Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-379/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğvi və akta əsasən yazılmış 539,28 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Köhnə-Xaçmaz kəndindəki ev ona məxsusdur. Komunal xərclər onun adına gəlir. Ona məxsus olan evdə sayğacdan kənar qaz xəttinə qoşulma barədə xx.xx.2018-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt yazaraq 539,28 manat cərimə ediblər. Onun kənar qaz xəttinə qoşulma etmədiyi barədə dəfələrlə ‘Azəriqaz” İB-nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar ona haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən imtina etmişlər. O, hər ay istifadə etdiyi qaz sərfiyatının ödəmiş, ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2018-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt əsassız yerə yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Qaz sayğacı küçədə yerləşir və qaz xətti küçədən keçir. Yaşadığı ərazi yeni planlardır. Həmin ərazidə evlər tikilərkən qonşunun qaz xətti olmadığı üçün qaz idarəsinin işçiləri qonşuya onun hasarının kənarından qaz xətti çəkmişdilər, sonra qonşu öz evinin qarşısındakı qaz xəttinə qoşulandan sonra hasarının kənarındakı qonşuya gedən qaz xətti işlək olmadan qalmışdır və qaz idarəsinin işçiləri qaz borusunun ağzını əyərək küçə xəttinin üzərində saxlamışlar. Dəfələrlə qaz idarəsinin əməkdaşlarına və küçəyə baxan nəzarətçilərinə müraciət edərək həmin turbanın qaynaqla kəsib bağlamalarını bildirsə də heç bir tədbir görmədilər. Uzun müddət qonşunun evinə gedən qaz borusu evinin qarşısındakı, küçə xəttinin üzərində qaldı. xx.xx.2018-ci il tarixdə o evdə olmayan zaman yeni gələn qaz idarəsinin işçiləri onun qaz xəttinə kanar qoşulma etdiyi barədə akt yazaraq əsassız cərimə etmişlər. Fəhlə işləməklə dolanır və əsassız yazılmış cəriməni ödəmək üçün heç vəsaiti də yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın duzgun işlədiyini həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər, heç bir əlavə istifadə olunmayıb. O, bu borcla bağlı “Azəriqaz” İB X8 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi cavabdehin əməkdaşları tərəfindən akt yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və mənim üçün əsassız borc hesablanmışdır. Halbuki o hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri var. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları, şahidlərin ifadələri, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin sayğacı açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının evinin yaxınlığından əsas qaz xətti keçir. İddiaçının qonşusu üçün həmin xətdən müvəqqəti xətt çəkilmişdir. Kənar qoşulma olduğu halda mütləq qaydada videoçəkiliş edilir, fotoşəkil çəkilir, lakin bunların heç biri edilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, müvəqqəti qoşulma barədə akt olmalı idi. İddiaçının rəsmi müraciəti kənar xətt aşkar olunandan sonra olmuşdur, buna qədər isə iddiaçı bildirmişdir ki, şifahi müraciətlər etmişdir. İddiaçının ərizəsi də cavablandırılmışdır. Əgər qonşuya xətt çəkilmişdirsə “Azəriqaz” İB bunu sənədləşdirərdi. İddianın təmin edilməməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «abonent sayğacdan kənar qaz xəttinə qoşulub» rəyi verilmişdir. -xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 539.28 manat borc (pul) hesablanmışdır. -xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı borcun silinməsi barədə “Azəriqaz” İstehsalat Birliyinə müraciət ünvanlamış, xx.xx.2023-cü il tarxili müraciətə baxılması haqqında məktubla “Azəriqaz” İB tərəfindən borcun silinməsindən imtina edilmişdir. -Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan müəyyən olunur ki, 2(067)-379/2024 №li mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə 05 dekabr 2023-cü il tarixli qərardad Məhkəmə ekspertizası Mərkəzinə 14 mart 2024-cü il tarixdə daxil olmuşdur. Qərardadda İddiaçı məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən yaşayış evinə quraşdırılmış sayğacdan kənar xəttin mövcud olub-olmaması sual qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə vəsatət verilmiş, lakin bu günədək təmin edilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəlki tarixlərdə qanunsuz (sayğacdankənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Məişət kommunikasiya xətlərinin və ya sayğacların üzərində hər hansı müdaxilə izinin olubolmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri ilə bağlı sualların həll edilməsi üçün məhkəmə trasoloji ekspertiza təyin edilə bilər. Qeyd edilir ki, kənar qoşulmanın mövcud olması faktı məhkəmə tərəfindən sübut olunarsa, mühəndis-texniki ekspertizası qarşısında qanunsuz (hesabat sayğacından keçməyən və ya müqavilədə nəzərdə tutulmayan) qoşulma yolu ilə sərfiyyatın müəyyən edilməsi barədə sual qoyula bilər. Bununla belə, bu cür suallar üzrə ekspert tərəfindən tədqiqat aparılması üçün qoşulmanın mövcud olduğu müddət, işlədicilərin növü, gücü, sayı, gündəlik istifadə rejimi barədə məlumatların ekspertizaya təqdim olunması zəruridir. Göstərilən səbəblərə görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar geri qaytarılır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən iddiaçıya məxsus ünvan 1i ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğacdan kənar qaz xəttinə qoşulması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 539.28 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.8-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.7-ci bəndinə nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. 4.9-cu bəndinə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavədə paylayıcın vəzifələrinə daxildir: 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.11. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq; Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir; 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflərin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan evdə qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. İddiçının kənar xətt quraşdırması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən kənar xətt quraşdırılması öz təsdiqini tapmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır, təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* №-li akt (xx.xx.2018-ci il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 539.28 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. Məhkəmə xərcləri cavabdeh “Azəriqaz” İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-379/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-379/2024
28.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver