Məhkəmə qərarları › İş №2(067)-356/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-356/2023

09.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-356/2023 09.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli 4ə-021456 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə azyaşlı uşaqlarına sosial yardım almaq üçün müraciət edərkən ona deyiblər ki, sənin adına torpaq sahəsi var, ona görə sənə sosial yardım düşmür. İddiaçı da həmin vaxt yanında yaşayan bacısı Cavabdeh 1 ha torpaq sahəsini bağışlama müqaviləsi yazmışdır ki, torpaq öz adından çıxsın sosial yardım alsın. Bu məqsədlə də o, Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsini bacısına bağışlama müqaviləsi yazır və gedib sosial yardım alır. Bağışlama müqaviləsi yazandan 5-6 gün sonra bacısı yoxa çıxır. Həmin vaxt bacısı boşanmışdı. Onu axtarıaşa verirlər. Sonra müəyyən olunur ki, o, evlənmək məqsədi ilə qaçıb və polisə müraciət olunaraq bacısının axtarışı dayandırılır. Ondan sonra bacısı başqa yerdə yaşayıb və iddiaçı onun yaşayış yerini bilməyib. İddiaçı ilə cavabdeh bacı qardaşdırlar. Onların ataları polis mayoru olub və suda boğularaq ölüb. İddiaçı fikirləşib ki, bacısı artıq evlənib, xoşbəxt olsun, ona görə bağışlama müqaviləsinin ləğvi üçün bacısını axtarmamaq qərarına gəlib. Bu hal 2011-ci ildən bu ilədək davam edib. Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsi yol olmayan, sulanmayan, yararsız torpaq sahəsi olub. Bacısı yoxa çıxandan 2-3 il sonra Bakı şəhərindən kimsə ətraf ərazidəki bütün torpaq sahələrini satın alıb və iddiaçıya da torpaq sahəsini satmasını təklif edib. İddiaçı da qeyri rəsmi həmin torpaq sahəsini satıb və deyib ki, “bacım tapılmır, ona görə sənədləşdirə bilmirəm”. Alan adam onunla razılaşıb. Sonra alıcı sahibkar torpağı əkib, biçib. 2011-ci ildə iddiaçı torpağı qeyri rəsmi olaraq satıb. O vaxt torpaqlar ucuz olub, indi bir az bahalaşıb. Sonra bacısını tapa bilmədiyinə görə vaxtında müraciət edə bilməyib, bacısını polisdə axtarıb. Sonra eşidib ki, bacısı ailə qurub, qaçıb. Ona görə iddiaçı bağışlama müqaviləsinin ləğvi ilə bağlı iddia verməyə imkan tapmayıb. İddiaçı fikirləşib ki, bacımdır da, neçəyə satacaq ki, torpağı, 5-6 min manata satacaq, ona görə bacısı ilə düşmən olmalı deyil ki. Ona görə bacısı tapılmadığına görə iddiaçı iddia verə bilməyib ya da ona deyə bilməyib ki, gəl müqaviləni ləğv edək. Məhkəmə vasitəsi ilə müqaviləni ləğv etməyə imkanı olmayıb. Bu yaxınlarda görüb ki, həmin torpaq sahəsinə kimlərsə gəlib baxır, almaq istəyir. Torpağı alan adam deyib ki, torpağa gəlib baxırlar. İddiaçı maraqlananda öyrənib ki, bacısının ərə getdiyi adamın yəqin borcu var, gəlir yeri axtarırlar, indi də torpağa ilişiblər ki, torpaq sahəsini satsınlar. İddiaçı deyib ki, topaq sahəsi mənimdir, müqavilə də formaldır, uydurma əqddir, başqa məqsəd üçün, sosial yardım almaq üçün bağışlama müqaviləsini yazmışdım, sonra ləğv eləmək üçün bacı yoxdur, tapılmır, bilmirəm harada yaşayır, ləğv eləmək üçün müraciət edə bilməyib. Torpaq sahəsinin bağışlanmasına dair müqavilə əslində uydurma müqavilədir, başqa məqsədlə, başqa müqaviləni pərdələmək üçün bağlanan əqddir. İddiaçi hesab edir ki, Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Xaçmaz rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli 4ə-021456 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2011-ci ildə sosial yardım almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmiş, lakin onun adında torpaq sahəsi olduğundan, ona sosial yardımın ödənilməsində imtina verimişdir. Dövlətdən sosial yardım almaq üçün, adında olan torpaq sahəsini bacısı Cavabdeh bağışlamışdır. Onu da qeyd edir ki, həmin müqavilə yalandan bağlanmışdır. Müqavilənin bağlanmasına əsas səbəb dövlətdən sosial yardım almaq idi. Hal-hazırda torpağın geri alınmasını istəyir. Suala cavab olaraq bildirmişdir ki, torpaq onun adından çıxandan 1 il sonra 4-5 il ərzində sosial müavinət almışdır. Hazırda sosial müavinət almadığı üçün torpağın geri qaytarılmasını istəyir. 4-5 il ərzində dövlətdən sosial müavinət kimi aldığı pulları dövlətə geri qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı əsl niyyəti bağışlama müqaviləsi bağlamaq olmayıb, sosial müavinət almaq üçün torpağı adından çıxarmaq olub. Buna görə də, 2011-ci ildə uydurma əqd bağlayaraq adında olan torpaq sahəsini bacısına bağışlamışdır. Hazırda sosial yardım almadığı üçün müqavilənin etibarsız hesab olunmasını istəyir ki, torpaq sahəsi özünə qaytarılsın. Məhkəmə iclasında Cavabdeh iddiaını qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 izahatında bildirmişdir ki, əqdin etibarsız hesab edilməsinin 4 ünsürü var, iradə ifadəsi, subyekt və digər ünsürlər lazımdır. Məlum oldu ki, tərəflər ikisi də notariusda iştirak ediblər. Deməli iradə ifadəsi pozulmayıb. tərəflər notariat kontoruna gedərək iradə ifadələrini bildirmişlər. İddiaçı müqaviləni özü imzalayıb. Ona qarşı notariusa gedərkən hər hansı bir təzyiq, təsir və zorakılıq olmayıb. Müqavilədə hər hansı bir başqa qeyd olmamışdır. Ona görə də, iddia tələbi əsassızdır. Bundan başqa, iddia müddəti də keçib. İddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışından və xx.xx.2011-ci il tarixli AA seriyalı 018591 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Pirquluoba kəndindəki 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Xaçmaz Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4ə-021456 reyestr saylı bağışlama müqaviləsindən müəyyən olunur ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışına əsasən ona məxsus olan Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1.0 torpaq sahəsini Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsinə tərəflər imza etmişlər. İş materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2022-ci il tarixli “iddia müddətinin tətbiqi” barədə ərizədən müəyyən olunur ki, o, məhkəmədən AR Mülki Məcəlləsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsində göstərilir ki, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Beləliklə də, qanunvericiliyin normalarından da müəyyən edilir ki, bağışlama müqaviləsi bağlanarkən hansısa bir şərtlə şərtləndirilə bilər. Lakin iş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə bağlanarkən şərtləşdirilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 673.1-ci maddəsində göstərilən hallara istinad etsə də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 108-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından göründüyü kimi, iş üzrə məhkəmə xərcləri yalnız iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarət olmuşdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək hesab edir ki, hazırda mübahisələndirilən əqd etibarsız əqd hesab olunmadığından Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinin tələbləri bu iddia tələbinə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar