Məhkəmə qərarları › İş №2(067)-323/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-323/2025

06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-323/2025 06.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, X6 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* № li Aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4795 AZN 20 qəpik qalıq borc pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ağbirçək qadındır, 81 yaşı var, Xaçmaz rayonu Qaraqurtlu kəndində özünə məxsus fərdi evində yaşayır. Yaşından asılı olaraq qulluğunda durmaq lazım olduğundan Bakı şəhərində yaşayan qızı tez-tez onun yanına aparıb saxlayır. İİin soyuq aylarında çox vaxtı onun yanında yaşayır. Evində təbii qazın istifadəsi ilə əlaqədar həyətində xx.xx.2021-ci ildə **********8 №-li Zenner G4T mexaniki tipli sayğac quraşdırılmışdır. Ona 2024-cü ilin avqust ayında məlum olur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li Akt tərtib edilib. Aktda, baxış keçirilən zaman, aşkar olunmuş nöqsanlar barədə qeyd qrafasında abonent sayğacdan əvvəl quraşdırdığı qaz kranından rezin boru vasitəsi ilə qeyri-qanuni qazdan istifadə etməsi göstərilir. Həmin aktda baxış zamanı istifadə olunan qaz işlədiciləri qrafasında isə qaz işlədici avadanlıqlar kimi qaz plitəsi PQ-3, qaz plitəsi PQ-4, istilik sistemi kombi, sac və axımlı su qızdırıcısı avadanlıqları qeyd edilmişdir. O, əsassız tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0391486№-li Aktda göstərilən qeydlərlə razılaşmır. Belə ki, Akt onun iştirakı olmadan tərtib edilib. Akt tərtib edilərkən xəbəri olmayıb. Aktda qeyd edilən nümayəndələr həyətində olmayıblar. Nümayəndələr özləri onun iştirakı olmadan aktı tərtib etməklə bərabər, həm də tərtib etdikləri aktda qeyd ediblər ki, guya o, aktı imzalamaqdan imtina etmişdir. Abonentin saldosundan göründüyü kimi hər ay istifadə olunan qazın həcminə görə nəzarətçinin bildirişləri əsasında tam 2023-cü il üçün ödənişlər etmişdir. Akta əsasən dəymiş ziyan həcminin hesablanması 360 gün nəzərdə tutulduğundan belə irəli gəlir ki, o, guya bütün 2023-cü il boyu qazdan qeyriqanuni istifadə etmişdir. Nəzarətçi və qaz idarəsinin nümayəndələri tərəfindən il ərzində dövri olaraq qaz xəttinə və sayğaca baxış keçirilir. Kənar xəttən istifadə etmiş olsaydı, qazpaylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixində qanunsuz qoşulma halı aşkar edilmiş olardı. Nəzarətçinin telefonu vasitəsi ilə çəkdiyi videoda da rezin borunun krana birləşdiyi və evə girişi görünmür. Rezin boru vasitəsi ilə qazdan istifadə etmiş olsaydı, onda rezin borunun giriş və çıxış hissəsini görmək mümkün olardı. Videoda əks olunan görüntü isə sürtünməni aradan qaldırmaq üçün içərisi ilə internet xəttini çəkdiyi borudur. Qaz idarəsinin nümayəndələri onun evində olmadıqlarından hansı avadanlıqlardan istifadə etdiyini görməyiblər. Aktda qeyd etdikləri avadanlıqlardan istifadə etməyini göstərmələri əsassızdır. Akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının tələbləri pozulmuşdur. Həmin Qərara əsasən, əgər qazdan kənar xətt vasitəsi ilə istifadə etmiş olsaydım (bu sübut olunmayıb), dəymiş ziyan həcmi qazpaylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halını aşkar edildiyi tarixədək hesablanmalı idi. Müddət kiçik olduğundan hesabat müddəti 360 gün hesablanmazdı. İşə əlavə etdiyi akt tərtib edilərkən şahidlər dəvət edilməmiş və özü iştirak etməmişdir. Akt yalnız X6 İstismarı İdarəsinin nümayəndələri tərəfindən kənar yerdə tərtib edilərək imzalanmışdır. Göründüyü kimi, akt tərtib edilərkən bir çox pozuntulara yol verilmişdir. Bu da aktın əsassız olduğunu sübut edir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X6 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* №-li Akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 4795 AZN 20 qəpik qalıq borc silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, əvvəlki iclaslarda da qeyd etdiyi kimi, cərimə əsassızdır. Üçüncü şəxsin nümayəndəsi də təsdiq etdi ki, video tam deyil, sübut yoxdur sənədlər səhvdir və cərimə düz hesablanmayıb. Ev bacısının adınadır. Cərimə isə anasına yazılıb. Həmin rezin boru internet kabelini qorumaq üçündür. Çəkilişin kimin tərəfindən, nə məqsədlə aparıldığı məlum deyil. Sübut hesab edilə bilməz. Evdə də adam olub. Həmin tarix bayram günü idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, videodan da görünür ki, qoşulma var. Cərimə düz hesablanıb. Bu halla bağlı polisə də müraciət etmişlər ki, araşdırma aparılsın. Lakin bu barədə onlara rəsmi cavab verilməyib. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, “abonent sayğacdan əvvəl quraşdırdığı qaz kranından rezin boru vasitəsi ilə qeyri-qanuni qazdan istifadə edir» qeyd edilmişdir. - İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (aktlardan) və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 4795.20 manat cərimə (pul) hesablanmışdır. - İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 X4 xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Azəriqaz İB-nın Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evinə dəymış ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növu, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, vətəndaşa məxsus abonent saldosunda və Cavabdeh İB nin Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olan 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi, 1 ədəd qızdırıcı radiator sobası və 1 ədəd su qızdırıcı kolonkanın hesabatı aşağıdakı kimi hesablanmalı idi: Məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 8 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, radiator tipli qızdırıcı sobanın saatlıq qaz sərfi 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, su qızdırıcı kolonkanın saatlıq qaz sərfi 2,25 m3x 8 saat x 90 gün = 1620 m3 x 0,12 qəpik = 194,4 manat, cəmi 401,76 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, vurulmuş zərərin hesablanması düzgün aparılmamışdır, zərərin miqdarı Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq X3 X4 iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəyində göstərildiyi kimi 90 gün üçün aşağıdakı qaydada hesablanmalı idi: məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 8 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, radiator tipli qızdırıcı sobanın saatlıq qaz sərfi 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, su qızdırıcı kolonkanın saatlıq qaz sərfi 2,25 m3x 8 saat x 90 gün = 1620 m3 x 0,12 qəpik = 194,4 manat, cəmi 401,76 manat. Nəticə etibarı ilə qaz xəttinə kənar qoşulma faktı sübuta yetirilmiş olsaydı abonentdən 401,76 manat tutula bilərdi. Lakin İddiaçı yaşadığı evə sayğacdan kənar qaz xəttinin qoşulması faktı iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən qaz xəttinə kənar qoşulma faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin təqdim olunmuş sübutların məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamış, bu hissədə cavabdehin nümayəndəsinin dəlilləri əsassızdır. Ona görə də, məhkəmə, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********00000 olan ünvana hesablanmış 4795.20 manat pul (borc) silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia təmin edilsin. İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt ilə hesablanmış 4795.20 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. İddianın verilməsinə görə 68 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar