Məhkəmə qərarları › İş №2(067)-3343/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3343/2025

10.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3343/2025 10.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X5, Müstəqil irəli sürmüyən üçüncü şəxs X2 Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması hcaqqında 05 dekabr 2023-cü il tarixli ******* №-li akt əsasında dəymiş ziyanın bərpası üçün hesablanmış 4.795 manat 20 qəpik məbləğin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yaşadığı evinə Qaz İdarəsi tərəfindən qaz sayğacı quraşdırılıb və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmişdir, heç bir borcu da olmayıb. 05 dekabr 2024-cü il tarixdə “Azəriqaz" X3 X9 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana ünvan 2 qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 13608 m3, bu da 0.12 qəpikdən hesablandığı üçün 4.795 manat 20 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri-qanuni qaydada qazdan istifadə halı olunmamışdır. Bundan əlavə, “Qazın istifadə Qaydaları" nın haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il, 12 may tarixli. 80 nömrəli Qərarının əsasən 2023-cü ildən etibarən qeyri-qanuni qoşulma hallarında hesabat mövsümü olaraq hesablanır. Yəni 3 aya uyğun olaraq hesablanmalıdır və hesabat aparılarkən bu məbləğ itirilmiş qaz sərfıyyatının bərpası üçün hesablanır. Amma “Azəriqaz" İstehsalat Birliyi tərəfindən qanunazidd hesabat aparılmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, sayğacı Qaz idarəsinin əməkdaşları onun xəbəri olmadan açıb aparıblar. Daha sonra qaz sayğacına cərimə yazılıb. Həmin cəriməni əsassız hesab edir və silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sayğac küçədə yerləşir. Sayğaca heç bir müdaxilə olunmayıb. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X8 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən qaz xəttinə kənar qoşulma olub. Video-disk var, həmin videogörüntüdən görünür ki, kənar qoşulma olub. Məhkəmə iclasında müstəqil təkəb irəli sürmüyən üçüncü şəxs X2 Agentliyinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, rəyə görə hesabat yenidən aparılmalı və 810 manata azaldılmalıdır. Onlardan hesabatla bağlı soruşulub, hesabat 4795 manatdan yenidən hesablanaraq 810 manatın saxlanılmasını düzgün hesab edir. 3 aydan bir qaz xəttlərində kənar xəttin aşkarlanması ilə bağlı baxış keçirilməlidir, lakin baxış keçirilməyib. Ona görə də, 3 ay müddəti ilə hesablamışlar. Orada ilin mövsümü də nəzərə alınmayıb, istilik cihazları üçün 35 gündən hesabat aparılır, digər cihazlar üçün 90 gün yəni 3 aydan hesablanır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* №-li aktdan müəyyən olunur ki, abonent sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (aktlardan) və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 4.795.20 manat cərimə (pul) hesablanmışdır. - X2 Agentliyinin Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, "Azəriqaz" İB-nin Xaçmaz X9 İdarəsinin nümayəndələri tərəfindən, Xaçmaz rayonu, M.Ə.Sabir küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt tərtib edilərək 1 ədəd PQ-3 qaz plitəsi, 1 ədəd PQ-4 qaz plitəsi, 1 ədəd dəmir soba, 1 ədəd 32 kw kombi, 1 ədəd axımlı su qızdırıcı üçün itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 4795 manat 20 qəpik məbləğində borc (39960 m3) abonentin hesabına daxil edilmişdir. Beləliklə, hesabat dövrü üzrə ilin mövsümu və qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli olduğunu nəzərə alaraq, istilik cihazları üçün 35 gün, digər cihazlar üçün 90 gün olmaqla İddiaçı barəsində dəymiş ziyanın hesablanması məqsədə müvafiq hesab olunur: 0.9 m3 x 12 saat x 90 gün = 972 m3 1.2 m3 x 12 saat x 90 gün = 1296 m3 2.25 m3 x 12 saat x 90 gün = 2430 m3 1.4 m3 x 12 saatx 35 gün = 588 m3 3.5 m3 x 12 saat x 35 gün = 1470 m3 Cəmi: 6756 m3 6756 m3 x 0.12 manat = 810.72 manat. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında ona 4.795.20 cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanın olmadığını deyir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4.795.20 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul etmir, akt əsasında hesablanmış borcu mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 4.795.20 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətini əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği mütəxəssis rəyində qeyd olunduğu kimi 810.72 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 59.84 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 79-da yerləşən yaşayış evi üzrə hesablanmış 4.795.20 manat puldan 3984.48 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 810.72 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********00000) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış borcdan 3984.48 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 59.84 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar