Məhkəmə qərarları › İş №2(067)-31/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-31/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-31/2021 25.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı və vəkili X2, Cavabdeh2, onun nümayəndəsi X1 və vəkili X5, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və sair tələbinə dair iddiası və Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Xacmaz şəhərində xx xxxxxx 2021ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Xaçmaz rayonun Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən istifadə hüququna 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi yolu ilə onların evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və gəlinidir. Onların yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evi RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin tarixdən Cavabdeh2 ona məxsus olan evə köçmüş və bu evdə yaşamışdır. Onların birgə nikahdan iki uşağı vardır. xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10. Halhazırda cavabdeh olan gəlini Cavabdeh2 oğlu Cavabdeh1a Xəyanət etməsi səbəbinə görə ailədaxili münaqişələri yaranmışdır və bununla əlaqədar gəlini ilə oğlu arasında münasibətlər pozulmuşdur. Evində xeyli müddətdir ki, gərginlik yaşanır. Artıq evlərindəki vəziyyət son həddə çatmışdır. Cavabdehlərin mülkiyyətində olan ona məxsus evində yaşamaqları qeyri mümkündür. Onlar onun bir mülkiyyətçi kimi öz hüququndan isdədiyi kimi istifadə etməsinə mane olurlar. Cavabdehlərin onun evində qalıb yaşamaları onun mülkiyyət hüquqlarını pozur. Bütün rahatlığı pozulmuşdur. Cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa heç cür nail ola bilmir. Ona görə də onlara kompensasiya ödəməklə onların yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qərarına gəlmişdir. O, bu məqsədlə cavabdehlərə 3000 manat məbləğində kompensasiya təklif edir. Cavabdehlərə belə məbləğdə kompensasiyanın ödənilməsi onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə onun evində onlara xas olmuş şıraitdı müqayisədə oxşar yaşamaq imkanı verir. Onların yaşadığı ərazidə o cümlədən Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində evlərin bir aylıq kirayə haqqı orta hesabla 40-50 manat civarındadır. Bu da kirayə haqqı ayda 50 manat olmaqla 5 ilə görə ümumilikdə 3000 manat təşkil edir və kompensasiya kimi ödəyəcəkdir. Yaşadıqlarıərazidə evlərin kirayə haqqının 40-50 manat civarında olması Xaçmaz şəhərində fəaliyyət göstərən “xxxx” MMC-nin və Xaçmaz rayon Qımıl-qışlaq Bələdiyyəsinin təqdim etdikləri arayışlarda da, öz təsdiqini tapmışdır. Hesab edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 isə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə maraqlı tərəf X16 arasında 0,09 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, reyestrdən bu məlumatların çıxarılması və Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, yaşayış sahəsi 54.3 kv.m olan, köməkçi sahə 48.00 kv.m olan, ümumi sahə 102.3 kv.m. olan yaşayış evinə onunla Cavabdeh1 birgə mülkiyyətinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayon məhkəməsində ona qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. O, iddia ərizəsinin onunla əsaslandırılmışdır ki, hal-hazırda onun iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı Xaçmaz rayon Qımıl-qışlaq kəndində yerləşən evi RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin iddia ərizəsinin surətinə aldıqdan sonra tərəfindən DƏDRXnin 5 saylı X20 sorğu edilərək aldığı sənədlərdən görünür ki, cavabdehin mülkiyyəti hesab etdiyi yaşayış evinə və onun yerləşdiyi 0.09 ha torpaq sahəsinə DƏDRX-nin 5 saylı X22ndən xx.xx.2019 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsasən cavabdeh İddiaçı ilə maraqlı tərəfX16 arasında Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və Xaçmaz rayon 1 saylı Notariat kontorunda 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əsasən 5 saylı X22 tərəfindən alqı-satqının predmeti olmuş 0,09 ha torpaq sahəsinə dair cavabdehin adına xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bu yollada cavabdeh həmin 0,09 ha torpaq sahəsinə və üzərində yerləşdiyi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. O cavabdehin ona qaldırdığı iddianı qəbul etmir və ona qarşı iddia qaldırır. Əslində həmin 0,09 ha torpaq sahəsi onun və cavabdehin oğlu olan maraqlı tərəf Cavabdeh1 ilə nikahda olduqları dövrdə əri olmuş Cavabdeh1 adına satın alınmışdır. Cavabdehlə X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş 0,09 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə-512 nömrə ilə qeydə alınmış AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən həmin dövrdə rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən X7 3000 manat pula satın alınmışdır. Hər iki müqavilədə satıcı İslam Kərimovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-nin 5 saylı X22 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunduğu qeyd edilmişdir. Qaydalara əsasən daşınmaz əmlak barəsində notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən əmlak üzərində mülkiyyət hüququnun təsdiq edən sənədin əsli notariat kontorunda qalır, onun təsdiq olunmuş surəti ilə hüquqların dövlət qeydiyyatına alınması üçün alıcıya təhvil verilir. 2018-ci ilin son aylarında onunla həyat yoldaşı olmuş Fərhad Gülağa oğlu arasında münasibətlər pozulmuş, bu zəmində o, məhkəmədə ona qarşı nikahın pozulmasına dair iddia qaldırmış və hazırda məhkəmənin qırarı ilə nikahları pozulmuşdur. Görünür, cavabdeh oğlu Fərhad ilə münasibətlərinin pisləşdiyini görüb nikah dövründə əldə etdikləri torpaq sahəsindəümumi vəsait hesabına tikdiyi evdən ona pay düşməsin deyə sənədləri saxtalaşdıraraq bu evi və yerləşdiyi torpaq sahəsini adına keçirilmişdir. Həmin torpaq sahəsinə dair 2014-cü ildə alqı-satqı müqaviləsi təsdiq olunaraq, reyestrdə qeydiyyata alındığı halda həmin notariat kontorunda 2018-ci ildə təkrarən eyni predmet üzrə alqı-satqı müqaviləsi təsdiq olunaraq yenidən reyestrdə qeydiyyata alınmışdır. Bütün bunlara baxmayaraq 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə təsdiq olunur ki, sözügedən 0,09 ha həyətyanı torpaq sahəsi o vaxt rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən 3000 manat pula satın alınmışdır. Mübahisəli yaşayış evi həm onun, həm də Cavabdeh1 birgə vəsaiti hesabına inşa edilmişdir. Bu ev məhz onunla Cavabdeh1 üçün tikilmişdir. O, 2008-ci ildə cavabdehin evinə gəlin köçmüş, 2014-cü ildə həmin torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi tikməyə başlamışlar və 2017-ci ildə evi tikintisini başa çatdırdıqdan sonra ailələri cavabdehin evindən yeni tikdikləri evə köçmüş yaşamağa başlamışlar. Hal-hazırda da o iki azyaşlı uşaqları ilə həmin evdə yaşayır. Evin bütün vergilərini və komunal xərclərini onlar ödəmişlər və ödəməkdə də davam edir. 2018-ci ildə 0.09 ha torpaq sahəsinə cavabdehlə X16 arasında bağlanmış alqı-satqı müqaviləsi onun əsasında cavabdehin adına verilmiş çıxarış tamamilə əsassız və etibarsız hesab edilməlidir. Bundan sonra Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı adına 5 saylı ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına 5 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********58-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsinin «xahiş edirəm» hissəsində cavabdeh İddiaçı ilə maraqlı tərəf X16 arasında 009 ha torpaq sahəsinə dair bağlanmış və 4Ə-2664 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsininr bağlandığı tarixi səhvən xx.xx.2018-ci il tarix göstərilmişdir. Müqavıilənin bağlanması tarixi xx.xx.2018-ci ildir. Alqı-satqı müqaviləsinin bağlanması tarixi xx.xx.2018-ci il kimi qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli 0,09 ha torpaq sahəsinin X16 və Cavabdeh1 arasında alqı-satqısına dair xx xxxxx 2014-cü il tarixli AN-1 nömrəli ******* saylı müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli notariat qeydinin də ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmışdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda Cavabdeh2 iki övladları ilə birgə mübahisə predmeti olan evdə yaşayırlar. Məhkəmə iclasında savabdeh Cavabdeh2, onun nümayəndəsi və vəkili ilk iddianı qəbul etməyərək təmin olunmamasını, qarşılıqlı iddianı isə müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, hazırda 2 övladı ilə birgə mübahisə predmeti olan evdə yaşayırlar. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini onun atası İddiaçı o, 13-14 yaşında olanda özü üçün alıb, lakin adına rəsmiləşdirməyib. Sonradan atası torpağı öz adına keçirməyi təklif etmiş, o da keçirmişdir. Daha sonra həyat yoldaşı Sevil demişdir ki, “sənin işin şəhərdədir, mən də şəhərdə bağçaya işə düzələrəm, ona görə Xaçmaz şəhərində yer alıb ev tikərik”. O da bu səbəbdən 2014-cü ildə İslamla bağladığı alqı-satqı müqaviləsini ləğv etdirmişdir. Həmin müqavilə reyestrdə qeydə alınmadığına görə ləğv etdirmək mümkün olmuşdur. 2014-cü ildə İslamla alqı-satqı müqaviləsini o bağlamışdır. Atası torpağı 20 il bundan əvvəl satın almış və həmin vaxtdan torpaq atasının və onların, yəni bütün ailənin istifadəsində olub. Torpağı atası özü üçün almışdır. Həmin torpaq sahəsində ev 7-8 il bundan əvvəl tikilib, ondan əvvəl evin bünövrəsi atılıb. O, Sevil ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Müqavilənin ləğvindən Sevilin xəbəri olmayıb, o, özü ona demişdir ki, “sənin işin şəhərdədir, mən də şəhərdə bağçaya işə düzələrəm, ona görə Xaçmaz şəhərində yer alıb ev tikərik”. Ona görə o, 2014-cü ildə bağladığı alqı-satqı müqaviləsini ləğv etdirmişdir. Sevil ilə münasibətləri 2019-cu ildə pozulmuşdur. Qeyd olunanlara əsasən ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında bildirmişdir ki, 2014-cü ildə o, Fərhadla torpağının alqı-satqısı müqaviləsini bağlamışdır. Lakin bundan əvvəl həmin torpağı onun atası Gülağaya 2000-ci ildə şifahi satmış və ondan pul almışdır. 2000-ci ildən torpaqdan Fərhad istifadə etmişdir. 2014-cü ildə Gülağa ondan xahiş etmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə bağlı onun oğlu Fərhadla müqavilə bağlasın, o da etiraz etməyib müqavilə bağlamışdır. Sonra da Fərhad demişdir ki, müqaviləni ləğv etsinlər, o da etiraz etməmişdir. 2014-cü ildə alqı-satqı müqaviləsini bağlayarkən Fərhaddan pul almamışdır. 2000-ci ildə torpağını Gülağaya satandan sonra bir daha ora getməmiş və həmin torpaqda nə tikilib-tikilmədiyini bilmir, görməyib. Müqavilənin ləğvini ondan Fərhad xahiş etmişdir. 2014-cü il tarixli müqavilədə şərti olaraq 3000 manat pul alması qeyd olunub. 2018-ci il tarixdə müqavilə bağlanarkən torpağa görə pul almamışdır. Qeyd olunanlara əsasən də, mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Sevilin anasıdır. Evin tikilməsinə bütün xərci o çəkmişdir. Bu günə kimi də o onlara maddi yardım göstərmişdir. Qardaşı kubik ustası kimi işləyib. Fərhadın beyin travması olub onu da müalicə etdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, Sevilin dayısıdır. Hər iki tərəflə qohumdur. Ev bacısı və ərinin pulu ilə tikilib, hasarın çəkilməsi, qapı-pəncərə pulunu bacısı verib. Evin tikilməsində Gülağanın da zəhməti olub. O, tez-tez həmin evə gedib gəlmişdir. Digər pulların verilməsinin şahidi olmamışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan və xx.xx.2019-cu il tarixli texniki pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,3 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-2664 reyestr nömrəli, xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X16 DƏDRX-nin ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan sorğuya əsasən alınmış Xaçmaz rayon Oımılqışlaq bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 78 nömrəli arayışından müəyyən olunur ki, Oımılqışlaq bələdiyyəsinin Oımılqışlaq kəndi ərazisində 2014-2020-ci illər ərzində vətəndaşlar tərəfindən satılmış həyətyanı torpaq sahəsi (daxilində yaşayış evi və yardımçı tikililər olmayan) 0,01 ha üçün satış qiyməti ***-**** manat təşkil etmişdir. İş materiallarında olan «xxxx» MMJ-nin xx xxxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən İddiaçı Xaçmaz rayonu Qımılqışlaq kəndində istifadəsində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 102,3 kv.metr ümumi sahəsindən ibarət olanfərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq kirayə haqqı 120 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bir daha müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2019-cu ildə qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi olaraq kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Mülki Məcəllənin 228.2-ci maddəsi də, həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmamasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi recim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf kompensasiyanın məbləğini 3000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Xaçmaz rayonun Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi müqabilində 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat məbləğ hesab edilə bilməz. Bununla yanaşı məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda Cavabdeh2 2 övladı ilə birlikdə mübahisə predmeti olan evdə yaşayırlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfin 2 şəxs olması, həmçinin mübahisə predmeti olan evdə Cavabdeh2 2 uşağı ilə birlikdə yaşaması nəzərə alınarsa 3000 manat kompensasiya məbləğindən cavabdehlərə düşən payın 1500 manat olması həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün adekvat məbləğ hesab edilə bilməz. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-512 reyestr nömrəli, xx xxxxx 2014-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X4 rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh1 oğluna satmışdır. İş materiallarında olan Xaçmaz Rayonu 1 saylı Notariat kontorunun “1” nömrəli, xx xxxxxx 2019-cu il tarixli məktubundan və 00923 nomrəli notariat hərəkətlərinin qeyd edilməsi ucun nəzərdə tutulmuş 4Ə reyestri qovluğunun 512 nomrəli notariat hərəkətindən muəyyən olunur ki, xx xxxxx 2014-cu il tarixdə X16 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Qeyd olunanlardan da gorunduyu kimi, xx xxxxx 2014-cu il tarixdə X16 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Gorunduyu kimi, Cavabdeh2 hazırkı iddia tələbi uzrə mubahisə predmeti olan əmlaka dair əmlak huquqlarının yaranmasına səbəb olacaq muqavilə xx.xx.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə gorə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər uzrə işlərə xususi icraat qaydasında baxılır. Məhkəmə hesab edir ki, Cavabdeh2 hazırkı iddia tələbi uzrə mubahisə predmeti olan əmlaka dair mulkiyyət huququnun yaranmasına səbəb olabiləcək “xx xxxxx 2014-cu il tarixdə X16 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə” notarius tərəfindən ləğv edildiyindən və həmin notariat hərəkətindən xususi icraat qaydasında məhkəməyə muraciət edilərək həmin muraciətin təmin olunmasına dair məhkəmə qərarı hazırkı mərhələdə movcud olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara cıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia və qarşılıqlı iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul İddiaçı və Cavabdeh2 alınaraq «xxxx» MMC, VÖEN **********, «xxxx» ASC Yasamal filialı, Müxbir hesabı AZ37NABZ********************, Bankın VOEN **********, SWİFT Bik: AİİBAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar