Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-42/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04.11.1949-cu ildə Quba rayonunun Xaltan kəndində anadan olmuş X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 04.11.1949-cu ildə Quba rayonunun Xaltan kəndində anadan olmuş X1 “Şizofreniya paranoid forma” diaqnozu ilə müddətsiz İİ qrup əlildir və əməyə qadir deyildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, evdə qışqırıq - haray salır, evdəki sənədlərin yerini dəyişir, itirir, tapa bilmədikdə isə həddindən çox əsəbləşir və belə vəziyyətdə onu güclə sakitləşdirirlər. Hətta 2012-ci ildə pensiya kartını itirdiyinə və ya kiməsə verdiyinə görə 7 ay ərzində pensiya ala bilməmişlər. Pensiyanı başqa şəxs almışdır. Bir sözlə çox ağır psixoloci durumdadır. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Onun yeganəövladı kimi pensiyasını almağa və digər sənədlərini düzəltmək üçün hazırki ərizəyə ehtiyac vardır. 15 saylı TSEK-nın verdiyi müayinə aktında 1388 saylı 22.05.2006-cı il tarixli aktından görünür ki, X6 “Şizofreniya paranoid forma” diaqnozu ilə müddətsiz İİ qrup əlildir. X1, atası X8 ilə rəsmi nikahda olmuş və 1980-ci ildə boşandıqdan sonra yenidən Əkbərova soyadına qayıtmışdır. Qeyd olunanlarla əlaqədar ərizəçi məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ-T seriyalı 125951 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1970-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X8, anası X2r. İş materiallarında olan AZ-İ seriyalı 339365 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X5 arasındakı rəsmi nikah qeydi 01.07.1980-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra X3 “Əkbərova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının 22.05.2006-cı il tarixli arayışından müəyyən olunur ki, 04.11.1949cu il təvəllüdlü X6 müddətsiz olaraq İİ dərəcəli əlillik müəyyən edilməklə xəstəyə “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin 13.09.2021-ci il tarixli 2944 saylı rəyindən müəyyən olunur ki, 04.11.1949-cu ildə Quba rayonunun Xaltan kəndində anadan olmuş X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyildir. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan 11.12.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 04.11.1949-cu ildə Quba rayonunun Xaltan kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 04.11.1949-cu ildə Quba rayonunun Xaltan kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-42/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-42/2021
10.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver