Məhkəmə qərarları › İş №2(067)-335/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-335/2024

12.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-335/2024 12.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh İB-nin İddiaçı məxsus Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ünvanda yerləşən evinə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əsassız hesablanmış 4147,20 manat “qalıq borc” pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz RQİİ-nin əməkdaşları iddiaçıya məxsus Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evə gələrək sayğacdankənar xətti aşkar etmişlər və xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında həmin tarixli, ******* saylı akt tərtib etmişlər. Aktda göstərilir ki, abonent sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə edir, qeyri- qanuni qoşulma ləğv edilsin. Dəymiş ziyan tam ödənilsin. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnamədə göstərilir ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 24 x 360= 34560m3 Cəmi: 34560 m3. Ona görə də iddiaçıya 4147,20 manat qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. Hesab edirlər ki, iddiaçıya hesablanmış həmin qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, iddiaçının evində cəmi 2 ədəd qaz cihazı vardır-1 ədəd xörək peçi və 1 ədəd su qızdırıcı. Xörək peçi ümumiyyətlə kənar xəttə qoşulmamışdır, kənar xəttə qoşulmuş yalnız 1 ədəd su qızdırıcısı olmuşdur. Kənar qaz xətti də 2022-ci ilin dekabr ayının əvvəllərində çəkilmişdir və cəmi 2 ay müddətində həmin kənar xətdən istifadə olunmuşdur. Belə olan halda dəymiş ziyan su qızdırıcının həcminə görə hesablanmalı idi. Cavabdeh isə dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın hesablanması üçün qaz sayğacının nominal qaz sərfini, onun 24 saat iş rejimini və 360 gün müddəti əsas götürməklə iddiaçıya 4147,20 manat qaz sərfiyyatma görə qalıq borcu hesablamışdır. Kənar xətt sayğacdan kənar çəkildiyi üçün qaz sərfiyyatının qaz sayğacının nominal qaz sərfinə görə hesablanması məntiqsizdir. Cavabdeh idarənin əməkdaşları kənar qaz xətti aşkar etdikdə həmin xəttə qoşulmuş qaz cihazlarını müəyyən etməli və müvafiq aktla rəsmiləşdirilməli idilər. Lakin bunu etmədən cavabdeh idarə tam qanunsuz olaraq iddiaçıya qaz sayğacının nominal qaz sərfinə görə məbləğ hesablamışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərir ki, Xaçmaz rayonun Yeni Həyat qəsəbəsindəki yerləşən yaşayış evi mülkiyyət sənədi ilə ona məxsusdur. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon Qaz istismarı idarəsinin əməkdaşları həmin evə gələrək, evə sayğacdan kənar xəttin çəkilməsini aşkar etmişlər. Bu barədə akt tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə həmin hal ilə bağlı iddiaçıya cavabdeh təşkilat tərəfindən 34500 kub metr qazın sərfiyatı yazılmş və bunun da müqabilində 4147 manat qaz sərfiyatına görə qalıb borcu hesablanmışdır. Cavabdeh idarə tərəfindən iddiaçıya bildirilmişdir ki, pulun bir hissəsini ödəməsə, qaz verilişi dayandırılacaqdır, ona görə də iddiaçı məcbur olub cavabdeh idarənin hesabına 1000 manat pul ödəmişdir. Hesab edir ki, cavabdeh idarə tərəfindən həmin məbləğdə və həcmdə qazın hesablanması əsassızdır. Ona görə ki, iddia ərizəsində də göstərilir ki, həmin kənar qaz xətti 2022ci ilin dekabr ayının əvvəllərində çəkilmişdir və 23 yanvar 2023-cü il tarixdə də həmin qaz xətti aşkar edilmişdir. 2 ay ərzində cəmi 1 ədəd qaz cihazı, yəni su qızdırıcısı həmin kənar qaz xəttinə qoşularaq istifadə olunmuşdur. Hesab edir ki, ödənilən 1000 manat pul ilə 2 ay ərzində kənar qaz xəttindən istifadə olunmaqla sərf edilən qaz həcminin dəyəri tam ödənilmişdir. İddia ərizəsində bütün məbləğin silinməsini xahiş etmişlər. Mütəxəssis də bildirmişdir ki, hesablama düzgün aparılmayıb. Noyabr ayından hesablanmalı idi. Kənar xətt dekabr ayının əvvəllərində çəkilib. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulub istifadə etdiyinə görə yazılmış cərimənin əsaslı olduğunu bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa, mütəxəssis rəyi ilə də razı olmadığını bildirmişdir. Məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, əvvəlki iclasda Cavabdeh İB-nin nümayəndəsi izahatında bildirmişdir ki, qazdan istifadə qaydaları haqqında qərara əlavə 2023-cü ilin iyul ayında qəbul olunub, ancaq akt 2023-cü ilin yanvar ayında tərtib olunub. Ona cavab olaraq bildirir ki, Qazdan istifadə qaydalarının 6.5 bəndində qeyd olunur ki, qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma aşkar edildikdə, ziyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğun tələb edilsin. Qanunvericiliyin tələbləri isə qaz təchizatı haqqında qanunda yazılıb, rəydə bunu qeyd etmişdir. Cavabdehin hesabladığı hesabat qanunvericiliyin tələblərinə uyğun gəlmir. Qanunvericiliyə əsasən hər il noyabr ayının 1-dək Cavabdeh tərəfindən bütün qaz xətlərinə, qaz cihazlarına baxış keçirilməlidir, akt tərtib olunmalıdır, aktın bir nüsxəsi onlarda, biri isə vətəndaşda qalmalıdır. Onlar isə baxış keçirməmişlər, onlarda məlumat var ki, ümumiyyətlə baxış keçirmirlər. Əgər noyabr ayının 1-dək baxış keçirsəydilər, həmin kənar xətti görəcəkdilər, ya da həmin xətt orada olmayacaqdı. Baxış keçirməyiblərsə noyabr ayından 3 ay hesablamalıdırlar. Cavabdeh tərəf saatda 4 kuba, onu da 24 saat bütün sutkaya, onu da 360 günə hesablayıb vurublar. Bu səhvdir. Ona görə ki, su qızdırıcı, istilik sobaları yayda istifadə olunmur. Bütün məbləğin silinməsi düzgün deyil. Ona görə ki, qeyri qanuni xətdən istifadə etdiyini iddiaçı etiraf edir və 1000 manat pulu da ödəmişdir. 3 ay qış ayları üçün 1000 manat ziyan hesablanması maksimum səviyyədə ağlabatan ola bilər. Ondan artıq ola bilməz. Çünki bir aya 300 manat düşür. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «sayğacdan kənar qaz xəttinə qoşularaq qeyri qanuni istifadə edir.» rəyi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (X5) 4147,20 manat cərimə (pul) hesablanmışdır. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, X2 rayonu Yeni Həyat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 163,8 kv.metr olan fərdi yaşayış evinin və 0.15 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini nəvəsi İddiaçı bağışlamışdır. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli rəydən müəyyən olunur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən X4 məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 4147,20 manat məbləğində borc (4 m3 x 24 saat x 360 gün = 34560 m3) abonentin hesabına daxil edilmişdir. Göründüyü kimi təbii qazın sərfiyyatının saatda 4 m3 olmaqla sutkada 24 saat və 360 gün hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5- 1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13-cü maddənin 8-1 -ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-2-ci bəndinə əsasən “qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları qeyd olunmamışdır. Qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 1 ədəd qızdırıcı radiator sobasının Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş X4 məxsus Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5- 1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13-cü maddənin 8-1 -ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-2-ci bəndinə əsasən “qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, məhkəmə işin hallarını, sadalanan normaları, mütəxəssis rəyini nəzərdən keçirərək qeyd edir ki, mütəxəssis rəyi tamamilə əsaslı olduğundan iddia tələbi də ona uyğun həll edilməlidir. Cavabdeh İB tərəfidnən İddiaçı qarşı tətbiq etdiyi cərimə məbləği əsassız və qanunsuz olduğundan silinməli, lakin iddiaçı da qazdan qeyri-qanuni istifadə etdiyinə və buna görə 1000 manat cəriməni (ağlabatan cərimə) artıq ödəməsi də ona dəlalət edir ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li akt və (xx.xx.2023-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 3147,20 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar