nəzərə alınmamaqla) İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə göstərilən (63.47 kv.m) sahə ilə üst-üstə düşmədiyi, belə ki, müqavilədə göstərilən sahə ilə 8,23 kv.metr fərq olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı Nümayəndə1 hesabına 221 manat vəkil xərci üçün pul köçürmüşdür. Məhkəmə tərəfindən müəyyən olundu ki, 02 mart 2021-ci il tarixdə “Payçı” - İddiaçı ilə Cavabdeh MTK arasında müqavilə bağlanmış, müqaviləyə əsasən o, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən "Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzili dəyəri olan 40620,8 manat məbləğində pulu ödəməklə almışdır. Mənzil İddiaçı təhvil verilməmiş, təmirə icazə üçün xx.xx.2021-ci il tarixli arayış verilsə də, faktiki olaraq bu günə kimi təmirin başlanılmasına şərait yaradılmamışdır. Hazırda ilkin iddiaçı mübahisəli mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi tələb edir. Məhkəmə hesab edir ki, ilkin iddia mənzilin təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil əmlakın dəyəri tamamilə ödənildiyindən İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, mənzilin təhvil verilməsi həmin mənzillə bağlı iddiaçının bütün hüquqlarının təmin olunmasını ehtiva etdiyindən iddianın digər hissəsinin (həmin mənzilin açarlarının) təmin edilməsini məhkəmə zəruri hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, ilkin iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə hesab edir ki, ilkin iddianın mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan çatışmayan kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə tələb təmin edilməməlidir. Belə ki, tərəflər arasında imzalanmış 02 mart 2021-ci il tarxili müqavilə podrat müqaviləsi olaraq imzalanmış və müqavilənin 1.3-cü bəndində Mənzilin ümumi sahəsi 63,47 kv.m göstərilməklə mənzilin yan divarları - çöl divarlar bütöv, qonşuya düşən hissənin isə yarısı və daxilindəki arakəsmələr ümumi sahəyə aid olması göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən də görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şössesi ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 42 saylı mənzilin sahəsinin ölçüsü (mənzilin yan divarları (çöl divarlar bütöv, qonşuya düşən hissəsinin isə yarısı) və daxildəki arakəsmələr nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilədə göstərilən (63.47 kv.m) sahə ilə üst-üstə düşür. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz. Mülki Məcəllənin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İlkin iddianın 600 (altı yüz) manat kirayə haqqının cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə iddianın təmin edilməsini təsdiq edə biləcək hər hansı sübut işə əlavə edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda ilkin iddia tələbinin “221 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia mənzilin təhvil verilməsi (əsas) hissədə tam təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 221 manat məbləğində pul vəsaiti ”Dörd Qardaş” MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 752-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753-cü maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754-cü maddəsinə görə əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759-cu maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İş materiallarından görünür ki, podrat müqaviləsində nəzərdə tutulmuş mənzil podratçı tərəfindən inşa edilmişdir. Podratçı iddia edir ki, tərəflər arasında imzalanmış müqavilənin 3.4-cü bəndinə əsasən payçı mənzilin daxili təmirinə başlamazdan əvvəl inşaat materiallarını qaldırmaq üçün yük liftindən, krandan, sudan və s. istifadə etdiyinə görə “MTK” sədrinə 1 (bir) otaqlı mənzillər üçün 800 (səkkiz yüz) manat; 2 (iki) otaqlı mənzillər üçün 1000 (bir min) manat; 3 (üç) otaqlı mənzillər üçün 1200 (bir min iki yüz) manat əlavə ödədikdən sonra mənzilində təmir işlərinə başlaya biləcəyi öhdəliyini götürməsinə baxmayaraq, həmin öhdəlikləri icra etmədiyindən müqavilə ləğv edilməlidir. Lakin işin araşdırılan hallarından görünür ki, qarşılıqlı iddianın əsasını təşkil edən bəndlər, yəni mənzilin təmiri üçün müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin ödənilməməsi müqavilənin ləğvi üçün əsas deyil. Bu həm də ondan irəli gəlir, işin faktiki hallarından görünür ki, qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir, belə olduqda təhvil verilməyən mənzilin təmirinə də başlanılması qeyri-mümkündür. Bundan əlavə qarşılıqlı iddiada qeyd edilən digər bir hal tərəflər arasında bağlanan müqavilənin 3.5-ci bəndində nəzərdə tutulan “payçının mənzilə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini ödəməyi öhdəsinə götürməsinə istinad olunmasıdır ki, məhkəmə bununla bağlı qeyd edir ki, qeyd edilən kommunal xidmətlərə görə sayğacların quraşdırılması müvafiq qurumlar tərəfindən həyata keçirilir və bu xidmətlərə görə ödənişlərin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Bundan əlavə qarşılıqlı iddiada qeyd edilən digər bir hal isə iddiaçının tərəflər arasında bağlanan müqavilənin 2.5-ci bəndinə istinad edərək 528 manat borcunun yaranması ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilənin 2.5-ci bəndindən görünür ki, tərəflər gələcəkdə kommunal xidmətlər göstərilməsi üzrə müqavilə bağlanmasını öhdələrinə götürürlər. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında qeyd edilən hal ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır və ya müqavilənin bağlanması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının podrat müqaviləsinin ləğv edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd edilən məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası üçün tələb edilən 50 manat vəsait İddiaçı (iddianın müvafiq hissəsinin təmin edilmədiyindən) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-220/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-220/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver