Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1736/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(060)- 814/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. 14969 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhər, 17-ci mikrorayonda yerləşən 3 otaqlı, yaşayış sahəsi 35.72 kv.m., köməkçi sahəsi 22.26 kv.m.dən ibarət olan 59 nömrəli evin 15 nömrəli yaşayış mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı verilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3,X1 oğlu və X2 oğludur.
3. Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 446M nömrəli hesabatından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilin bazar dəyəri 78 000 manat, likvid dəyəri 69 000 manat, kirayə qiyməti isə 350-450 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12 000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1- ə olan istifadə hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmaları və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 59, mənzil 15 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin ünvanda qeydiyyatdadır. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və 3 otaqdan ibarətdir.Cavabdehlər oğlu Rauf Tairovun keçmiş həyat yoldaşı və onun uşaqlarıdır. Belə ki, oğlu Rauf Tairov 07 noyabr 1998-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından olan iki övladları var: Cavabdeh2 və Cavabdeh3. Bildirir ki, oğlu Rauf Tairov ilə Cavabdeh1 arasında olan rəsmi nikah pozulmuşdur.Onlar ona məxsus mənzildə qeydiyyatdadırlar və ona məxsus mənzildə yaşayırlar. Hazırda onların birlikdə yaşamaqları mümkünsüz olduğundan o məcbur qalıb başqa yerdə yaşayır. Mülkiyyətçi olaraq o öz evində yaşaya bilmir. Ona görə də hesab edir ki, cavabdehlərin hər birinə 4000 manat olmaqla cəmi 12000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan mənzilə istifadə hüququna xitam verilməli və onlar ona məxsus mənzildən çıxarılmalıdırlar. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir.
6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 5000 manat olmaqla, cəmi 15000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmaları və dövlət rüsumuna görə ödənilmiş 135 manatın və hüquqi yardıma görə ödənilmiş 325 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(060)-814/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində kompensasiya ödənilməklə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılmalarının eyni vaxtda icra olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manatın tutularaq "xxxx" MMC-nin (H/h:AZ53AİİB3400600C**********226, Kapital Bank ASC-nin İnşaatçılar filialı, KOD 201360, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, HesabAZ 37NABZ********************) hesabına keçirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 200 manat hüquqi yardımın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilin mülkiyyətçisi iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının oğlu və oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdeh iddiaçı tərəfindən təklif olunan 15000 manat kompensasiya məbləği ilə razı deyildir. Cavabdehlər birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini qismən ağlabatan hesab etmişdir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə qeyd etmişdir ki, yetkinlik yaşına çatmış, lakin bir ailə üzvləri olan şəxslərin eyni şəratili mənzildə hazırki vəziyyətdə birliktə yaşamaqlarını, gələcəkdə yaşayış hüququnun təmin edilməsi baxımından və sair halları nəzərə almaqla (kirayə qiyməti isə 350-450 manat müstəqil qiymətləndiricinin rəyi, məhkəmə nəzərə aldığı kirayə dəyəri 500 manat olmaqla) hesablamaqla 18000 manat kompensasiya verilməklə isitifadə hüquqlarına xitam verilməlidir. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə doqquz-on il (350 x 36 ay = 12600; 18000 : 36 ay = 500) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, birlikdə mənzildən çıxarılmalıdırlar.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 152, 157.2, 228.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(060)-814/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehlərə ödənilməsi qət edilmiş kompensasiya məbləği ilə razı deyil. Hesab edir ki, ünvan 1 nömrəli mənzilində istifadə hüququnu xitam veriləcəyi təqdirdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə ən azı 30000 (otuz min) manat kompensasiya verilməlidir. Məhkəmə hər bir cavabdeh üçün ayrı-ayrılıqda kompensasiya məbləği hesablamalıdır. Çünki cavabdehlərin hər üçü yetkinlik yaşına çatmışdır .
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarı:
Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərə ödəniləcək kompensasiya məbləği cavabdehlər yetkinlik yaşına çatdığı üçün hər biri üçün 6.000 manat olmaqla, cəmi 18.000 manat təşkil etməlidir. Birinci instansiya məhkəməsi yalnız ümumi məbləği – 18.000 manatı göstərmiş, lakin hər bir cavabdeh üçün ayrı-ayrılıqda kompensasiya məbləğini müəyyən etməmişdir. Lakin kompensasiya hər bir cavabdeh üçün ayrı-ayrılıqda 6.000 manat olmaqla müəyyən edilməlidir.
21. Belə ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 446M nömrəli hesabatından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilin bazar dəyəri 78 000 manat, likvid dəyəri 69 000 manat, kirayə qiyməti isə 350-450 manat müəyyən edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab edir.
22. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,”... Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
23. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”.
24. İşin hallarına əsasən də müəyyən olunur ki, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində cavabdehlərin hər birinə 5.000 manat olmaqla 15.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi həmçinin məhkəmə iclasında cavabdehlərin hər birinə 6.000 manat olmaqla cəmi 18.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən kompensasiya məbləğinin hər bir cavabdehə münasibətdə tutulmasına münasibət bildirməmişdir, buna görə də qətnamə dəyişdirilməlidir.
26. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında vəkil xidmətinə görə ödənilmiş 325 manatın apellyasiya şikayəti vermiş cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, vəkil xidmətinə görə çəkilmiş xərcin 200 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, yuxarıda qeyd edilmiş MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(060)-814/2025 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə ayrı-ayrılıqda 6.000 (altı min) manat olmaqla, cəmi 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin yaşayış sahəsindən birlikdə çıxarılsınlar. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Hüquqi yardıma görə vəkilə ödənilmiş məbləğin 200 manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.