Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-43/2024 23.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinin tikintisinə çəkilən xərclərə görə kompensasiyanın verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən fərdi yaşayış evinə birgə təsərrüfat səyləri nəticəsində çəkilən xərclərə görə cavabdeh tərəfindən 30000 manat məbləğində kompensasiyanın natura formasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ilin 18 iyun ayından qeyri-rəsmi nikahla Cavabdeh ilə ailə qurmuş, faktiki ailə münasibətləri 30 mart 2022-ci il tarixədək davam etdirmişlər. Ailə qurandan sonra xx.xx.2001-ci il təvəllüdlü Məlikova Çimnaz və xx.xx.2006-ci il təvəllüdlü Məlikov Əli adlı övladları dünyaya gəlib. X4 İ qrup əlildir, mütəmadi baxım və nəzarətə ehtiyacı var. xx.xx.2004-cü il tarixində birgə yaşadıqları Qobuqıraq kəndində yerləşən torpaq sahəsi onun şəxsi vəsaiti ilə alınıb, evin uzun müddətli tikintisi birgə səyləri nümayiş etdirməklə inşa edilmişdir. Həmin evdə birgə ailə təsərrüfatı idarə etmişlər. Cavabdehlə ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz hesab edilir, gender əsaslı zorakılığa məruz qalır, xəstə qızının həmin evdə dinc şərait olmadığı üçün yaşaması onun səhhətinə olduqca mənfi təsir edir. Hal-hazırda çox çətin şəraitdə və maddi ehtiyaclarla üzləşərək sosial-maddi ehtiyaclarını ödəyirlər. Cavabdeh tərəfindən onlara heç bir maddi dəstək göstərilmir. Belə ki, cavabdehə tərəfindən təklif edilmişdir ki, yaşadıqları fərdi yaşayış evini satsın və aralarında əldə edilən vəsait bölünərək onlar da evlə təmin edilsinlər. Lakin bu yönəlik tərəfindən heç bir addım atmır. Cavabdehlə bir evdə yaşamağı qeyri-mümkündür. Mediasiya prosesində iştirak edən cavabdeh özü də etiraf etmişdir ki, onun vəsaiti hesabına hazırda yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq bələdiyyə mülkiyyətindən alqı-satqı müqaviləsi əsasında əldə edilib, evin yaşayışa hazır olanadək birgə səy və xərcləri hesabına tikilməsi faktını da könüllü olaraq etiraf etmişdir. Hal-hazırda həmin yaşayış evinin bu günün bazar qiymətləri ilə dəyərləndirilsə minimum 60000 manatdır. Ona görə də hesab edir ki, həmin evin cavabdehin tam istifadəsində və sahibliyində qalmasına mütənasib olaraq ona 30000 manat kompensassiya məbləği tərəfindən ödənilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə rəsmi nikahı yoxdur, onun kəbinli arvadı olmuşdur. Cavabdehlə 2000-ci ildə evlənmişlər. 2001-ci ildə qızı, 2006-cı ildə oğlu anadan olmuşdur. 2022-ci ilin mart ayından cavabdehlə ayrıdırlar. Onların bir yerdə yaşamaqları mümkün deyil. Hazırda o uşaqları ilə birlikdə həmin evdə yaşayır, ev hazırda onun sərəncamındadır. Cavabdeh hazırda həmin evdə yaşamır, o anasi ilə qalır və ona anası baxır. Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən evə 2023-cü ildə qiymət qoyulub və evin satılıb bölünməsi tövsiyə olunub. Evin satılmasını və pulu cavabdehlə aralarında bölünməsini istəyir. Ekspert tərəfindən təkcə evə qiymət qoyulmuşdur, lakin evin torpaq sahəsi var, orada tikili var, onlar ölçülməmişdir, onlara da qiymət qoyulmalıdır, çünki ev satılsa onlarla birlikdə satılacaq. Cavabdehlə onun arasında rəsmi nikah bağlanmayıb, onlar yalnız kəbin kəsdirməklə faktiki nikah münasibətlərində yaşayıblar. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evi oğlu Cavabdeh tikmişdir. Onun birinci nikahdan olan 1 nəfər qızı da var. Evi satmaq istəyirsə oğlunun həmin qızı da nəzərə alınmalıdır. Həmin qızın 30 yaşı var, onun torpaq sahəsi də satılıb bu evin üzərinə qoyulub. Oğlu xəstədir. İddiaçı evin satılmasını istəyirsə, evdən çıxsın, müştəri tapılan kimi evi satsınlar. Evdə yaşayış olanda heç kim evi alan deyil. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil göstərmişdir ki, ümumiyyətlə birinci dəfə də lüzumsuz yerə ekspertiza keçirilmişdir. Cavabdeh mənə bildirmişdir ki, evi o tikib və iddiaçını da evdən qovmayıb. İddiaçı özü evdən çıxıb gedib, sonradan evə qayıdıb və cavabdehi evdən qovub çıxarmışdır. Cavabdeh bildirmişdir ki, evi satmaq fikri yoxdur, bütün zəhmətini həmin evə qoyub, orada da ölmək istəyir. Cavabdeh deyir iddiaçını evdən qovmamış və onun gəlib həmin evdə yaşamasına etiraz etmir. İddiaçı özü qayıdıb evdə yaşayır və cavabdehi evdən qovmuşdur. Ümumiyyətlə iddiaçı cavabdehlə rəsmi nikahda olmayıb, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir. İddiaçının bildirdiyinə görə birgə nikah dövründə cavabdehlə birlikdə Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən torpaq sahəsində tikdirdikləri ev birgə nikah dövründə tikilmişdir. Qeyd olunanlara əsasən də, həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab olunduğundan aralarında bölünməlidir. Cavabdeh tərəfin bildirdiyinə görə isə iddia ərizəsində qeyd olunan torpaq sahəsində tikilən evi cavabdeh tikdiyindən onların ümumi birgə mülkiyyəti hesab olunmamalıdır. Ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmadığından, ümumi birgə mülkiyyətdə söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Qeyd olunan hüquq normalarından da göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri gəlirlər, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti sayılır, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, lakin məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İş materialları və tərəflərin izahatlarından isə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında heç vaxt rəsmi nikah münasibətləri olmayıb, belə olan halda isə, birgə nikah dövründə əldə olunmuş və birgə təsərrüfat nəticəsində xərclənmiş pulların bölünməsi barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış evinin tikintisinə çəkilən xərclərə görə kompensasiyanın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-43/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-43/2024
23.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver