Məhkəmə qərarları › İş №2(067)-3100/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3100/2025

22.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3100/2025 22.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «Əsassız hesablanmış elektrik enerjisi sərfiyyatı məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 054609 nömrəli akt əsasında ona məxsus ünvan 3ində yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 614.31 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və cavabdehin nümayəndəsi Elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tamamilə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin fikrini dinləyərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. xx.xx.2016-cı il tarixində onun yaşadığı ünvana, yəni Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən evinə "xxxx"ın nümayəndələri gələrək ona demişlər ki, guya onun yaşadığı ünvandakı sayğacın giriş xətti sayğaca yaxın yerdən izolyasiyası pozulub. Bundan sonra sayğacın baxış şüşəsi gövdədən qopması barədə 054609 saylı akt tərtib etmişlər və 614,31 manat borc hesablamışlar. Halbuki onun borcu yoxdur. Bu günə qədər onun nə borcu varsa hamısını ödəmiş, bu barədə qəbzləri də vardır. Onun evinə baxış keçirilsə evində olan məişət avadanlıqlarını hamısını bir dəfədə dayanmadan işlək vəziyyətdə saxlasalar da göstərilən məbləği iyirmi il müddətinə istifadə etmək olar. O, həmin məbləğlə bağlı Xaçmaz elektrik şəbəkəsinə və Sumqayıt regional elektrik şəbəkəsinə müraciət etsə də hələ də ona heç bir məlumat verilməmişdir. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən aktlar yazılmış və əsassız borc hesablanmışdır. Halbu ki, o, hər ay nəzarətçinin ona dediyi borcu vaxtlı-vaxtında ödəmiş və qəbzləri vardır. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin ona məxsus yaşayış ünvanındakı sayğacı açıb götürərkən bunların heç biri olmamışdır. Yaxud da qanunsuz elektrik cərayanından istifadə etməyi barədə heç bir əsas əldə olunmamışdır. Qeyd edir ki, məhkəmənin 20 iyun 2022-ci il tarixli 2(067)- 1070/2022 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC-nin ona qarşı 614,31 manat borc tələbi üzrə iddiası təmin edilməyərək rədd edilmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus ünvan 3i ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 614.31 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə bir daha göstərmişdir ki, yaşadıqları ünvana "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları gələrək həyətdə olan sayğaca baxış keçirmiş, heç bir əsas olmadan guya sayğaca müdaxilə halı aşkar edildiyi qənaətinə gələrək abonent hesabına 618 manat 31 qəpik borc məbləği hesablamışlar. Bununla bağlı dəfələrlə Xaçmaz elektrik şəbəkəsinə və Sumqayıt regional elektrik şəbəkəsinə müraciət etsə də heç bir müsbət nəticəsi olmamışdır. Heç bir qanun pozuntusuna yol vermədiyi, sayğaca müdaxilə etmədiyi halda və yaşadığı ünvanda hər ay vaxtlı-vaxtında enerjidən istifadəyə görə müəyyən olunmuş məbləğləri ödəməsinə baxmayaraq hər hansı bir əsas olmadan 618 manat 31 qəpik borc məbləğinin onun üzərinə hesablanmasını qanunsuz və əsassız hesab edir. Özü heç bir yerdə işləmir, yaşlı olmaqla maddi vəziyyəti ağırdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsassız olaraq ona həmin məbləği hesabladıqdan xeyli müddət sonra məhkəməyə 614.31 manat borc pulun ondan tutulması tələbi barədə iddia ilə müraciət etmiş, iddia tələbi məhkəmə tərəfindən obyektiv araşdırılaraq cavabdeh təşkilatın qeyd olunan iddiası əsassız olduğundan təmin edilməmişdir. Ona görə də göstərilənlər, yaşlı olması və maddi vəziyyəti nəzərə alınmaqla iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Enerji X1 Xaçmaz filialının böyük müfəttişi Şahid göstərmişdir ki, məhkəmənin mütəxəssis rəyinin verilməsi ilə bağlı müvafiq sorğusu əsasında tərəflərindən təqdim edilmiş sənədlər və **********00217 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, paylayıcı sistem operatorunun nümayəndələri tərəfindən vətəndaşa məxsus fərdi yaşayış evinin 1 fazlı elektrik sayğacına (həyətdə quraşdırılmış) baxış keçirilərkən sayğacın baxış şüşəsinin müdaxilə nəticəsində gövdədən qopduğu və elektrik sayğacının giriş xətti sayğaca yaxın yerdən izolyasiyasının pozulması barədə xx.xx.2016-ci il tarixində 054609 nömrəli akt tərtib edilmiş və akta əsasən xx.xx.2017-ci il tarixdə abonent hesabına 460,33 manat məbləğ daxil edilmişdir. Bundan sonra əsassız olaraq xx.xx.2017-ci il tarixdə “İşlədicilərin gücünə görə orta sərfiyyat" adı ilə əlavə hesabat aparılmış və abonentin hesabına 21,44 manat məbləğ əlavə edilmişdir. xx.xx.2016-cı il tarixdə əlavə hesabat aparılan həmin dövr üçün 11 günlük sayğac oxunması zamanı isə sayğac göstəricisinə əsasən (336 kVts) abonentin hesabına 23,52 manat məbləğ daxil edilmişdir. Qüsurlu sayğac xx.xx.2016-cı il tarixdə dəyişdirilmişdir. 054609 nömrəli akt İddiaçı tərəfindən imzalanmamış və aktın tərtib edilməsi zamanı isə həmin dövrdə qüvvədə olan qaydalara əsasən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin dövürdə qüvədə olan 8.33-cü bəndində qeyd olunur ki, akt tərtib olunarkən vətəndaş akta imza etməkdən imtina edirsə o zaman hal şahidlərinin iştirakı təmin olunmalıdır. Qeyd olunan akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, vətəndaşın akta imza etməkdən nə səbəbə imtina etməsi barədə izahatları alınmamışdır. Ona görə də aktın düzgün tərtib edilməməsi və məbləğin düzgün hesablanmaması qənaətinə gəlmişlər. Bu barədə tərəfindən müvafiq rəy verilmişdir. Verdiyi rəydə göstərilənləri tam təsdiq edir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 16 dekabr 2016-cı il tarixli, 054609 №-li aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş xətti sayğaca yaxın yerdən izolyasiyası pozulub, sayğacın baxış şüşəsi gövdədən qopub. Ölçülər ampermaşa ilə aparılmışdır: İ=5.24A. Pfak=1,153 kvt, Psay=1,15 kvt. Elektrik sayğacının yenisi ilə əvəz edilməsi və çöl divara quraşdırılması qərara alınmışdır. Qeyd olunan aktdan görünür ki, akt tərtib edildikdən sonra məişət abonenti akta imza etməmiş, aktın tərtibatında hal şahidləri iştirak etməmişdir. İş materiallarında olan abunə haqqında elektron çıxarışdan görünür ki, abonent İddiaçı akt və borc üzrə ümumilikdə 614,31 manat pul hesablanmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 1070/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2022-ci ildə İddiaçı qarşı iddia qaldıraraq İddiaçı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə olunması halı aşkar edildiyini əsas göstərməklə yaranmış ümumilikdə 614,31 manat borcun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Verilmiş iddia məhkəmədə araşdırılmış, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması, yəni İddiaçı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə halı sübuta yetirilmədiyindən və iddiaçı təşkilat bu halların əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia rədd edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmişdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının böyük müfəttişi Şahid tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli rəydən görünür ki, Enerji X1 Xaçmaz filialına daxil olmuş, Xaçmaz Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlər və **********00217 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, paylayıcı sistem operatorunun nümayəndələri tərəfindən vətəndaşa məxsus fərdi yaşayış evinin 1 fazlı elektrik sayğacına (həyətdə quraşdırılmış) baxış keçirilərkən sayğacın baxış şüşəsinin müdaxilə nəticəsində gövdədən qopduğu və elektrik sayğacının giriş xətti sayğaca yaxın yerdən izolyasiyasının pozulması barədə xx.xx.2016-ci il tarixində 054609 nömrəli akt tərtib edilmiş və akta əsasən xx.xx.2017-ci il tarixdə abonent hesabına 460,33 manat məbləğ daxil edilmişdir. Bundan sonra əsassız olaraq xx.xx.2017-ci il tarixdə “İşlədicilərin gücünə görə orta sərfiyyat" adı ilə əlavə hesabat aparılmış və abonentin hesabına 21,44 manat məbləğ əlavə edilmişdir. xx.xx.2016-cı il tarixdə əlavə hesabat aparılan həmin dövr üçün 11 günlük sayğac oxunması zamanı isə sayğac göstəricisinə əsasən (336 kVts) abonentin hesabına 23,52 manat məbləğ daxil edilmişdir. Qüsurlu sayğac xx.xx.2016-cı il tarixdə dəyişdirilmişdir. 054609 nömrəli akt İddiaçı tərəfindən imzalanmamış və akın tərtib edilməsi zamanı isə həmin dövrdə qüvvədə olan qaydalara əsasən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) həmin dövrdə qüvədə olan 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların həmin dövürdə qüvədə olan 8.32-cı bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mulki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qeyd olunanlar, sayğacla hesablaşmanın aparılması nəzərə alınaraq xx.xx.2017-ci il tarixdə ‘İşlədicilərin gücünə görə orta sərfiyyat” adı ilə aparılmış əlavə hesabata və 054609 nömrəli aktın hesabatına Qaydaların həmin dövürdə qüvədə 8.33-cü bəndi nəzərə alınmaqla yenidən baxılması məqsədəuyğun hesab olunur. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən İstifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İddiaçının izahatı, şahid qismində dindirilmiş müvafiq rəy vermiş mütəxəssisin ifadəsi, mütəxəssis rəyi və digər və iş materialları ilə müəyyən olunmuşdur ki, enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən iddiaçıya məxsus olan ünvanda sayğaca baxış keçirilib akt tərtib edilərkən iddiaçı aktla razı olmayıb imza etməkdən imtina etməsinə baxmayaraq hal şahidlərinin iştirakı təmin olunmamış, akt tərtib edilərkən vətəndaşın akta imza etməkdən nə səbəbə imtina etməsi barədə izahatları alınmamış və bununla da “Elektrik enerjisindən istifadə Qaydaları”nın yuxarıda istinad olunan 8.33-cü bəndinin tələbləri pozulmaqla natamam akt tərtib olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qanunun tələbləri pozulmaqla tərtib olunmuş akt özlüyündə hüquqi əhəmiyyətə malik olan sənəd hesab edilə bilməz. Digər tərəfdən məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2022-ci ildə İddiaçı qarşı iddia qaldıraraq İddiaçı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə olunması halı aşkar edildiyini əsas göstərməklə yaranmış ümumilikdə 614,31 manat borcun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödənilməsini xahiş etmişdir. Verilmiş iddia məhkəmədə araşdırılmış, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslılığı, yəni İddiaçı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə halı sübuta yetirilmədiyindən və iddiaçı təşkilat bu halların əsasını təşkil edən hər hansı sübutu təqdim etmədiyindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1070/2022 saylı qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də məhkəmə digər sübutlarla yanaşı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə olunması halı ilə bağlı sonuncudan 614,31 manat pul tələb etdiyi mülki mübahisə üzrə məhkəmənin İddiaçı xeyrinə iddia tələbinin rədd edilməsi barədə yuxarıda istinad olunan qanuni qüvvəsini almış qətnaməsinin də mövcud olmasını nəzərə alaraq İddiaçı hazırki iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir. Məhkəmə araşdırması zamanı da İddiaçı tərəfindən sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə olunması halı öz təsdiqini tapmamış və cavabdeh tərəf bunun əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci və 14.2.7-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən əsassız varlanmadan yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı tərəfindən yaşadığı ünvanda sayğaca müdaxilə etməsi və ya elektrik enerjisindən qanunsuz istifadə olunması halına yol verilməsi faktı müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair əsaslı bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamış, iddiaçıya mübahisələndirilən borc məbləği əsassız hesablanmışdır. Ona görə də mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 054609 nömrəli akt nömrəli akt və digər sənədlər əsasında İddiaçı sayğaca müdaxilə və ya elektrik enerjisindən qanunsuz istifadə olunması faktı kimi əsassız olaraq hesablanmış 614.31 manat məbləğ abonentin hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 054609 nömrəli akt nömrəli akt və digər sənədlər əsasında İddiaçı sayğaca müdaxilə və ya elektrik enerjisindən qanunsuz istifadə olunması faktı kimi əsassız olaraq hesablanmış 614.31 manat məbləğ onun abonent hesabından silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar