Məhkəmə qərarları › İş №2(067)-42/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-42/2020

30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-42/2020 30.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlunun qanunsuz sahibliyindən 0,16 ha torpaq sahəsinin istifadəsinə qaytarılmaqla, torpaq sahəsinin Dövlət Aktında göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi və cavabdehdən 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X2 xx.xx.2001-ci il tarixli 01 nömrəli qərarı ilə ona və ailələrinin digər üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar 0,30 ha torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-0674 saylı 30213018 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Aktından da görünür ki, torpaq sahəsi 2 hissədən ibarətdir. Torpaq sahəsinin 0,14 ha hissəsi Qusarçay kəndi ərazisində, 16 sot torpaq sahəsi qonşu Xaçmaz rayonu Həsənqala kəndinə yaxın ərazisindən verilmişdir. Həmin 16 sot torpaq sahəsi Həsənqala kənd sakini cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlunun evinin, həyətyanı torpaq sahəsinin kənarında yerləşir. Həmin vaxt o, yanına gələrək xahiş etmişdir ki, müvəqqəti olaraq torpaq sahəsindən otlaq sahəsi kimi istifadə etmək istəyir. O da evindən xeyli aralıda yerləşməklə istifadə edə bilmədiyindən razılıq vermişdir. Xeyli vaxtdır ki, o cavabdehə təklif etmişdir ki, torpaq sahəsindən çəkilsin. Lakin o,ondan icazəsiz olaraq özbaşına ona məxsus torpaq sahəsində müxtəlif ağaclar əkmişdir. Hazırda da müxtəlif bəhanələrlə torpaq sahəsini özünə qaytarmaqdan yayınır. Cavabdehin özbaşnalığı nəticəsində əmlakından məhrum edilmiş və hər il götürə biləcəyi gəliri əlindən çıxmışdır. Ötən müddət ərzində öz torpaq sahəsindən ən azından 10000 manatdan artıq gəlir götürə bilərdi. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ötən müddət ərzində cavabdeh ona 40 manat pul vermişdir. Həmin torpaq sahəsinin vergilərinidə o ödəyir. Dəfələrlə xəbərdarlıq etməsinə, torpaq sahəsini özünə qaytarması üçün müraciət etməsinə baxmayaraq cavabdeh torpaq sahəsini ona qaytarmaqdan yayınır. Göstərilənlərə əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 10/381 saylı rəyini nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabvdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0674 seriyalı 30213018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon X2 xx.xx.2001-ci il tarixli 01 saylı qərarına əsasən İddiaçı, X7, X6, X5 və X1 paylı mülkiyyətinə Xaçmaz rayonu Qusarçay kəndi ərazisindən 0.30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qusarçay kənd Bələdiyyəsinin tədiyyə bildirişlərindən müəyyən olunur ki, Əsədov Bəhram Mövlud oğluna həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi və əmlak üzrə vergilər hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 10/381 saylı rəyindən müəyyən olunur ki, JN-0674 seriyalı 30213018 kodlu Dövlət Aktına əsasən İddiaçı məxsus olan Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.1564 ha hissəsi Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşir və həmin 0.1564 ha torpaq sahəsinin 0.1552 ha hissəsindən cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlu tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İş məhkəmə tərəfindən araşdırılmış hallarından JN-0674 seriyalı 30213018 kodlu Dövlət Aktına əsasən İddiaçı məxsus olan Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.1564 ha hissəsinin Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşdiyi və həmin 0.1564 ha torpaq sahəsinin 0.1552 ha hissəsindən cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlu tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, JN- 0674 seriyalı 30213018 kodlu Dövlət Aktına əsasən İddiaçı məxsus olan Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.1552 ha hissəsindən cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlu çıxarılmalı, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 0.1552 ha hissəsi iddiaçının istifadəsinə qaytarılmalı, torpaq sahəsinin Dövlət Aktında göstərilən cizgilər daxilində tamlığı bərpa edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı tərəfindən cavabdehinm qanunsuz hərəkətləri nəticəsində ona 10000 (on min) manat maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia maddi ziyanın ödənilməsinə dair hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlundanİddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. JN-0674 seriyalı 30213018 kodlu Dövlət Aktına əsasən İddiaçı məxsus olan Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.1552 ha hissəsindən cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlu çıxarılsın və həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 0.1552 ha hissəsi iddiaçının istifadəsinə qaytarılmaqla, torpaq sahəsinin Dövlət Aktında göstərilən cizgilər daxilində tamlığı bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Nəbiyev Adgözəl Sədrəddin oğlundanİddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar