Məhkəmə qərarları › İş №2(067)-3557/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3557/2025

09.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3557/2025 09.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «Əsassız hesablanmış elektrik enerjisi sərfiyyatı məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 335223 nömrəli akt əsasında ona məxsus ünvan 1ində yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 582,97 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və cavabdehin nümayəndəsi Elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tamamilə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının fikrini dinləyərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, İlxıçı-Məmmədxanlı kəndində yaşayır. Evdə istifadə olunan elektrik enerjisinə görə ödənişləri nəzarətçinin təqdim etdiyi bildirişlərə əsasən ödəyir. 2020-ci ildə cavabdeh ona əsassız olaraq 486,26 manat borc hesablamışdır. Bunun səbəbini öyrənmək üçün o, Xaçmaz rayon Elektrik Şəbəkəsində olarkən bildirmişlər ki, güya "xxxx" ASC-nin əməkdaşları evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacda güya nöqsan aşkarlayaraq akt tərtib etmişlər və həmin akt əsasında ona borc hesablamışlar. O, öz etirazını bildirmiş və evinə quraşdırılmış sayğacda hər hansı nöqsanın olmamasını və nöqsanla bağlı hər hansı aktın tərtib edilməsindən məlumatsız olduğunu onların diqqətinə çatdırmışdır. Bundan sonra "xxxx" ASC Xaçmaz rayon məhkəməsində ona qarşı 486,26 manat borc pulun tutulmasına dair iddia qaldırmış və həmin məhkəmənin 26 oktyabr 2020ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. "xxxx" ASC göstərilən qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1238/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq "xxxx" ASC ona hesablanmış 486,26 manat borc məbləğini silməmiş, əksinə ona daha da yüksək məbləğdə, yəni 1069,23 manat qalıq borc hesablamışdır. Ona görə də o, xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə "xxxx" ASC-nin sədri cənab Vüqar Əhmədova müraciət edərək əsassız hesablanmış 1069,23 manat qalıq borcun silinməsi üçün tədbir görülməsini xahiş etmişdir. Həmin ərizəsinə "xxxx" ASC-nin Hüquq İdarəsinin rəisi Arif Ləzimzadənin imzası ilə xx.xx.2025-ci il tarixli, 13-13/2-2/16-A- 8104-5/2025 saylı məktubla cavab verilmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsinə əsasən 486,26 manat borc məbləği **********00008 nömrəli abunə hesabından silinmişdir. Lakin silinməsini tələb etdiyi borcun 582,97 manat hissəsi Rİ 335223 nömrəli akta əsasən hesablanmışdır ki, həmin borc tərəfindən mübahisələndirilmədiyindən silinməsi təmin edilməmişdir. Bu cavab məktubundan sonra o, Xaçmaz RETSİ-nə müraciət edərək yuxarıda göstərilən aktın surətini almışdır. Həmin aktda göstərilir ki, güya 14 may 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı evdə elektrik sayğacına baxış keçirilmiş və güya müəyyən etmişlər ki, mənzilə quraşdırılmış elektrik sayğacının giriş xəttindən mənzilə birbaşa kənar xətt çəkilmişdir (?!). Ona görə də ona 582,97 manat əsassız borc hesablanmışdır. Məlum edir ki, yuxarıda göstərilən tarixdə cavabdeh idarəsinin hər hansı əməkdaşı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirməmişdir. Cavabdeh idarə əvvəlki borcu məhkəmə qərarına əsasən silməli olduğu üçün ondan qisas almaq məqsədilə həmin aktı əsassız olaraq tərtib etmişdir. Əgər həqiqətən də evinə quraşdırılmış sayğacdan kənar xətt çəkilsəydi bunu aşkar edən əməkdaşlar mütləq onun iştirakını təmin edər və bu halı video-çəkilişlə təsdiq edərdilər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektrik enerjisindən istifadə qaydalar”nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plomblarm qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəhcizatı müəssisəsi cavabdehlik daşıyır. Tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmiş, sayğacdan kənar xətt çəkilməmiş və belə bir niyyəti olmamış və yoxdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus ünvan 1i ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 582,97 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə bir daha göstərmişdir ki, yaşadıqları ünvana 2020-ci ildə cavabdeh təşkilat ona əsassız olaraq 486,26 manat borc hesablamışdır. Bunun səbəbini öyrənmək üçün o, Xaçmaz rayon Elektrik Şəbəkəsində olarkən bildirmişlər ki, güya "xxxx" ASC-nin əməkdaşları evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacda güya nöqsan aşkarlayaraq akt tərtib etmişlər və həmin akt əsasında ona borc hesablamışlar. O, öz etirazını bildirmiş və evinə quraşdırılmış sayğacda hər hansı nöqsanın olmamasını və nöqsanla bağlı hər hansı aktın tərtib edilməsindən məlumatsız olduğunu onların diqqətinə çatdırmışdır. Bundan sonra "xxxx" ASC Xaçmaz rayon məhkəməsində ona qarşı 486,26 manat borc pulun tutulmasına dair iddia qaldırmış və həmin məhkəmənin 26 oktyabr 2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. "xxxx" ASC göstərilən qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Xaçmaz rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlamışdır. Bundan bir neçə il keçdikdən sonra "xxxx" ASC-nin əməkdaşları qərəzli olaraq yaşadığı ünvana yenidən 14 may 2024-cü il tarixli akt tərtib edərək 582,97 manat borc hesablamışlar. Aktda da göstərmişlər ki, tərəflərindən yaşadığı evdə elektrik sayğacına baxış keçirilmiş və güya müəyyən etmişlər ki, mənzilə quraşdırılmış elektrik sayğacının giriş xəttindən mənzilə birbaşa kənar xətt çəkilmişdir. Bu hal həqiqətə uyğun deyil. Yuxarıda göstərilən tarixdə cavabdeh idarəsinin hər hansı bir əməkdaşı yaşadığı ünvana gəlməmiş və evə quraşdırılmış elektrik sayğacına baxış keçirməmişlər. Nə o, nə də ki, ailə üzvləri elektrik sayğacına heç bir müdaxilə etməmiş, sayğacdan kənar xətt çəkməmiş və belə bir niyyətləri heç vaxt olmamışdır. Cavabdeh təşkilat əvvəlki borcu məhkəmə qərarına əsasən silməli olduğu üçün ondan qisas almaq məqsədilə həmin aktı əsassız olaraq tərtib etmişlər. Ona görə də göstərilənlər, yaşlı və xəstə olması, maddi vəziyyəti nəzərə alınmaqla iddiasının təmin edilməsini xahiş edir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 14 may 2024cü il tarixli, 335223 №-li aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı mənzilə quraşdırılmış elektrik sayğacının giriş xəttindən mənzilə birbaşa kənar xəttin çəkildiyi qeyd edilmişdir. Ölçülər ampermaşa ilə aparılmış, elektrik sayğacının yenisi ilə əvəz edilməsi və çöl divara quraşdırılması qərara alınmışdır. Qeyd olunan aktdan görünür ki, akt tərtib edildikdən sonra məişət abonenti akta imza etməmiş, aktın tərtibatında hal şahidləri iştirak etməmişdir. İş materiallarında olan abunə haqqında elektron çıxarışdan və hesablama sənədindən görünür ki, abonent İddiaçı 335223 nömrəli akt üzrə ümumilikdə 548,55 manat pul hesablanmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 2110/2020 saylı qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2020-ci ildə İddiaçı qarşı iddia qaldıraraq İddiaçı 486,26 manat borcun tutulub “"xxxx"” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Verilmiş iddia məhkəmədə araşdırılmış, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması sübuta yetirilmədiyindən və iddiaçı təşkilat bu halların əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1238/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş və Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı ərizəsindən və Azərişıq» ASC-nin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli, 13-13/2-2/16-A-8104-5/2025 saylı cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə etdiyi müraciətə baxılmış və iddiaçıya cavab verilmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsinə əsasən 486,26 manat borc məbləği **********00008 nömrəli abunə hesabından silinmişdir. Lakin silinməsini tələb etdiyi borcun 582,97 manat hissəsi Rİ 335223 nömrəli akta əsasən hesablanmışdır ki, həmin borc tərəfindən mübahisələndirilmədiyindən silinməsi təmin edilməmişdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının böyük müfəttişi Daşdəmir Hacıyev tərəfindən verilmiş 06 yanvar 2026-cı il tarixli rəydən görünür ki, Enerji X1 Xaçmaz filialına daxil olmuş, Xaçmaz Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı müraciətə baxılmışdır. xx.xx.2025-ci il tarixdə elektrik sayğacı yenisi ilə əvəz olunduğu üçün tərəflərindəm yerində baxış keçirilməmişdir. Təqdim edilmiş sənədlər və **********00008 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, paylayıcı sistem operatorunun nümayəndələri (PSO) tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar xətdən istifadə olunması ilə bağlı 335223 nömrəli, 14.05 2024-cü il tarixli akt tərtib edilmişdir. PSO tərəfindən akta əsasən 60 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 4435 kVts, dəyəri 548,55 manat məbləğində hesablanmış, istehlakçının aktı imzalamaqdan imtina etməsi barədə PSO-nun nümayəndələri tərəfindən aktda müvafiq qeyd aparılmışdır. Hazırda abonentin hesabında 531,82 manat məbləğində borc yaranmışdır. Əlavə zəruri məlumatların təqdim olunması məqsədilə tərəflərindən “Azərişıq" ASCnin X5 Təchizatı və Satışı İdarəsinə sorğu göndərilsə də pozuntunun aşkarlanmasını təsdiq edən sübutlar (foto və ya videoçəkiliş) təqdim edilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının (bundan sonra - Qaydalar) 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlid, akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərin göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında şahid qismində dindirilən yuxarıda istinad olunan rəyi vermiş Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X3 verdiyi rəydə göstərilənləri təsdiq etməklə göstərmişdir ki, məhkəmənin mütəxəssis rəyinin verilməsi ilə bağlı müvafiq sorğusu əsasında tərəflərindən təqdim edilmiş sənədlər və **********00008 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, paylayıcı sistem operatorunun nümayəndələri (PSO) tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar xətdən istifadə olunması ilə bağlı 335223 nömrəli, 14.05 2024-cü il tarixli akt tərtib edilmişdir. PSO tərəfindən akta əsasən 60 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 4435 kVts, dəyəri 548,55 manat məbləğində hesablanmışdır, istehlakçının aktı imzalamaqdan imtina etməsi barədə PSO-nun nümayəndələri tərəfindən aktda müvafiq qeyd aparılmışdır. Hazırda abonentin hesabında 531,82 manat məbləğində borc yaranmışdır. Əlavə zəruri məlumatların təqdim olunması məqsədilə tərəflərindən “Azərişıq" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinə sorğu göndərilsə də pozuntunun aşkarlanmasını təsdiq edən sübutlar (foto və ya videoçəkiliş) təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı vardır. Həmin qərarda tələblər göstərilmişdir. Qərarın müvafiq bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin pozuntu aşkar olunmuşdursa video çəkiliş olmalı idi. Qeyd olunan mübahisələndirilən akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, vətəndaşın akta imza etməkdən nə səbəbə imtina etməsi barədə izahatları alınmamış, video çəkiliş edilməmişdır. Ona görə də həmin xx.xx.2024-cü il tarixli akt sübutu olmayan akt olduğundan tərəflərindən əsassız akt hesab edilmişdir. Bu barədə tərəfindən müvafiq rəy verilmişdir. Verdiyi rəyi tam təsdiq edir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən İstifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İddiaçının izahatı, şahid qismində dindirilmiş müvafiq rəy vermiş mütəxəssisin ifadəsi, mütəxəssis rəyi və digər və iş materialları ilə müəyyən olunmuşdur ki, enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən iddiaçıya məxsus olan ünvanda sayğaca baxış keçirilib akt tərtib edilərkən iddiaçı aktla razı olmayıb imza etməkdən imtina etməsinə baxmayaraq hal şahidlərinin iştirakı təmin olunmamış, akt tərtib edilərkən vətəndaşın akta imza etməkdən nə səbəbə imtina etməsi barədə izahatları alınmamış və bununla da “Elektrik enerjisindən istifadə Qaydaları”nın yuxarıda istinad olunan 8.33-cü bəndinin tələbləri pozulmaqla natamam akt tərtib olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qanunun tələbləri pozulmaqla tərtib olunmuş akt özlüyündə hüquqi əhəmiyyətə malik olan sənəd hesab edilə bilməz. Digər tərəfdən məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildə də İddiaçı məxsus ünvana dair eyni xarakterli akt tərtib etməklə abonent hesabına borc məbləği hesablamış, 2020-ci ildə İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı 486,26 manat borcun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Verilmiş iddia məhkəmədə araşdırılmış, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması sübuta yetirilmədiyindən və iddiaçı təşkilat bu halların əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1238/2021 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş və Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də məhkəmə digər sübutlarla yanaşı cavabdeh “"xxxx"” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı sayğaca müdaxilə etməsi və elektrik enerjisindən qanunsuz istifadə olunması halı ilə bağlı sonuncudan 486,26 manat pul tələb etdiyi mülki mübahisə üzrə məhkəmənin İddiaçı xeyrinə iddia tələbinin rədd edilməsi barədə yuxarıda istinad olunan qanuni qüvvəsini almış qətnaməsinin də mövcud olmasını nəzərə alaraq İddiaçı hazırki iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir. Məhkəmə araşdırması zamanı da İddiaçı tərəfindən yaşadığı ünvanda elektrik sayğacının giriş xəttindən mənzilə birbaşa kənar xətt çəkməklə elektrik enerjisindən qanunsuz istifadə olunması halı öz müəyyən edilməmiş və cavabdeh tərəf bunun əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci və 14.2.7-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən əsassız varlanmadan yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair əsaslı bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki məhkəmə tədqiqatında aparılmış ətraflı araşdırma zamanı məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulmaqla elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbində cavabdeh təşkilat tərəfindən ona əsassız olaraq hesablanmış 582,97 manat enerji sərfiyyatı məbləğinin abonent hesabından silinməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən müvafiq akt və digər hesablama sənələri əsasında iddiaçıya itirilmiş enerji sərfiyyatı olaraq 531,82 manat məbləğ hesablanmışdır. Odur ki, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş 14 may 2024-cü il tarixli, 335223 nömrəli akt və digər sənədlər əsasında İddiaçı yaşadığı ünvana itirilmiş işıq sərfiyyatı olaraq əsassız olaraq hesablanmış 531,82 manat məbləğ abonentin hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində ünvan 1i ərazisində yerləşən yaşayış evinə dair tərtib olunmuş 14 may 2024-cü il tarixli, 335223 nömrəli akt və digər sənədlər əsasında itirilmiş enerji sərfiyyatı olaraq hesablanmış 531.82 manat (beş yüz otuz bir manat səksən iki qəpik) məbləğində pul onun abonent hesabından silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar